
ŞUŞAYA QOYMAYIN BİZİ
Özünüz yüz kərə, min kərə gedin,
Siz Allah Şuşaya qoymayın bizi!
Torpağın, qayasın ziyarət edin,
Siz Allah Şuşaya qoymayın bizi!
Bizdən turust olmaz Şuşa yönünə,
Qoyun həsrət qalaq azad gününə,
Özünüz keyf edin düzü, eninə,
Siz Allah Şuşaya qoymayın bizi!
Qoy Şuşa bizimçün mələyə dönsün,
Əlçatmaz, ünyetməz diləyə dönsün,
Yenə də alınmaz qalaya dönsün,
Siz Allah Şuşaya qoymayın bizi!
Duyub sevincini gülərik birdən,
Sevinc gözyaşların silərik birdən,
Qəlbimiz tab etməz, ölərik birdən,
Siz Allah Şuşaya qoymayın bizi!
Qoy yolu sizlərə “su yolu ” olsun,
Sinəniz vüqarla, qürurla dolsun,
Qoymayın sevinən “yad qulu ” olsun,
Siz Allah Şuşaya qoymayın bizi!
Qələbə çalsaq da həsrət çəkirik,
Yenə də sailik, yenə fəqirik,
Xarıbülbülü də burada əkirik,
Siz Allah Şuşaya qoymayın bizi!
Qoymayın yoluna izimiz düşər,
Göz dəyər, hüsnünə gözümüz düşər,
Vəsfinə bir misra sözümüz düşər,
Siz Allah Şuşaya qoymayın bizi!
2024
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru