Pərviz Yəhyalı – Gülsüz Güldan

Gülsüz Güldan
Nə qədər ki, torpaq idik dünyanın qəmi də nə idi bilməzdik. Buludlar toqquşub, yağışından bizə pay ələyəndə çəkib sərinliyi canımıza oxay deyərdik. Bütün qışı ağca qardan yorğan çəkib üstümüzə mışıl-mışıl yatardıq. Elə ki, yaz gəldi, günəş ilıqlığından yorğanımız əridi biz də oyanıb, rişəsi köksümzdə olan çiçəklərə can verərdik. Yayımızın bir ayrı ləzzəti, payızımızın başqa aləmi olardı. Dağ döşündən göz işlədikcə uzanan düzlərə baxıb, bizə ana torpaq deyib oxunan nəğmələrdən qürurlanardıq. Amma günlərin birində bizi əcayib ekskovator gəmrici dişləri ilə min illərin doğmalarından qopardı. Maşınlara qalaqlayıb, bir zavoda apardılar. Orada da başımıza min oyun açıb, qəliblərə salıb yanıb cızzağımız çıxanacan bişirdilər. O sexdən bu sexə bu sexdən o sexə tullayıb güldan halına saldılar. Üstümüzə naxış vurdular, bəzəklərdən guya könlümüzü alırlarmış kimi üst-başımıza əl gəzdirdilər. Adımızı güldan qoyub dükanlarda müştəri gözləməyə məhkum etdilər. İnsafən bizi dar və uzunboğaz görkəmə salsalar da naxışlarımız göz oxşayırdı.
Bir sözlə əldən-ələ keçib hədiyyə kimi bağışlandıq. Sevilə-sevilə gəldiyimiz evdə yerimiz divar küncü oldu. Əvvəllər heç olmasa dekorativ də olsa gülə oxşar nə isə qoymuşdular tavana açılı ağzımıza. Sonra onu da götürüb atdılar. Bu evə gələndə fikirləşirdik ki, yazda qoynumuzda açan çiçəkləri heç olmasa xatırlaya biləcək, yanıb bişmiş ciyərimizə gül ətri çəkə biləcəyik. Amma gör fələk başımıza nə oyun açdı. Dar, uzunboğaz formamıza görə nə bətnimizə su tökən oldu, nə də güllə qovuşmağımıza izin verən. Elə bil bu evin kandarından içəri girəndə bir vahiməli baxışı olan qonşu bizi qarğımışdı ki, səni gülsüz qalasan.
Bilmirik ki, bu küncdə məhbəs həyatımız nə qədər davam edəcək. Kaş kimsə sındırıb çilik-çilik edəydi bizi. Bu iki divarın kəsişdiyi küncə qısılmaqdan canımız qurtaraydı.
Nə vaxtsa qapıdan bir ani nəzərlə bizə baxan gözlərin uyğusuna girib çılik-çilik olmağımız kaş çin olaydı, çini olmaqdan canımız qurtarıb yenidən anamıza dönəydik. Alın yazımıza elə qələm çəkilib ki, heç bir gülün saplağı bizim yöntəmsiz uzunluğumzca olmadığını dərk edirik. Amma yenə də, yenə də bir dəstə gül həsrətindəyik. Cansız qoymasaydılar adımızı dua edərdik. Dua edərdik ki, gözümüzü zilləyib baxdığımız divar kağızındakı arı pətəyinə oxşar naxışlar heç olmasa həqiqi güllərə oxşayaydı.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir