Mən keçmişi sevirəm, dost. Keçmiş -yolun əks işarəsi. Qarşıda yol polisi Tənzimləyir meqapolisi. Ömrümün piyada keçidi hardadır? Keçmək istəyirəm keçmişə. Getdikcə Həyat bahalaşır keçmiş ucuzlaşır. Keçmiş pula getmir Qalıb piştaxtada. Mən özüm şahidəm. Zibilliyə atılmış bir boşqab qırığı Sınmış təbəssümdür. Bir boşqab keçmiş çək, acmışam… Boşalmış rezin top Boşalmış dünyadır. Dərisinə sığınıb. Qırılmış patefon səssizcə oxuyur, Quşlar dimdikləyir səsini. Elə mən özüm də köhnəyəm Ağ-qara yuxuyam. Mən keçmişi sevirəm, dost. “Vasmoy” bazarında köhnə əşya satan Kişi tərifləyir keçmişi. Masanın üstündə əlüstü, Köhnələrdən qalma Hər şey satır kişi. Bəlkə, xırdan ola? Almaq istəyirəm keçmişi. Keçmiş xatırladır: Bu dünya bir heçdi… Yolun kənarında bir yovşan Ətrini burnuna çəkərək Hönkürüb ağlayır: Burdan bir köç keçdi…köç keçdi. Mən keçmişi sevirəm, dost. Bütün gedişlərin vağzalı mənəm, Bütün qatarları qarşılayıram. Keçmişə aparan taksilər Görəsən, neçəyə aparar? Ünvanı bilirəm. Darıxdığın yerdən keçir Bütün ayrılıqlar. Mən keçmişi sevirəm, dost Köklü ağac kimi… Torpağa bağlıyam. Məktub gözləyirəm bir yarpaq.
VAQİF SƏMƏDOĞLU – Xalq şairi, yazıçı-dramaturq, ictimai xadim
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Ey, uzaq yaşıl adanın sakini. Ayrılığı aramıza salan qos-qoca dəniz var aramızda.Orada yerişiniz necədir, Vaqif müəllim? Orada gülüşünüz necədir? Dənizin səsi günbəgün batırmı? Quşların səsini susdura bilirsizmi? O yaşıl adadan buralar ağ-qara görünürmü? Bir xanım qarşısında diz çökəcək qədər ucalığınız qalıbmı? Oradan bizim tərəflər necə görünür? Deyəsən, suallarım çox oldu.Elə burada da sualların çox, cavabların az olduğundan giley-güzar edərdiniz.Odur ki, kəsə soruşacam: O yaşıl adadan qayıdıb əvvəlkitək sevərsizmi bizim dünyanı, 39-da doğulub, 37-də tutulmaqla aranız necədir? Bu günə dönüb “deyəsən, yaşamaq istəyirəm” deməyə gücünüz çatarmı? Aramıza dönüb şair olarsızmı? Yooox, çaşdım.Şeir olarsızmı, nəğmə kimi oxunmaq istəyən şeir?
Yer üzündə, Bircə qadın varsa, Məhəbbət var yer üzündə, Bircə çocuq varsa, Övlad var yer üzündə. Yer üzündə bircə ağac varsa, Kölgə var yer üzündə, Bircə tikə torpaq varsa, Vətən var Yer üzündə. (V.Səmədoğlu)
Vətəni var Yer üzündə sığınmağa Vaqif Səmədoğlunun. -Nə əla! Qadını var sevməyə- nə gözəl! Ağacı var yer üzündə kölgələnməyə -nə yaxşı!
Nə yaxşı ki, bizim də Vaqif Səmədoğlumuz var.1939-cu ilin iyunun 5-də doğulmuşdu.Elə bu, “5 iyun tarixi” – Lorkanın, Müşfiqin doğulduğu tarix “Hünərin var gəl, şair olma!” demişdi Vaqifə.Sonra da təqvimi tərsinə yaşayıb 1937-ci qurbanlarının- Cavidin, Müşfiqin, Cavadın şərəfinə doğum ilindən 2 il əvvəl tutulmağı da bacarmışdı.Elə o zamandan çıxmışdı haşiyələrdən, qəliblərdən, o zamandan yorulmuşdu, usanmışdı çərçivələrdən… Bacardığı işlər isə çox idi.Həddindən çox…El-obasına vurğun Səməd Vurğunun oğlu idi.Atasının balaca Vaqifin əlindən tutub Konservatoriya nəzdində 10 illik musiqi məktəbinə apardığı gündən başlamışdı müxtəlif peşələrə vaqif olmağa… “Violonçel çalmaq balaca Vaqifə ağır olar” – deyib onu pianoya yönləndirə bilmişdi Səməd Vurğun.Ancaq tədricən şeir də yazmağa başlayır. “Səmədin oğlu Səməd kimi yazar” – deyənləri əməlli-başlı mat qoyur…Vaqif öz üslubu, öz təhkiyəsi ilə gəlir ədəbiyyata.Sərbəst şeirlərinə xeyir-duanı isə Rəsul Rza verir.Bu şeirlər Tanrı duaları kimi, pıçıltı ilə oxunmağa başladı. Azman kişilərə “əmi” deyərdi.Onların yanında boya-başa çatdı.Kimləri görməmişdi ki gəncliyində? Uşaq ikən atasının Kislovodskidə aldığı “Komsomolets” foto-aparatının neqativinə nələri, kimləri köçürmədi ki?! 40-50-ci illər Bakı mənzərələrini, Dağlı məhəlləsinin qədeşlərini, məşhur Bakı dəlilərini – Mişoppanı, Tarzanı, Hüsü Hacıyev küçəsinin alverçilərini.Amma komsomolçuluq yox, istiqlalçılıq oldu amalı.Anası azadlıq, özü isə kükrəyən misraları ilə azadlığı yellədən dəlisov bir rüzgar oldu.
Sən mənim Doğma anamsan, Azadlıq, Mən sənin Yad qapısında böyümüş balan… Sən son ümidimin qaldırdığı Ağ bayraqsan, Azadlıq, Mən səni Yellədən külək…
P. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçdikdən sonra Bakıda müəllimlik edir.”Azərbaycan” jurnalında “Yeddi şeir” adlı ilk mətbu əsəri ilə tanınmağa başlayanda hələ 1963-cü il idi.1972-ci ildə nəşr olunan “Günün baxtı” ilk şeirlər kitabı isə Vaqifin baxtına gün kimi doğdu.Hobbiləri o qədər çox idi ki, adama elə gəlir ki, indi 5-6 Vaqifdən bəhs edirəm sizə: Ovçu Vaqif, şair Vaqif, fotoqraf Vaqif, dramaturq Vaqif, motosikl həvəskarı Vaqif, pianoçu, cazmen Vaqif… Vaqif Səmədoğlu dramaturgiyaya poeziyadan gəlib.Gələndə kəskin yumorunu, sarkazmını da əl çantasına qoyub gəlib.Yayda qartopu oynatmağa, gözlərə yaşıl eynək taxmağa, köhnə yəhudi nəğməsini qoşmağa həvəs də buna görə idi.Mamoy kişinin çin çıxan yuxularının insanda yaratdığı xof dramaturqun bizim üçün keçirdiyi əndişələri idi. -“Bilirsiz, bu dünyanı çox sevirəm, həddindən artıq sevirəm bu həyatı” -belə deyərdi.Görünür, uşaq kimi inanırdı bu dünyanın keçici zövqlırinə.Yaz başında, təzə otlar çıxarkən yağan dolunun, yağışın bu otları döyməsini ən gözəl mənzərə sanardı. Bilin ki, Vaqif müəllim, biz də yazın şehini, payızın mehini çox sevirik.Heç kimə deməyin amma.Heç kimə deməyin ki, daş evlər arasında biz də dumandan qorxmuruq və bu yaz gecəsində diriyik, lap sizin şeirləriniz kimi…
Bakıya duman gəlib, Heç kəsə demə! Deyəsən, yaman gəlib, Heç kəsə demə! Çıraq yanıb bu axşam, Yanıb, sönüb bu axşam. Bu dumana qapımdan, Çıxan kimi azmışam, Yenə şeir yazmışam. Heç kəsə demə! Daş evlər arasında, Neyləyər duman mənə? Gülüm diriyəm yenə, Heç kəsə demə!
(Yazımda müəllifi olduğum “Sətirlər” kitabına və digər mətbu məqalələrimə söykənmişəm)
Bir zaman işıqlı bir insanı gedər-gəlməzə göndərdilər, Onun doğulduğu evi xarabazara döndərdilər. Saatlar, günlər, aylar, illər ötüşdü. O sönən ocağa qahmar çıxmayan kəndin özü də pərən-pərən düşdü… Bir elin didərgün düşməsi, Yarasaların hirsini hələ də soyutmayıb… Köçüb gedən Sayatlıya Müşfiqin evindən başqa bir ev qayıtmayıb… Bircə qonaq-qaralı koma, bircə işıqlı ruh Bu yerlərin bəsidir. İndi Müşfiq ocağı bir kəndi, bir eli isidir. 10.01.2016
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara… Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim… Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni… Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Yerin boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Nikolo Makiavellinin “Hökmdar” əsəri onun siyasi fəlsəfə və strategiya üzrə əsas əsəridir. Burada liderlik, güc və idarəçilik haqqında sonsuz fikirlər təklif edilmişdir. Mübahisəli və tez-tez yanlış anlaşılan olsa da, Makiavellinin traktatı insan təbiətini və gücün dinamikasını anlamaq üçün praqmatik yanaşması ilə bu gün də aktuallığını qoruyur. Məqsədlər vasitələri əsaslandırır: “Hökmdar” əsərində Makiavellinin hökmdarların əxlaqi cəhətdən şübhəli taktika tələb etsə belə, güc və sabitliyin saxlanmasına üstünlük verməli olduğu fikri əsasdır. Bu fəlsəfə “məqsədlər vasitələri əsaslandırır” ifadəsinin populyarlaşmasına səbəb olmuşdur. Uyğunlaşma və Çeviklik: Makiavelli liderlikdə uyğunlaşma və çevikliyin vacibliyini vurğulayır. Liderlər sabit prinsiplər toplusuna sərt şəkildə riayət etməkdənsə, dəyişən şərtlər əsasında öz taktika və strategiyalarını dəyişməyə hazır olmalıdırlar. Qorxuya qarşı sevgi: Makiavelli sevgi ilə idarə etmə ilə qorxu ilə idarə etməyin nisbi üstünlüklərini müzakirə edir. Sevgi ilə idarə etmək ideal olsa da, çox vaxt qeyri-mümkün və ya əlçatmazdır. Beləliklə, hökmdarlar nəzarəti və sabitliyi qorumaq üçün öz təbəələrində qorxu aşılamağa üstünlük verməlidirlər. Xarici görünüş və reallıq: Makiavelli siyasətdə qavrayış və obrazın əhəmiyyətini vurğulayır. Liderlər, başqalarını həqiqi niyyətləri barədə aldatmaq mənasına gəlsə belə, güc və inam nümayiş etdirməlidirlər. Əsas olan liderin real motivləri deyil, ictimaiyyət tərəfindən necə qəbul olunduğudur. Müharibə Sənəti: Makiavelli “Hökmdar” əsərində böyük ölçüdə hərbi strategiyadan istifadə edir, lazım gəldikdə gücdən istifadəni və aldatmağı müdafiə edir. O, güclü ordunun saxlanmasının və xarici təhdidlərdən müdafiəyə hazır olmağın vacibliyini vurğulayır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.