
SALAM, ŞUŞA!
Otuz il bizimçün döndün xəyala,
Nəhayət yetişdik şirin vüsala,
Səni görmək üçün çıxmışam yola,
Arzum həqiqətlə yürüyür qoşa,
Salam, Şuşa!
Qəhrəman ordumuz keçilməz dağla
Gəldi harayına dişlə, dırnaqla,
Qırdı düşmənləri yüngül yaraqla,
Salıb öz izini qayaya, daşa,
Salam, Şuşa!
Yaşadın bəxtinə düşən qədəri,
Unut bundan sonra qəmi, kədəri,
Hər dün gözəlləşən gözəl şəhəri
Bütün elim-obam gəzib dolaşa,
Salam, Şuşa!
Nəhayət yetişdim Cıdır düzünə,
Bələndim Vaqifin şirin sözünə,
Düşərək ustadın aydın izinə,
İlhamım çağladı, təb gəldi cuşa,
Salam, Şuşa!
Gəldim, gözlərində gülüşü gördüm,
O mavi səmanı, günəşi gördüm,
Səni əbədilik qəlbimə hördüm,
Daha bundan sonra bəxtəvər yaşa,
Salam, Şuşa!
18.07.2024 – ŞUŞA
Müəllif: ELÇİN MƏLHƏMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru