Narıngül Nadir – Vətən

Vətən

Dağdı vətən, daşdı vətən, ağac vətən, yarpaq vətən
Adam ölüb yox olmaz ki, adam boyda torpaq vətən.

Görən necə dindir vətən? Hamı ibadət eyləyir.
Görən necə sevgidir ki? Hamı eyni cürə sevir.

Görən necə aşiqdir ki? Özgə bir nigarı yoxdu.
Görən necə yardı vətən? Rəqibi, əğyarı yoxdu.

Sərhədi sevgi boydadır, xəritəsi qandan keçir.
Bu hansı qan qrupudur?
Səndən, məndən, ondan keçir.

Hamı sevib atar səni, atmaz səni vətən qadın.
Gecə-gündüz keşik çəkər, yatmaz səni vətən qadın.

Getdi igid oğulları, getdilər vətən olmağa
Qorxunc divdən, əjdahadan, təpəgözdən qorunmağa.

Məlikməmməd xilas edən qırmızı almadır vətən
Axtarma başqa yerdə sən, ürəkdə, candadır vətən.

Adam-adam dolub daşar, adam-adam yaşar vətən
Adam-adam çıxıb gedər, qürbətə daşınar vətən.

Qürbətdən baxanda vətən, baxıb ağlamaq üçündür.
Qürbətdən gələndə vətən yara bağlamaq üçündür.

Sən məni vətən kimi sev, səndən uzaq düşsə yolum,
Sən məni vətən kimi sev, sevgindən arxayın olum.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir