Təranə Dəmir – Yalanmış hamısı…

***

Gecənin dörd yanı zülmətdi,
Ulduzlar zülmətə dustaqdı…
Ümid son işıqdı,
Arzular boş ümid,
Həyatsa oyuncaqdı…
Ömür olla öl arası zaman kəsiyidi,
Payız , qış həsrət yoğurur,
Xoşbəxtlik bir baharlıq qonaqdı..
Yalanlar at oynatdıqca
Rəng verib rəng alır dünya,
Həqiqət son dayanacaqdı..
Sevdalar ayrılıqla başlayır,
Taleyin işinə qarışmaq günahdı..
Hamı Tanrıdan yapışır,
Tanrısa göydən,
Göy üzü calaqdı.
Rəngli -rəngli nağılla
alladır bu günü adam,
Bir də baxırsan ki…. Sabahdı…

***


Bir yiyəsiz əsgər çəkməsi yol gözləyir bir dağın aşırımında.
Vətəndən aralı , gözdən, qulaqdan uzaq.
İpi boğazından asılı,
üz gözü tikə -tikə,
cırmaq -cırmaq.
Başının üstündə külək əsir,
Yağış yağır..
Bir şair güzgü qabağında Vətənə
qalibiyyət şeiri deyir ,
Bir qız gecənin qaranlığında
saçlarına ayrılıq taxır .
Şair sözü , qız saçlarını alladır ,
Qulağı cingildəyir tarixin.
Sağ ayağı çəlik əsgər sol ayağıyla Vətənə çatır.
O yeridikcə yollar töyşüyür,
Torpaq qan -tərə batır.
Və..
Sözündən düşür şeir!
Özündən düşür şeir!
Gözündən düşür şeir!

***


Bapbalaca yuvamız vardı,
Pəncərəsi günəşə açılan,
Tavanı göydən asılı.
Divarlarında kölgəmiz qaçan,
Qapısında sevdamız yazılı.
Lap pəri masalı kimi.
Uçuq -sökük divarlarında gizlədirdi
İçindəki bəxtəvərliyi.
Kimsəyə verməzdi sirrini.
Qorxusu yox idi itdən, pişikdən, oğrudan.
Bizimlə gecələyirdi,
Bizimlə oyanırdı yuxudan.
Ulduzları göy üzündən dərib sərirdik ömrümüzə.
Ocaq idi yuvamız,
Qucaq idi yuvamız .
Cibimizdəki qəpiklərlə sayırdıq günlərimizi,
Xoşbəxt idik ən azı.
Bizi ağrıtmırdı dünəndə ilişib qalan xəyallar,
Bu gündən sabaha daşıyırdıq yalın yalavac arzuları.
..Sonra üç əllə ,
Daha sonra dörd əllə
döydük qapımızı.
Açıldı qapılar,
Bağlandı qapılar .
Sonra daha cibimiz əlimizdən utanmadı,
Genəldi yuvamız,
Köhnəldi yuvamız.
İllər saçımızı,
Yollar ayağımızı yordu.
Biz yorulduqca
Dincəldi yuvamız.
…Daha pəri masalına inanmıram, bilirsən?
Yalanmış hamısı..

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir