Xəlil Rza Ulutürk haqqında

Öncə söz vardı… (15)

XƏLİL RZA ULUTÜRK

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

Ülviyyətdi Xəlil Rza.

Sən incə çiçəklərdəki jaləm kimi gəldin,
Bir qan bahası bağçama laləm kimi gəldin.
Aldın da, ucaltdın məni əflakə özünlə,
Endikdə müqəddəs, yeni Aləm kimi gəldin.

-Gəldinmi?
-Yox, hələ ki, getmisən, Xəlil kişi, alov kişi, atəş kişi, ər kişi, Vətən kişi! Aramızdan, sıramızdan getmisən, bir piyalə su səpmişəm ardınca.Səpmişəm ki, ideallarınla dönəsən, yurd eşqini Turan çələnginə hörüb gələsən.
Odur ki, Xəlil Rza, dağınıq gülləri yığıb bir cəm kimi gəl, sevgidən sərxoş kimi gəl, şəhid Təbrizin atası, şəhri-Təbrizin balası kimi gəl!
Yaşamamaq yox idi Xəlil Rza leksikonunda.Yaşamaq vardı, azad ruh kimi cahanı dolaşmaq, 1932-ci il oktyabrın 21-də Salyanın Pirəbbə kəndində doğulmaq və bir daha ölməmək vardı.Bu saat şairin gündəliklərini varaqlayıb yazılan hər xatirənin hərarətini duyuram.Bu sətirlərin hərarəti ahənrüba kimi məni özünə çəkməkdədir.Özümə borc bilirəm ki, Xəlilin adını çəkərkən ömür-gün yoldaşı Firəngiz xanımın da adını tələffüz edim.
Lap gənc yaşlarından Firəngiz Aşurbəyovanın çevrəsində bir gənc dolaşırdı.Az qala “pərvanə kimi dolaşırdı” deyəcəkdim, özümü güclə saxladım.Firəngiz xanım şam deyildi ki, onun çevrəsində pərvanə kimi fırlanasan, sevən bir qadın, Xəlili sevən növrəstə birisi idi.Salyan şəfaxanasında baş həkim işləyən Böyükağa Aşurbəyovun da xəbəri olsunmu bu məsələdən?
-Olsun!
-Bəs Xəlilin atası Rza kişinin? Onun bu izdivaca rzası varmı?
Ayağımız Yer kürəsində, əlimiz çatırsa Aya, Marsa, hələ bu cahanda Xəlil kimi 5 kişi varsa, o zaman doktor Böyükağa da, Rzaya da xeyir-dua etmək qalır.
Dövlət Universitetində tələbə idi Xəlil.Filoloq, jurnalist olacaqdı, vətəndaş oldu, alim, tərcüməçi oldu.Bir də sevdiyi Firəngizin duyğularının dilmancı olacaqmış.Sonralar nələr olacaqmış, nə görüşlər, nə gülüşlər, nə yanğılar, nə fəryadlar, nə acılar, fəqət çox var hələ, qardaşlar, bacılar!
Öncə toy-büsat olacaqmış, ayazlı-şaxtalı dekabr ayında Salyanda keçirilən toya məclis iştirakçıları-lap elə ailə dostu, tələbə yoldaşı, şair Nəriman Həsənzadənin timsalında nəzər salaq:
1957-59-cu illərdə Moskvada Ali ədəbiyyat kurslarında oxuyarkən Nərimanın xanımı Sara, Xəlilin yarı Firəngiz də yollanırlar o şəhərə.Şərqli adaxlıların ardınca üzü şimala sarı.Sıcaq, maraqlı günlərin fonunda müşkül məqamlar da az deyildi.Çöl-biyabandan çör-çöp yığan dostların vaxtları şad-xürrəm keçirmələri, gözəl təbiətdən nuş edib, Moskva axşamlarında ara-sıra kabab çəkmələrinimi deyim? Təki Nərimanın bu sözündən uzaq olsunlar, hər ağac qıranda “ona dəyməyin, muraz üstdədir”-deyə nalə çəkərmiş Xəlilin ahbabı.Elə Xəlilin də aldığı təhsildən murazı varmış.Bu torpağa yarınsın, bu məmləkətə yarasın deyə gecəsini gündüzünə qatan Xəlil idi.Bəzən məclislərdə ögey qarşılansa da, işsiz-gücsüz günlərində qəhərdən hayqırsa da, unudulsa da, özünün sağlığına badə qaldıran yeganə şair idi Xəlil.
Xoşbəxt ailə həyatının xoşnud anlarını gözləmək Xəlillə Firəngizin yeddi ilini dəhrələyir.Kəcrəftar tale onların yeddi ilini çırpışdırır, yalnız 1964-cü ildə onlara övlad payını verir.Özü də asanlıqla yox, Xəlil Rza taleyin əlindın qapmışdı oğul payını.Bütöv Azərbaycan naminə Xəlil ilk övladını Təbriz adlandırır.
Gözəlim Təbriz, əzəlim Təbriz, səhərim Təbriz, şəhərim Təbriz!
O Təbrizə ünü yetməsə də, bu Təbrizə əli çatan oldu Xəlil Rzanın.
O sahilin dərdi də dərdi idi Xəlil Rzanın.Bu səbəbdən bir-birindən cüda düşən o taylı-bu taylı yurddaşlarımızın qəribsəyən könüllərində, qubarlanan kökslərində Xəlil Rza misraları közərirdi.
Şairin gündəliklərini oxuduqca görürsən ki, çılğın, alovlu biri olması ilə yanaşı həm də adama tez yovuşan, məclisə tez qaynaylb-qarışan insan olmuş.Bəzən söhbət əsnasında zarafatlardan uğunub getməyi də varmış Xəlilin.Zəhmi mərhəmətindən, heybəti yuxa ürəyindən süslənən şairin tək idealı Vətən idi.
Tarix qədər müdrik olan bu zatı “Lefortovo” zindanında uzun müddət görmək istəyənlərin yağlı tikələri qursaqlarında qalmışdı, gövşəsinlər görək necə gövşəyirlər.Yeri gəlmişkən, 8 ay 12 günlük həbs həyatını sovet rəhbərlərinin burunlarından piltə-piltə gətirən bir xanım vardı: Firəngiz xanım.18 dəfə Bakı-Moskva yolunda İstiqlal şairimizin ziyarətinə yollanan bu möhtərəm xanımın ər qayğısını yalnız ərənlər qanar.
Ənginlərə sığmayan, 20-ci əsr poeziyamızdan gülab təki süzülən Xəlil Rza azad olub, “Lefortovo” zindanından qurtulub gəldiyi kadrları görcək sanki damardakı qanım donur.O səadət anında şairin cavabı belə olur:
Biz Türküstan elləriyiz,
Qeyrət-qüdrət selləriyiz.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Bakımızı taladılar.
Bakımızı əzizləyək,
Əqrəblərdən təmizləyək.
Şölə versin bu ləl-mərcan,
Ermənisiz Azərbaycan!

Aləmlərə izhar ediləsi bir misranı vaxtilə özün bəyan etmişdin, şair!
-“Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz”

Xəlil döndü aramıza.44 günlük Zəfər savaşından sonra daha fərəhli, daha sevincli döndü sıramıza.Belə də olmalı idi…
Axı bir xilqətdi ki, Xəlil Rza lovğalıqdan xeyli uzaqdı.
Axı bir vəhdətdi ki, Xəlil Rza dünyanın özü boydadı.
Axı, axı Ülviyyətdi Xəlil Rza.

Bakı.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir