
Biz “sovetin uşaqları” olsaq da , evlərimizdə palıd kimi köklü- köməcli nənə- babalarımız “Əhli- beyt”i unutdurmadılar..
Qonşumuz ağ saçlı, ağ saqqalı Mikayıl babanın səsi hələ də qulaqlarımda səslənir:
Deyin, necə tökülməsin yaş bu gün,
Kəsilibdi, yetmiş iki baş bu gün…
“Məhərrəmlik mərasimi”-ni , belə bir müsibəti ilk dəfə nənəmdən eşidib ,öyrəndim…
Arvad qatı dindar deyildi, amma bu təziyyəni ölüncə unutmadı.
Heç yadımdan çıxmaz, həmən günü qətl sınınca evə girməzdi.
Belə isti havalara təsadüf olurdusa, günün şaxıyanında qapımızda var- gəl eliyə – eliyə bayatı deyib ağlayırdı:
-Şümür, ağ oğlun ölsün,
Bağrı dağ oğlun ölsün.
Azarrayıb yatmamış,
Sappasağ oğlun ölsün…
Böyük qardaşım Səməndər qapımızın ağzına, öz pəncərəsinin altına qızılgüllər əkmişdi.
Gün çırtıyan kimi qara kəlağayısını həmən gül ağacına bürüyərdi.
Saçımdan qırmızı bantlarımı açırdı, çəhrayı sandallarımı mal pəyəmizin qapısının arxasında gizləyəndə anam, əmim arvadı güllü qoftalarını soyunub ,qarasını deyərdilər.
Qardaşlarımın patefonunu cərəyandan ayırırdı, atamın xırda əl radiosunu jiletinə büküb yükdə gizlədirdi.
Qorxurdu ,evin kiçikləri birdən onu açıb musiqi zad dinləyərlər…
Anamı sabun əritməyə, uşaq .çimizdirməyə , paltar yumağa qoymazdı.
Mərasim qışa düşsəydi, eyni şeyi qarın- boranın altında eləyirdi…
İtgin- sürgün qardaşlarını da Kərbəla şəhidlərinə qatıb ağlardı. Gözünün yaşını silmirdi, sinəsi aşağı axıdırdı, deyirdi , gözünün yaşı sinəsi aşağı axanların yeri bir ayrı olar, o dünyada…
Qətl gününün axşamı daha çox kədərli olurdu.
Yeməyimizi axşam süfrəmizi ertəli açdırırdı, şər qovuşan kimi işıqları söndürürdü…
Beləcə, nənəmin təziyəsinin Şəmi – Qəribanı başlayardı.
Arvad yanan xeymələri, kəsilən başları, susuz körpələri, qanlı meydanda bir cüt qələm qollarından olan Həzrət Abbası gözünün önünə gətirib yaşını sel kimi axıdırdı.
Nənəmi gözündən, əlindən, baxışından anlayan anam bizi yerimizə yığıb çökərdi arvadın böyrünə.
Od- yalov xarakterini heç övladları belə bilməyən qaynanası əlini süfrəyə uzatmayınca acından ölsə belə anam ağzına loxma aparmazdl.
Nənəm də ki, hər saat acımazdı…
Nənəm heç vaxt hədik bişirməzdi. Bu işin qarğaşasını Səkinə bibim çəkirdi.
İmamların yeddisidə halva çalıb yeddi evə pay göndərirdi.
Qırx çıxınca üzü gülməzdi, heç kimlə danışmazdı.
Səməndər tarixçiydi, araşdırmalar aparırdı, rayon qəzetimizdə maraqlı yazıları ,hekayələri çap olunurdu.
“Məhərrəmlik mərasimi necə meydana gəldi” başlığıyla bir yazısı çap olunmuşdu .
Orda nə yazıldığını unutmuşam. Musa əmimin dərs oxumayan Mahir oğlu qardaşımı nənəmə çuğullamışdı. Arvad sevimli nəvəsindən yaman küsmüşdü.
Heç nəylə nənəsinin könlünü ala bilməyən qardaşım, qəzeti əlinə alıb yazdığı elmi məqalənin tamam əksini, nənəmin illərdi bəyənib təqdir elədiyi şeyləri qəzetə baxa- baxa ona söyləmişdi.
Nənəsiylə barışmışdı.
Dərs dediyi əmim oğluna yalandan beş yazmışdı ki, dilini dinc qoysun…
Bir onu bilirəm ki, bizlər də ölüb gedəcəyik , bu faciə nəsildən- nəslə ötürüləcək. Çünki, bətnimizdəki körpələrimizin də beyninə onu əkib sonra bu dünyaya gətirmişik.
Xocalı boyda da müsibətizi heç unutmarıq.
Onların da yarası sağalmaz.
Körpəsini, çağasını kol dibində gizlədib sinəsini yağı gülləsinə sipər eləyən ana , balası əlindən alınıb süngüyə taxılan, döşü kəsilən , başı qoparılan şəhidlərimiz də Kərbəla çölündə qanı çay olanlar qədər yandırır bizi.
Yağının tikə- tikə doğradığı gülburnu, əli xına görməyən, çiyni gərdəyə dəyməyən Natiq də o səngərdə günlərlə susuzluqdan yanmışdı.
Yerə düşən kimi su istəmişdi.
İnanmıram, şümür ona su verib…
Natiq də bir Kərbəla şəhidi deyilmi?
Poladımız, Mübarizimiz, Fəridimiz var bizim….
Ruhları şad , cisimləri ipək üstə yatsınlar.
P.S.foto 14 iyul 2024-cü il Yuxarı Gövhər Ağa Məscidində çəkilib.
Müəllif: Bircə XANIM
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru