
Sən…
heç üşüdünmü
İsti yay günündə?
Alovu saçlarını qarsan soba dibində
Barmaqların soyuqdan
titrədimi?
Sahibsiz köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün süzüldümü
Nəhəng ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam lövhələrində
Alın yazını oxudunmu heç,
Qızcığaz?…
Sən hardan bilirsən tənhalıq nədir?
Sən…
Heç
Sevgiylə qətl edildinmi?
Ruhunu asdılarımı
Özgə istəklərinin
dar ağacından…
Gözlərini açdınmı
Alnından süzülən
Soyuq tər damlalarının
Titrəyişinə?
Yas tutdunmu heç
Sevdiklərinin gəlişinə?
Sevə-sevə zorladılarmı
İçindəki məsum sevdaları?…
Doğmalar arasında özgə oldunmu?
Kölgə oldunmu
Ruhunu zorla daşıyan
Soyuq bədəninə?
Milyonların arasında
Tək qalmayasan deyə
Ruhunu
Zərrələrə
böldünmü heç?
Öz içində
Gündə yüz yol doğuldunmu,
öldünmü heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?
27.08.2011
Müəllif:Elçin MİRZƏBƏYLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru