
Əliağa Vahidin “Qubaya” qəzəli
(Şairin bu qəzəli ilk dəfə “Qızıl Quba” qəzeti
9 avqust 1947-ci il nömrəsində dərc olunub)
Gəlməsəydi gözəlim, sən kimi canan, Qubaya,
Deyən olmazdı inan, bağı-gülüstan, Qubaya.
Bu gözəllik, bu məlahət ki, tutub hərtərəfi,
Olacaq məncə, təbiət özü heyran, Qubaya.
Lalələr, güllər açılmış, oxuyur bülbüllər,
Desələr, səhv deyil, cənnəti-rizvan, Qubaya.
Bu səfa gülşəninin zövqünü hal əhli bilər,
Gör necə şur salır bülbülü-xoşxan, Qubaya.
Mümkün olsaydı inan ki, gözəlim, aşiqinə,
Həm sənə eylər idi, həm də fəda can, Qubaya.
Sevgilim, çox da qara gözlərinə fəxr eləmə,
Gündə yüzlərcə gəlir sən kimi ceyran, Qubaya.
İndi abad olur hər bir tərəfi cənnət tək,
Tutan olmaz daha bundan belə nöqsan, Qubaya.
Bu ana yurdudur istəkli, əziz rəhbərimin
Həqlidir fəxr eləcə, Azərbaycan, Qubaya.
Vahidəm, sevgilim, arzum bu idi qismət ola,-
Ki, olaq, hər ikimiz şövqlə mehman, Qubaya.
Mənbə: Çingiz Babaoğlu
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru