Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (14)

Qazı Əhməd Əfəndi – Zövqi – Azərbaycan şairi, filosofu

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

KÖNÜL İSTƏR Kİ…

Aşıq Ələsgərin sözü olmasın,
“Bəxtin yatsa, sən də yat!” Bilən bilir, şeiriyyat həm də tale, baxt məsələsidir.Aşıq Ələsgərin müasiri olasan, yazasan, yaradasan, amma 21 əsrin, 24 cü ilinə cəmi-cümlətanı bircə şeirin gəlib çıxa…
Bu, bəxtin yatmağı deyil də, bəs nədir?!
-Kimdir o bəxti yatmış?

  • Azərbaycan şairi Zövqidən bəhs edirəm.Əslində, Zövqinin şeirlərindən zövq almaq üçün yetərincə səbəblərimiz vardı.Beləki, şairin külliyatını vaxtilə Salman Mümtaz birikdirmiş, ilk fürsətdəcə nəşr etdirmək istəmişdi, lakin…Yenə gəldik, bəxt, tale məsələsinə, yenə gəldik mürgü vurmaq, yuxulamaq məsələsinə.Ancaq elə həssas dönəmdə yaşayırıq ki, mürgü vurmağın bədəli çox ağırdır.Yağıların bir əli tətikdə, bir əli pusquda olduğu vaxtda.
    O vaxt da belə idi- Biz yatanda, seçkin, mümtaz insanlarımız repressiya olunur, xəzinələrimiz viran edilirdi, Salman Mümtazın məhvi kimi…
  • Bəs kimdir Zövqi?
  • Şəkinin Baş Göynük kəndinin seçkin bir ziyalısı.19-cu əsrdə ayrıca bir mahal idi Göynük.Bəs qədər oxumuş, elm, mərifət kəsb etmiş yurddaşlarımız boy vermişlər Göynükdən.Əhməd də olsun onlardan biri.
    -Yox, olmasın! Necə sıradan birisi ola bilər axı?
    Şeirində təb şkalası 12-ni vururdu şairin, sözləri elə bil çeşmələrdən, əcdadlarının – Sak türklərinin könül bulaqlarından süzülürdü sanki. Qəlbləri ərp, xılt bağlamış, 19-cu əsr zülmətində oxucularına zövq verən şair idi – Zövqi.Yeri gəlmişkən, təxəllüsü Zövqi, ləqəbi isə Şikəst olan şairə “Şikəst” -demək üçün gərək özün şikəst olasan.Zira qayət dərəcədə təqvalı, imanlı birisinə, Nəsimi dəstiri şeirlər yazana Şikəst deməyin özü naqislikdir.Ancaq…
    Ancaq qəbul olunandır.Keçmiş kişilər təvazö nümunəsi olduğundan özlərinə bu sayaq ayamaları, ləqəbləri uyğun görmüşlər.

HAŞİYƏ:
Mənaca Füzuli-çərənçi, Əcəmi-xam olduğu kimi Zövqi də Şikəst ləqəbi ilə yazmağa peşman deyilmiş.
-“Yazdıqlarımızda bizdən nə var ki? Haqq-Taaladan gəlir nəyim varsa” prinsipi ilə yaşamağı bir əxlaq biçimi sayanlar hərdaim mütəvazi ömür sürüblər.Buna bənzər xüsuslara tarixdə çox rast gəlirəm.Məsələn, ötən əyyamlarda Anadoluda soruşanda ki:
-“Yaşın neçədir?”
Əgər qarşısındakı 60 yaşını haqlamış birisidirsə, deyərmiş ki,
-“Həddimiz aşmadıq, inşallah!”
Bu, o demək imiş ki, 63 il ömür sürmüş
Hz Məhəmmədin (əs) yaşını keçiriksə, həddimizi aşmış oluruq, o səbəbdən:
-“Həddimizi aşmayaq” deyə, Tanrıdan şəvqət umulardı.
Bu halda anlaşılırdı ki, insanın yaşı 60 -ı çoxdan keçmiş, lakin müqəddəslərə sayğısına görə dilə gətirə bilməmiş.

Əslində, toplumun şair Zövqiyə qazı deməsi də onun dindar, Allah adamı olmasından irəli gəlirdi.Güman var ki, Yaxın Şərqin ali dini mərkəzlərindın birində – Şamda təhsilini alan Zövqi dini təhsillə yanaşı, hüquqi biliklərə də vaqif olubmuş. Səbəbi apaçıq ortada.O vaxtlar qazılar şəriət məsələlərini həll etməklə yanaşı, mülki, hüquqi müstəvidə də işlər aparır, əhali arasında olan mübahisəli məsələləri, cinayət işlərini də həll edirdilər. Deyilənə görə, bu sahədə o qədər peşəkar imiş ki, onun yanına nəinki Şəki, Balakən, Zaqataladan, həmçinin Gürcüstan, Dağıstandan da gəlirmişlər.
Zövqi özü də məhbəs həyatı görüb.Şeyx Şamil hərəkatı geniş yayılanda, Əhmədgil də Qafqazda vüsət tapmış bu hərəkata qoşulublar.Daha dəqiq desək, hal-qəziyyə bu cür olub:
Dağıstanda baş verən üsyanların birində ləzgi Şah Qo adlı bir şəxs Çarın üsyanı yatızdırmasından sonra Şin dağ aşırımını keçib Nuxa və Zaqatala qəzalarına keçiblər.Həmin dəstəyə Zövqi və qohumları da qatılıb.Üsyan iştirakçıları öldürüləndə Qazı Əhməd əfəndi də həbs edilir, Şamaxı həbsxanasına göndərilir.Şamaxı qubernatorunun köməkçisinin yaxını olduğuna görə 6 ay sonra evə buraxılır.Amma məhbəsdə olan olmuşdu, sağlamlığı xeyli zərər görmüşdü.Ona görə də az keçmir ki, vəfat edir Şəkidə.Üç oğlu və üç qızı ondan yadigar qalır.
Bir faktı da deyim ki, hazırda Baş Göynük kəndinin 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır ki, Gülarə Köylü kimi tanıdığımız həmin ziyalı şair Zövqinin nəslindəndir.Gülarə Köylü
“Şərq qadını” jurnalının ilk fəaliyyətə başladığı gündən müxbiri və baş reaktoru olub.Redaktorluğu ilə millətçilik ruhunda əsərlərin nəşrinə görə 1939-cu ildə Sibirə sürgün edilib, 1942-ci ildə elə Sibirdə də dünyasını dəyişib.Bu sürgündə qardaşı Kərim Qazıyevin Müsavatçı olması və həyat yoldaşı Asəf Rəhmanovun 1938-ci ilin yanvarın 3-də güllələnməsi heç də az “rol” oynamayıb.
1957-ci ildə oktyabrın 30 – da bəraət alanlar içində Gülayə Qədirbəyova da vardı. Bəs Zövqinin talan olunmuş şeirlərinə kim bəraət verəcək?
Bu sual da cavabına qovuşmalıdır.Əlbəttə, könül istərdi ki, Zövqinin it-bat olmuş şeirləri, qəzəlləri tezliklə üzə çıxsın.
Bir də könül istər ki…

Yüz zümreyi- ərbab gər məkan ola mövcud
könlüm səni istər.
Yüz bəzminə zişərəfi-şan ola mövcud
könlüm səni istər.
Yüz hüsnü mələk tək özü insan ola mövcud
könlüm səni istər
Yüz ləli-cəvahirdir qəltan ola mövcud
könlüm səni istər
Yüz məqsədi-könlüm mənə asan ola mövcud
könlüm səni istər.

(Yazımda ədəbiyyatşünas Salman Mümtazın və şair Zövqinin nəvəsi Kərim Vadud oğlu Qazıyevin xatirələrinə, habelə şəxsi qənaətlərimə söykənmişəm)


16 iyun, 2024-cü il.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir