Təranə Dəmir – Yol gedirik…

***

Hələ bu harasıdı,
nə görmüşük hələ biz .
Hələ ki, yol gedirik
Aydan , gündən adlayıb
Ağlaya biz, gülə biz.
Hələ bunun ölməyi,
Siratdan keçməyi var.
Hələ bunun təzədən,
Boyatdan keçməyi var.
Hələ qul bazarında
Can alıb can satırıq.
Şeytanla bəhsə girib
Dünyanı alladırıq.
Hələ güman edirik,
Bizimki “döz”dü ,Allah.
İnanma andımıza,
Hamısı sözdü, Allah.


***

Gecə – gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin -şirin ovudammaz özümtək.

Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun , sakitliyin içində
Qaranlığı incitmək də günahdı.

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni , kim?
Xəyalımda rəngli-rəngli nağıllar
Dolanıram dörd yanına təkliyin.

Yanağımı döyəcləyir kölgələr,
Kipriklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr ,
Gözlərimdə xatirələr çırpınır.

***
Yuxuyla gerçəyin arasında,
Qaranlıqla işığın kəsişdiyi nöqtədə
Kimsə adımı pıçıldayır,
O dünyadan bu dünyaya qayıdıram.
Kirpiyimin kölgəsi düşür alatoranlığa.
Adım çiliklənir səssizliyin içində
Tavan-tavan, divar -divar.
Dinşəyirəm sükutu,
Qulağım sakitlikdən,
Baxışlarım heyrətdən asılır.
Bayırda yel əsir deyəsən,
yarpaqlar yerini dəyişir budaqda .
Yavaş-yavaş işıq keçir pəncərəmdən,
Dünya gərnəşib oyanır yuxudan,
Bu da Dan!

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir