Rəfail Tağızadə – Bu gün sənin müdafiə günündür.

Bu gün sənin müdafiə günündür

Özümü qoruya bilmədiyim bu dünyada səni necə qoruyum, bala. 
Mən səni kimlərdən qoruyum?
Bunların hansından qoruyum səni:
Hələ dünyaya gəlməmiş səni bətnində boğanlardanmı?
Səni küçələrdə dilənməyə məcbur edənlərdənmi?
Yaddaşına bir millət, bir xalq haqqında düşmən toxumu səpənlərdənmi?
Hələ dil açmayan səni süngüyə keçirənlərdənmi?
Gözünün qabağında ananı öldürənlərdənmi?
Uşaqları gəzdirən avtobusu güllə-boran edənlərdənmi?
Dinc əhali yaşayan binaları, uşaq bağçalarını bombalayanlardanmı?
Uşaqları atasız-anasız, ata-anaları uşaqsız qoyanlardanmı?
Bunlar o qədər çox ki, bala. 
Sənin oynadığın bağçanı, bağı, parkı sökdürüb yerində restoran tikənlərdənmi?
Sənin istədiyini ala biməyən işsiz atanı utandıranlardanmı?
Hələ nə deyəcəyin, nə edəcəyin bəlli olmayan sənə indidən fərq qoyanlardanmı?  
Elm inkişaf etdikcə, sifarişi və sərmayəni sənə bilik və sağlamlıq gətirəcək təhsilə, səhiyyəyə, ekologiyaya yox, ancaq insanlara və dünyaya ölüm gətirən silahlanmaya qoyanlardanmı?.. 
Əsirlikdə doğulan, gələcəyi müəmmalı olan səni necə qoruyum?..
Birdimi, beşdimi? Hansından qoruyum səni?
Bu həyatda yaşamaq o qədər çətin ki, bala!
Mən indiyədək sənin haqqını qoruya bilmədim. Çalış bundan sonra haqqını özün qoru. 
Bu gün sənin Bayramındır.
Sənin müdafiə günündür.
Mənim müdafiəsiz, balam.
“Sən bizim gələcəyimizsən”- deyib, yenə səninlə bəşəriyyətin gələcəyinə ümidliyəm. 
Sənin düşüncənin, həyata baxışının fərqli olacağına inanıram.
Sən sevgisi çatmayan dünyanı təmiz qəlbinlə, sevginlə, istəyinlə dəyişəcəksən. Gözəlləşdirəcəksən. Bir təmiz dünya yaradacaqsan.
O saf qəlbinə, təmiz beyninə çirkli şeyləri yaxın buraxma, bala…
                                                       

1 iyun – sənin uşaq bayramına
(oğluma)

Mənim bir çantam vardı,
üstündəki it şəklini sevərdin.
Mənim bir çantam vardı,
onu dartıb sürüməyi sevərdin.
Mənim bir çantam vardı,
sən onu öz yerində görməyi sevərdin.
Mənim bir çantam vardı,
ciblərini açıb-bağlamağı sevərdin,
içindəkilərə baxmağı sevərdin.
Mənim bir çantam vardı
sən orda olmayanları
yerinə qoymağı sevərdin.
Mənim bir çantam vardı,
mən o çantanı sən içində olanda
daşımağı sevərdim,
sevinərdin.
Mənim bir çantam vardı…

                                                 

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü!

Uşaqlar

Ömrümüzə ətir saçan çiçəklər,
Sabahlara ümid verən diləklər,
Yer üzündə qəlbi təmiz mələklər,
Uşaqlardır! Uşaqlardır! Uşaqlar!

Hər fəsildə ruhumuzun baharı,
Bir gülüşü könüllərin açarı,
Dünyanın əvəzsiz sərvəti, varı,
Uşaqlardır! Uşaqlardır! Uşaqlar!

Günəş kimi parıldayıb hərarət,
Daim yayan ürəyindən məhəbbət,
Könüllərə bəxş eyləyən səadət,
Uşaqlardır! Uşaqlardır! Uşaqlar!

Camal, dünyamızın sevinc telləri,
Ətirli, qoxulu, solmaz gülləri,
Sevginin sarılan dürüst əlləri,
Uşaqlardır! Uşaqlardır! Uşaqlar!
01.06.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Rəsm kimi adam…

Rəsm kimi adam…

Mən onu həyatda görməmişəm. Amma hər dəfə şəkli qarşıma çıxanda necə gözəl olduğundan zövq almışam. Sanki o, Allahın öz fırçası ilə yaratdığı gözəl bir rəsmdir. Söhbət şair-yazıçı Təranə Məmməddən gedir…

Əliyeva Təranə Məmməd qızı 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. Bir neçə şeir və nəsr kitablarının müəllifidir…

Şair, publisist Zaur Ustac onun barəsində yazır:

“Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.”

Zaur Ustac daha sonra qeyd edir:

“Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür…”

Bəli, iyunun 1-i bu gözəl xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Hörmətlə: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Hekayə.

Uşaq yaddaşı

Hekayə

Uşaq yaddaşı çox iti olur. Bəzən böyüklərin o qədər də əhəmiyyət vermədiyi hadisələr uşaqların yadında qalır və onlar həmin hadisələri xatirəyə çevirib əbədi yaddaşlarında saxlayırlar. Hətta uşaqlıq xatirələri onların insan kimi formalaşmasında müəyyən rol da oynaya bilir.
O, orta məktəbi çoxdan bitirib.Məktəb illərinə, məktəblə bağlı sentemental xatirələrə o qədər də bağlı insan deyil. Həyat başını elə qatıb ki, keçmişə qayıdıb romantik xəyallara dalmağa heç vaxtı da olmur. Universitet, ailə, uşaq və nəhayət iş- bütün bunlar onun məktəb illərindən sonraki həyatının əsasını təşkil edir.
Oxuduğu məktəb şəhərin mərkəz küçələrindən birində yerləşirdi. Şəhərin ən səviyyəli məktəblərindən biri hesab edilən bu bilik ocağını bitirdikdən sonra həmin illərlə həmişəlik vidalaşıb həyatına davam edirdi. İndi ona zəngin xanım da demək olar. Son illər maddi durumu çox yaxşı idi. Çalışdığı şirkətdən aldığı əmək haqqı da yüksək idi.
Keçmiş məktəb illərindən yadında qalan cəmi iki nəfər var idi. İlk müəllimini və ona dərs deyən müəllimlərin çoxunu hörmətlə xatırlayırdı, lakin məhz o iki adam onun yaddaşına məktəb illərinin ən təmiz, ən saf insanları kimi həkk olunmuşdu. Bu insanlardan biri məktəbin qapıçısı Həmzə, digəri Tutu adlı xadimə idi.
Həmzə kasıb, yaşlı insan idi. Əyninə həmişə nimdaş geyim geyinərdi. Ayaqqabıları ayağına ən azı bir ölçü böyük olardı. Məktəbin direktoru xüsusi hörmətlə yanaşardı Həmzəyə və onun məktəbdə vacib,məsuliyyətli işlə məşğul olduğunu xüsusi qeyd edərdi. Həmzə də gözlərini qıyıb başını bir qədər irəli verib baxar və özünü dünyanın ən xoşbəxti hiss edərdi.
Həmzə uşaqları çox sevirdi. Hər birinə öz dogma nəvəsi kimi yanaşırdı. Yuxarı sinif şagirdləri ona siqaret alar, bəzən cibinə pul qoyardılar. Həmzənin bir xasiyyəti valideyinlər və məktəb direktoru tərəfindən xüsusilə dəyərləndirilirdi.O, zəng olmamış heç kimə məktəbdən kənara çıxmağa içazə vermirdi. Şagirdlər hərdən onun başını qatıb aradan çıxmaq istədikdə, Həmzə gülümsəyir və sakitcə “Görürəm haa!” deyib qapını əlləriylə bərk-bərk tutardı.
Həmzənin daimi həmsöhbəti məktəbin xadiməsi Tutu yaşlı qadın idi. Əslində Tutu o qədər də təmizkar biri olmadığını hamı billirdi, lakin onu işdən kənarlaşdırmaq haqda heç kim düşünmürdü. Üst-başının kiri bilinməsin deyə həmişə qara paltar geyinərdi. Lakin bu kök, yaraşıqsız qadınnin gülər üzü onun bütün mənfi cəhətlərini üstələyirdi. Tutu çox mehriban və əliaçıq qadın idi. O da Həmzə kimi uşaqları çox sevirdi. Bəlkə də özü heç vaxt ana olmadığından onun uşaqlara xüsusi münasibəti var idi. Tutu məktəbə yaxın yaşayırdı. Yaşadığı yerə heç mənzil də demək olmazdı. Bir otaqlı qaranlıq, təmirsiz, cəmi bir çarpayı zorla yerləşən kiçik daxma idi onun evi. Ancaq Tutu həmişə öz mənzili haqda fəxrlə danışar və gözlərini süzdürərək xüsusi qeyd edərdi ki, Bakının mərkəz küçələrindən birində yaşayır. Ata -babasından qalmış bu kiçik daxmanı ən gözəl məkan hesab edirdi qadın. Tutu heç vaxt ərdə olmamış, ömrünü tək tənha yaşamışdı.
Dərs vaxtı dəhlizdə heç kim olmayanda Tutuyla Həmzə girişdə oturub söhbət edərdilər. Söhbətin məzmunu çoxlarına aydın olmasa da hamı bu iki kasıb,miskin insanın mehriban, xoş söhbətinə, sadə zarafatlarına qibtə edərdi.

O, bir zaman oxuduğu həmin şəhər məktəbinin yanından keçib rəfiqəsigilə qonaq gedirdi. Məktəbdən bir qədər aralı yerləşən dar, dolayı küçələrdən keçirdi yolu. Köhnə, rəngi solmuş,uzun illərin şahidi olan qapılardan birinin qarşısında qara paltarlı qoca qadın oturmuşdu. Əlləriylə başındakı qara şalını düzəldib yerini rahatlayan bu qadını dərhal tanıdı. Bu Tutu idi.
Kənardan durub qoca, haldan düşmüş, lakin üzündə elə həmişəki təbəssümü canlanan bu qadına baxdıqca məktəb illəri, uşaqlığı, müəllimləri, Həmzəylə Tutunun söhbəti- hər şey gözlərinin önündən kino lenti kimi keçdi…
Bir gün anası dalınca gec gəlmişdi. İşdə yubanmışdı.O, çox ac idi. Dəhlizdə dayanıb anasını gözləyirdi.Tutu ağ dəsmala bükülmüş balaca bir qoğalı açıb əliylə iki yerə böldü.
Tutu çox kasıb yaşayır, aldığı əmək haqqı onun yeməyini ancaq görürdü. Ona görə həmişə evdən gətirdiyi yeməyi göz bəbəyi kimi qoruyub kiçik hissələrə bölüb yeyərdi. Bu gün nahara həmin qoğalı gətirmişdi.Tutu indicə böldüyü qoğalı ağzına aparmaq istəyirdi ki, birdən kənarda dayanan balaca qızın gözlərininin ona dikildiyini gördü və :

  • Sən niyə burdasan? Anan gəlməyib? Gəl bura görüm,- dedi
    Bayaqdan həsrətlə qadının əlindəki qoğala baxa- baxa qızçığaz Tutuya yaxınlaşdı.
    Tutu əlindəki qoğalın yarısını qıza uzadıb:
  • Al! Ye! İndi anan gələr,- dedi
    Qız ömründə qoğal görməmiş kimi əlini uzadıb qoğalı götürdü və ağzına apardı. O, qoğalı elə həvəslə yeyirdi ki, Tutu qoğalın ikinci yarısını da yeməyib gözlədi. Sonra onu da uşağa uzadıb:
  • Al bunu da. Acsan deyəsən,- dedi
    Qız qoğalı alıb iştahla yedi.
    Tutu uşağın əllərini dəsmalla sildı və gülə-gülə ona baxıb:
  • Nə yaxşı qızsan sən. İndi anan gələr. Darıxma,- dedi.
    O gün Tutu ac qaldı, çünki cəmi bircə qoğalı var idi onu da qıza verdi. Tutu həmin qöğalı özü yeməyib heç də kasıb olmayan bir uşağa verdi. Ozü isə o gün ac qaldı.
    Bir zaman Tutunun əlindən qoğalı alıb iştahla yeyən qız indi qarşısında oturan qarapaltarlı qoca qadına baxdıqca uşaqlıqda həmin bu qadının ona verdiyi və ömrü boyu ləzzətini unutmadığı qöğalı xatırladı və sanki həmin qoğalın ətrini duydu. Bu Tutudur! İlahi, Tutu! Necə qocalıb ! Bu yazıq tənha qadın necə yaşayır görəsən? Bəlkə də xəstədir?!- deyə düşündü.
    O, asta addımlarla qoça qadına yaxınlaşıb onun arıq, göyərmiş əllərindən tutdu:
  • Tutu!
    Qadın başını qaldırıb ona baxdı və
  • Sən kimsən?- deyə soruşdu.
  • Tutu, necəsən? Necə yaşayırsan?Nə var, nə yox?- deyə bir neçə sualı birdən verdi.
  • Yaxşıyam. Sağ ol, – deyə Tutu gülümsədi.
  • Bəs Həmzədən xəbərin varmı?- soruşdu.
  • Həmzə çoxdan vəfat edib, qızım. Sən onu hardan tanıyırsan?
    O, heç nə demədən əlini çantasına atıb ordan xeyli pul çıxartdı və Tutunun ovcuna qoydu.
  • Tutu, götür bu pulu , xərcləyərsən, – dedi.
    Tutu pulu əlində bərk sıxıb saxladı. Sonra sanki onun üçün göydən enmiş mələyə baxıb:
  • Allah, köməyin olsun, bala. Bu qədər pulu götürə bilmərəm. Mən heç səni tanımıram axı,- deyə qadın etiraz etdi.
  • Götür, Tutu. Mən ki, səni tanıyıram. Götür!- deyib pulu qadına verdi.
  • Çox sağ ol, bala,dərman alaram bu pula. Çox sağ ol.
    Tutudan ayrılıb yoluna davam etdi. Uşaqlıq xatirələri, indi gördüyü yaşlı xəstə qadın- bütün bunlar onu birdən-birə çox sarsıtmışdı.O, gözlərinin yaşını silə-silə yolu keçib rəfiqəsigilə yollandı. Yol boyu “Niyə bu günə kimi heç vaxt onun necə yaşadığıyla maraqlanmamışam? Görəsən tək mən belə laqeyidəm,yoxsa hamı belədir?Qayğılar, problemlər insanlarlı kobudlaşdırır, laqeyid olmağa vadar edir. Amma … nə yaxşı gördüm Tutunu. Bundan sonra hərdən ona dərman almağa pul verərəm,” – deyə düşündü.
    Bu əhvalatdan düz bir həftə sonra maşınını bir qədər kənarda saxlayıb sevinə-sevinə o, yenəTutunun evinin qarşısına gəldi. Marketdən Tutu üçün xeyli ərzaq və bir neçə isti qoğal almışdı. Ona elə gəlirdi ki, qadın qoğallara çox sevinəcək.Tutunun mənzilinə yaxınlaşıb qapını açmaq istədikdə həyətdə dayanan yaşlı bir kişi ona baxıb:
  • Tutunu axtarırsan? – deyə soruşdu.
  • Bəli. Həmişə burda otururdu. Bu gün yoxdur.
  • Daha oturmayacaq. Bir həftə olar ki, köcüb burdan.
  • Hara köçüb?
  • Bizim yaşımızda hara köçürlər, qızım? O dünyaya,- deyə kişi zarafat etdi.
    O, duruxub qaldı. Əlindəki ərzaq paketini qoca kişiyə uzadıb:
  • Xahiş edirəm, bunları götürün məndən. Tutuya bazarlıq etmişdim.
  • Deməli mənim qismətimmiş . Götürərəm. Yaxşı adama oxşayırsan. Hardan tanıyırsan Tutunu?- deyə kişi söhbətə davam etmək istədi.
    O, kişiyə cavab vermədən sağollaşıb getdi.
    Kənardan oxuduğu məktəbin binasına xeyli baxdı. Yaddaşında qalanların hamısını bir daha xatırladı. Sonra “Allah sənə rəhmət eləsin, Tutu, nur içində yat , Həmzə!”- deyib maşınına oturdu.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfərin yeni şeirləri

Qəlbin buludu

İnsanı geriyə salar xəbərsiz,
Mənəm-mənəm demək, qürur bəsləmək.
Düşüncə, idrakdan olar xəbərsiz,
Eyib yetişdirmək qüsur bəsləmək.

Yerləşər ürəkdə, insan canında,
Təkəbbür zirvəsi, uca mən dağı.
Səadət Günəşi doğar anında,
Fəth etsə dəyişər qəlbin otağı.

Yola yoldaş olmur, sirrinə sirdaş,
Olarsa könüldə mənlik sədası.
Dostluq da yarımçıq olar, ay qardaş!
Düşərsə ürəyə mənlik bəlası.

Camal, mən hissini buda ürəkdə,
Sarmasın ruhunu sarmaşıq kimi.
Olmasın yaxşıyla bu da ürəkdə,
Olsun könül bağın yaraşıq kimi.
12.05.2024.

Tükənməz sərvət

Qüvvət vardır mənasında, sözündə,
Aydınlıq yolunun özüdür elm!
Açılar qapılar elmin izində,
İşıqlı tərəfin üzüdür elm!

Cahilə yad gələr, kamilə tanış,
Elmin pillələri, elmin qatları.
Olarsa elmdən qəlbdə oyanış,
Bağlanar beyində cahil çatları.

Neçə hədəflərdən üstün cəhəti,
Saxlayar özündə daşıyar elm!
Tükənsə mülkiyyət, bitsə sərvəti,
İnsandan sonra da yaşayar elm!

Camal, həyatında varsa fürsətin,
Oxumaq, öyrənmək marağın olsun!
Elmin dəyərini artır qiymətin,
Elmdən pay almaq sorağın olsun!
14.05.2024.

Can Azərbaycan!

Zirvələrdə məğrur olan bayrağın,
Zəfər nişanıdır, can Azərbaycan!
Şəhidlər qanına şahid torpağın,
Sevgi ünvanıdır, can Azərbaycan!

Olsun Müstəqillik Günün əbədi,
Azadsan cahanda, can Azərbaycan!
Oldun zəfərlərin vahid məskəni,
Murada çatanda, can Azərbaycan!

Açsın hər qarışda sevgi güllərin,
Can deyib səsləsin, can Azərbaycan!
Səadət içində keçsin illərin,
Sevinci bəsləsin, can Azərbaycan!

Camalın həyatı, hər bir anında,
Qəlbidir səs salan: can Azərbaycan!
Ürək döyüntünü vurur canında,
Canıma can olan: can Azərbaycan!
28.05.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru