
BİR VARIQ, YOXUQ.
Bir gün qismətinə ayrılıq düssə,
İkiyə bölünmək, söylə, nə halmış…
Haqqın olmayan şey ovcuna düşsə,
Vaz keçə bilərdin? Çətin sualmış…
Vicdan hakim olsa, çıxarsa qərar,
Mümkünsüz deyəcək, mümkün olana.
Nəfsi dustaq edib, zəncirə vurar,
Nə qədər yansa da gizli yarana…
Udduğun oyundan vaz keçə bilmək,
İmtina eləmək… nə qədər acı…
Kədərlə sevinci iç-içə bilmək,
Ruhən ucalmaqdır, ruhun əlacı.
Məqsəd – yaranmışın yaşam nədəni,
Yaddaşı qədərdir, insan dünyası.
Ruhuna gəmidir onun bədəni,
Arzular dənizsə, sükan – bünyəsı¹.
Beyin bir makina², sayır durmadan,
Bir, bir, sıfır, sıfır, bir, bir, sıfır bir³.
Saysız hesablama… nə çıxsa ordan,
Yekunu qərarın, ovqatın edir.
Canlı prosessən, sən də kimyəvi,
Ayrılan enerji ruhundu bəlkə.
Mühitsən sən ona, turşu, qələvi,
Enerjin qədərdi düşüncə, bilgən.
Bənzətsən, bu həyat bulaq, qaynayan,
Üzündə qabaran köpük tək çoxuq..
Zaman kopuklərlə yeldi, oynayan,
Biz o köpüklərik, bir varıq, yoxuq..
14.07.2024.
¹ bünyə – bədənin təbii halı, quruluşu; bünövrə, özül. “Onun bünyəsi sağlamdır”
²makina – burada: hesablama maşını
³ burada: alqoritmlər
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru