
Ziyarət
Çubuqlarla sıxılmış kol darvaza əvəzi qarşıdakı bağlara aparan torpaq yolun başlanğıcında idi. Əlini atıb tapan qapını açdı. Ani tərəddüddən sonra buralarda indi bir kimsənin olmadığını yəqin bildiyindən yoluna davam etdi. Yolun sol tərəfi ilk yaz yaşıllığını xatırladırdı. Köbər boyu sıralanan seyrək yovşan kollarının ətrini dərhal hiss etdi. Sağda isə armatur çubqlarından qapılar qoyulmuş bağlar gözə dəyirdi. İlk ağlına gələn ümumi və xüsusinin fərqi oldu. İrəli addımladıqca getdiyi yolun bütün bağ sahiblərin ortaq istifadəsində olduğunu yəqin etdi. Çox guman ki doxsanıcı illərdə aparılan torpaq islahatından sonra ayrı-ayrı adamların payına düşmüş sahələrin sərhədləri xəndəklənmiş, hərə öz istəyinə uyğun bağ salmışdır. Yaddaşının ən dərin qatlarını ələk-fələk etməklə nələrisə bütün təfərrüatı ilə xatırlamağa cəhd edirdi. Niyə onu nənəsi illər öncə bura gətirmişdi, axı buralardan təsadüfən yolları düşə biməzdi. Dəqiq xatırlayırdı ki, o vaxt nənəsi ilə bura gələndə hələ məktəbə getmirdi. Demək ən azından onda altı yaşımdan kiçik olduğunu düşündü. Yox, axı mən məktəbə yeddi yaşımda getmişəm. Bəlkə elə altı yaşım olub, ya da… qrşısında gördüyü mənzərə onu heyrətləndirdi. Özüdür ki, var! Bu həmin armud ağacıdır. Torpaq yolun bağlardan əks tərəfində köbər yaxasında. Ağacın gövdəsindəki qırışlar yaşlı adamın alın qırışlarına bənzəyirdi. Qəribə görkəmli ağacın qurumuş budaqlarının bir hissəsində qara çilli yarpaqları o qədər seyrək idi ki, bəlkə də cəhd etsə saya bilərdi. Budaqda bircə dənə armud vardı. Diqqətlə baxdıqdan sonra bu armudun qədim abasbəyi sortu olduğunu yəqin etdi. İllər öncəsi eynən nənəsi etdiyi kimi ağacın gövdəsinə sığal çəkdi. Sığala uyuşmayan cod gövdə ovcunun içini gizildətdi. Bu gizilti sanki onun yaddaşını silkələdi. Yavaş-yavaş nənəsinin dediklərini xatırladı.
Bu yurd indi boş qalıb. Yazıq anamın həmişə deyib ağladığı bibisinin ata yurdu. Anamın bibisi bu armud ağacından yürük asarmış. Əri Lənətə gəlmiş Krım müharibəsindən geri qayıtmayıb.
Ağlamsına-ağlamsına deyilən sözlər onun yaddaşının dərinlikərindən üzə çıxıb indicə olubmuş kimi xatırlandı. Gör bu yarı qurumuş, iki əsrdən çox yaşı olan armud ağacı nələrə şahidlik etməyib, kimlər onun meyvəsindən dadmayıb. Kaş dili olaydı, kaş danışa biləydi. Bəlkə də onun budaqlarından yürüyü asılmış körpə bu yurddan çox-çox uzaqlarda son nəfəsində elə bu armud ağacını düşünüb, kim bilinir bu budaqlardan neçə-neçə qurbanlıq qoç asılıb, kölgəsində zümzüməsi xoş ovqat bəxş edən neçə-neçə samovar qaynayıb. Qərinələr boyunca meyvələrindən ağızlara dad, kölgəsindən dincələnlərə hüzur verib.
-Xeyirirdimi buralarda?
-Heç, elə-belə
-Bəs nə əcəb?
-Uşaqlıqda gördüyüm idi. İndi vaxtım oldu deyə yolumu saldım. Lap uşaq yaşlarımda nənəmlə olduğum idi.
-Sizin atınız var? – deyə simasında qəribə qeyri-adilik olan adam soruşdu
-Nə? Bu hardan gəldi ağlınıza
Dərhal digər müsahiblər az qala xorla
-fikir verməyin ona, xəstədir.
O, geri qayıdarkən sonuncu bağın sahibi ilə rastlaşmış, tanışlıqları olduğundan onu çaya qonaq dəvət etməsinə etiraz etməmişdi. Elə bağda meyvə yığan fəhlələr də çay süfrəsi ətrafında idilər. Onlar bir-birlərinə zarafat edir, bağ sahibinin dəvət etdiyi qonağın yanında bayaq sizin atınız var? Soruşan ruhi xəstə təsiri bağışlayan gənci açıq-aydın lağa qoyurdular.
Bağ sahibindən başqa tanımadığı adamlara qulaq asdıqca acığı tutduğunun fərqində idi. Niyə bu gənclər belə şit zarafat edir görən. Xəstəni niyə ələ salıb mənasız-mənasız gülürlər.
Bağ sahibinin; – müəllim doğurdan bu istidə nə əcəb sualına cavab verməyə həvəssiz idi.
Xüdafisləşib ayrıldıqda, burdakı beş nəfərin atmaca və ironiyalarında lağ obyekti olan qəribə simalı gənc; -Müəllim, ziyarətiniz qəbul olunsun!
Yenə gülüşmə, yenə qəhqəhə. Yerbəyerdən ona xitabən -burda həc ziyarətindən gələn var?
Qəribə simalı gənc elə qeyri-adi yerişi ilə yanındakılara əhəmiyyət vermədən bağın qara-quzeyliyində gözdən itdi.
Müəllif: Pərviz YƏHYALI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru