Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…

Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…

Məmləkətimizin hər köşəsi gözəldir, əlbəttə! Aranın aran yeri, dağın dağ yeri, dənizin dəniz yeri – Hər obamızın bir özəlliyi var. İndiyəcən ölkəmizin hər yerini gəzib dolaşmışdım, bircə Gədəbəydən başqa. Zarafatla gədəbəyli dostlara deyirdim ki, mən az qala bütün Turan coğrafiyasını gəzib dolaşmışam, ancaq hələ “Gədəbəy Demokratik Cümhuriyyəti”ndə olmamışam. İnsafən, dostlar da hər dəfə gəl gedək deyirdilər. Ancaq vaxtım heç cür təkliflərlə dəng gəlmirdi.
Nəhayət, yaxın günlərdə bu arzum da gerçəkləşdi. Şair dostum Süleyman Abdullanın dəvəti və təkifi ilə onun dəmir atının tərkində Qazağın İncə Dərəsinə baş çəkib, Ağstafanın Köçəsgərindən şair Saqif Qaratorpağı da ikinci tərkimizə götürdük, Tovuzun Xınna Dərəsi boyu gözəllikləri seyr edə-edə gözəlim Gədəbəyə varid olduq. Orda bizi həmin gün özünü Sumqayıtdan Gədəbəyə çatdırmış şair dostumuz Polad İbrahimoğlu gözləyirdi. İstəyimi nəzərə alıb məni birbaş Başkəndə apardılar. Bəlli söhbətlərdən və yaylaq seyrindən sonra, bərəkətli Gədəbəy süfrəsi arxasında əyləşdik. Aşıqlar meydan sulayıb, könlümüzü ovsunladılar. Aşıb-daşan dağ çayı, göylərin ərməğanı olan yağış, dolu səfərimizə bir ayrı rəng qatdı.
Amma təəssüf ki, ARABAÇIya qalxa bilmədik. Dedilər ki, o kəndə ancaq qışda – bərk şaxta, AYAZ olanda, yollar buz bağlayanda, ZƏKAlı bir adamla qalxmaq olar. Belə çiçəkli bir zamanda oralar çən-dumana bürünür, yamaclarda PƏRVANƏlər Bayram eləyir. Düşündüm ki, neynək bir “ağrın alem”lə “Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub yolla düzəllik!” düz oraa…
Gecəni sirli-sehirli Çobankənddə Polad əfəndinin ata ocağında gecələdik. Səhəri Gədəbəyin rayon mərkəzinə baş çəkib, Yasamal dağının dolayları ilə Şəmkirə endik. Əziz şair dostumuz Çiçək Mahmudqızının yubileyində iştirak etmək üçün özümüzü Gəncədən Hacıkəndə yetirdik. Çiçək xanımın “Könül körpüsü”ndən adlayıb Dəlidağ istirahət mərkəzində gözəl bir törənə, sazlı-sözlü bir etkinliyə qatıldıq.
Yay günləri üçün qənimət bir səfər oldu, əlbəttə!


Bu səfərin baş tutmasında əməyi keçən hər kəsə sonsuz minnətdarlıq duyğuları ilə; İBRAHİM İLYASLI
P.S. Səfərlə bağlı ayrıca təəssürat yazısı isə qalsın gələn dəfəyə.

İBRAHİM İLYASLININ YAZILARI

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir