Camal Cəfərin yeni şeirləri

Qəlbin buludu

İnsanı geriyə salar xəbərsiz,
Mənəm-mənəm demək, qürur bəsləmək.
Düşüncə, idrakdan olar xəbərsiz,
Eyib yetişdirmək qüsur bəsləmək.

Yerləşər ürəkdə, insan canında,
Təkəbbür zirvəsi, uca mən dağı.
Səadət Günəşi doğar anında,
Fəth etsə dəyişər qəlbin otağı.

Yola yoldaş olmur, sirrinə sirdaş,
Olarsa könüldə mənlik sədası.
Dostluq da yarımçıq olar, ay qardaş!
Düşərsə ürəyə mənlik bəlası.

Camal, mən hissini buda ürəkdə,
Sarmasın ruhunu sarmaşıq kimi.
Olmasın yaxşıyla bu da ürəkdə,
Olsun könül bağın yaraşıq kimi.
12.05.2024.

Tükənməz sərvət

Qüvvət vardır mənasında, sözündə,
Aydınlıq yolunun özüdür elm!
Açılar qapılar elmin izində,
İşıqlı tərəfin üzüdür elm!

Cahilə yad gələr, kamilə tanış,
Elmin pillələri, elmin qatları.
Olarsa elmdən qəlbdə oyanış,
Bağlanar beyində cahil çatları.

Neçə hədəflərdən üstün cəhəti,
Saxlayar özündə daşıyar elm!
Tükənsə mülkiyyət, bitsə sərvəti,
İnsandan sonra da yaşayar elm!

Camal, həyatında varsa fürsətin,
Oxumaq, öyrənmək marağın olsun!
Elmin dəyərini artır qiymətin,
Elmdən pay almaq sorağın olsun!
14.05.2024.

Can Azərbaycan!

Zirvələrdə məğrur olan bayrağın,
Zəfər nişanıdır, can Azərbaycan!
Şəhidlər qanına şahid torpağın,
Sevgi ünvanıdır, can Azərbaycan!

Olsun Müstəqillik Günün əbədi,
Azadsan cahanda, can Azərbaycan!
Oldun zəfərlərin vahid məskəni,
Murada çatanda, can Azərbaycan!

Açsın hər qarışda sevgi güllərin,
Can deyib səsləsin, can Azərbaycan!
Səadət içində keçsin illərin,
Sevinci bəsləsin, can Azərbaycan!

Camalın həyatı, hər bir anında,
Qəlbidir səs salan: can Azərbaycan!
Ürək döyüntünü vurur canında,
Canıma can olan: can Azərbaycan!
28.05.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir