BİR YAZI YAZMAQ İSTƏYİRƏM…

BİR YAZI YAZMAQ İSTƏYİRƏM..
Bir yazı yazmaq istəyirəm… Səmalarda qərar tutsun, heç enməsin yerə, yerdən baxmasın göyə… Torpaqda ilişib qalmasın, üst-başı tozlanmasın…
Böyük dar ağacı, görünsün dünyanın hər yerindən… Bir günahkar asılsın hərfindən, hər sözündən…
Bir yazı yazmaq istəyirəm, ocaq olsun, yığışsınlar istisinə… Kasıblara yaxın olsun. Elə ocaq ki, qızışdırsın arzuları, xəyalları. Üfürənlər kor olmasın minnətinə, nazına, buruq- buruq tüstüsünə…
Biri məndən soruşur: – Nəsrəddini tanıyırsan? Deyirəm, xeyir! Əşşi, necə naxçıvanlısan ki, tanımırsan? O da yerlindi, sizinkidir, bizimkidir… Pomprokurordur, dekan, ya da rektordur… Bir yazı yazmaq istəyirəm, deyim qardaş, heyifdir sənə o boyda baş.. Mən ağacları, canlıları tanıyıram.. Vəzifə, gəvəzəliklə maraqlanmıram, Günəş altında işıq- İnsan axtarıram.
Mən tək Naxçıvan deyiləm, Şuşayam, İrəvanam əsirlikdəyəm, Xocalıyam canımdan asılmışam göylərdən, qan damızdırıram vicdanlara, üşüyürəm baxanda insanlara, zəqqum dadızdırıram milli qeyrətlərə, heyrət göstərirəm süni heyrətlərə.. Borçalıyam,Təbrizəm, Dərbəndəm qəribdəyəm, Əlincə boyda azadlıqdayam, qələm ucunda işıq, qılınc ucunda qanam, böyük Azərbaycanam!!
Bir yazı yazmaq istəyirəm, deyim-hacı sənin gözlərinə eynək lazım, yaxını görmür… Daha İbrahim kəbələr hörmür… Kəbənin daşları səpələnib yer üzünə, hər səfil bir pay götürüb özünə… Niyə yaxın kəbələri ziyarət etmirsiz, doğma anan evinə illərlə getmirsiz? Bir uşağın gözündəki sevinc, bilirsiz nədir? Sizi ərşə apara biləcək zərif gücdədir… Mələklər uçuşur kasıb süfrəsinin cənnət səmalarında… Qismətdir, olasan yanlarında. Soğan, lavaş, pendir- çox sadə, hörməti var yeddi qat göydə…
Hələ demirəm ki, həcc pulu haralıdır, kimlərdəndir, onlarla təhsil haqqı yetərindədir…
Bəsdir Haci, özünü bicliyə qoyma, özün- öz imanının qabığını soyma…
Xarici görürlər, ürək gedir, yorğa yeriş, ürkək gedir… Ya bir deputat, nazir görürlər, pərvanəyə dönürlər… Bir yazı yazmaq istəyirəm, deyim- yoldaş, ən uca qürur dağı, mənəviyyatın gülüstani- irəm bağı, insanlığın ulduzları bizdədir, böyüklüyümüz özümüzdədir, Azərbaycandadır, sərvətimiz qandadır… Hazıra, nazirə pərvanə olmayın, oz kölgən, sənindir, ən böyük qiymətin, ləyaqətindir… Elə bilirsən dağla şəkil çəkdirəndə dağ olursan? Bəlkə o fonda daha solğun, qarışmış rəngdə, gözlərə dolursan..
Baxıram yazılara, oxumuram. Baxıram danışırlar, siyasətçilər, əyalətçilər, şohrət atı minməyə çalışanlar, su içində quru qalıb, alışanlar… Qulaq asmıram. Çatmır mənə nə deyirlər, yalan yeyib, gop içirlər.. Bir yazı yazmaq istəyirəm deyim- vətəndaş, bu xalqın gözü tərəzidir, sözü tərəzi daşı. Dovşana şir, tülküyə pələng deməz, çörəyi qulağına yeməz.. İtirməz yaxşılığı, pisliyi, əbədidir qan yaddaşı.. Əbəs yerə rola girmə, camaatı bezdirmə,qulaqları dəng etmə… Şöhrət atı özündən aparar səni, bir səhrada yovşan üstə yıxar səni..
Dünyaya baxıram, bir böyük qazan… Nələr qaynamır içində, odu özündən, közü sözündən.. Çölü bumbuz, içi qaynar, varlısı donar, kasıbı yanar… Bir yazı yazmaq istəyirəm deyim: – İnsan, yuxulu- yuxulu hara gedirsən, haqqı kal- kal üzürsən.. Bu dünyada oturub o dünyanın zəri ilə oynayırsan, ocaq özün, odun özün, öz günahınla qaynayırsan…
Bir yazı yazmaq istəyirəm, asım səmalardan hər kəs görsün… Bəlkə haqqa, düzə dönsün. Kim istəsə bir sözündən asılsın, günahları yellənərək, mənə qalsın…
19.05.2020

Müəllif: Sadıq QARAYEV

SDIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir