
OLSUN-OLSUN
Gözəldir yurdumun qızı, gəlini,
Yanağı həyadan al olsun-olsun.
Üzündə oynasın əbrişim teli,
Al dodaq üstündə xal olsun-olsun.
Nə çoxdur hikməti göz təmasının,
Gözlə silmək olur könül pasını.
Hər kəs tanıyanda öz “para”sını,
Gözlər dərinləşib, göl olsun-olsun.
Elə rəngli qalsın o ilk həyacan,
Ürəkdən su içsin dildəki “can-can”
Etməsin qovğalar xəstə, yarımcan,
Sözləri kəsməyə bal olsun-olsun.
Gün gündən ürəklər bağlamasın buz,
Qalmasın insanlar nə tək, nə yalnız.
Dalaşıb küsəndə bir azacıq üz,
Geriyə dönməyə yol olsun-olsun.
İnsan neyləsə də ilgiyə möhtac,
Hikkə ayrılığa verməsin rəvac.
Bəzən büdrəyəndə, gəzəndə əlac,
Qolundan tutmağa qol olsun-olsun.
Həm yaz gözəl olsun, həm də qarlı qış,
Dönsün yuvasına bahar, qaranquş,
Çatsın ünvanına, Zeynəb, hər alqış,
Ağzından çıxan söz fal olsun-olsun.
07.07.2024
P.S.Bugünkü (21.07.2024) “Sarı Aşıq” ədəbi məclisindən və məclisdən sonra Lənkəranın istedadlı gənc şairə qızı AYTƏKİN ƏZİZ ilə görüşdən xatirə şəkli.
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru