
KƏLBƏCƏRƏ GƏLMİŞƏM
Şükür olsun qismətinə İlahi,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Ötüb keçib əlli dörd il ömürdən,
Bu cənnətə mən ilk kərə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Pilləkən tək neçə daşdan düşürəm,
Dərələrə lap o qaşdan düşürəm.
Boylananda papaq başdan düşürən,
Ün yetməyən zirvələrə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Tükənməyə kaş ki, zaman eh..burda,
O qız təki öpdü məni meh burda!
Çiçəklərə bir zinətdi şeh burda,
Şehli-şehli, dərə-dərə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Dərə boyu ilan təki çay gəlir,
Qışqırıram, neçə dağdan hay gəlir.
Havasında min çiçəkdən pay gəlir,
Kəkotuya, qantəpərə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Sirr-qüdrət var qayasında, daşında,
Leysan tutdu Zivel kəndin qaşında.
İslanmışıdım “İsti su”da , maşında,
Köynəyimi sərə-sərə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Öz yurdudur, söz yurdudur Şəmşirin,
Məmməd Aslan danışardı şip-şirin.
Sücayəti, Bəhmanı var bu yerin,
Çox şadam ki, mən bu yerə gəlmişəm,
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
Yol yoldaşın olsun Aqşin, gərək tən,
Ləzzət alsın bir kəsdiyi çörəkdən.
Minnətdaram Dağıstana ürəkdən, *
Həm Həmidlə bu səfərə gəlmişəm, *
Fürsət düşüb, Kəlbəcərə gəlmişəm.
*Dağıstan Temirov.
*Həmid Əliyev.
18.06.2024.
Müəllif: Aqşin HACIZADƏ
Bərdə rayonu Yeni Daşkənd kəndi.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru