Gözəl Şuşamıza bu dəfə də qızımla bərabər getmişdim…

Gözəl Şuşamıza bu dəfə də qızımla bərabər getmişdim, həm də dumanlı, çiskinli havada. Bu dəfə günəşli, isti havasıyla yandırmadı bizi, ehtiyacımızı bilirmiş kimi dumanın sərini qarışıq nurlu yağışıyla üzümüzü, saçımızı yuyub yol yorğunluğumuzu canımızdan çıxartdı qadasın aldığım, hər halıyla gözəlim. Küçələrinə ayaqyalın düşmək istəyirsən, tütyə üstündə gəzirsənmiş kimi . Gözlərini qırpmaq istəmirsən ki, birdən xəyal olub uçar, bir anlıq xoşbəxtlik kimi. Ömrümüzün nağılı bildiyimiz həqiqəti oldu şükr Allaha, min şükür. Dəniz ilk dəfə gördüyü Cıdır düzünü duman-duman gəzib dedi ki, buranın nəsə ayrı bir sirri var, elə bil burdan batıb başqa bir zaman portalından çıxa bilərsən, ya da tamam yox olarsan… Nə isə, bir konkretliyə sığışdıra bilmirik gördüklərimizi hələki. Təki uçduğumuz göylərdən bizi yerə endirən cırlıqlarımız olmasın. Bu dəfə tam əmin oldum ki, biz Şuşaya bütün paklığımızın səfərbərliyi ilə dualarımızla, gözyaşlarımızla gedib qayıdırıq, Həcc ziyarəti kimi.
Gəzinti turlarının sağolsunlar, əlçatan variantlarının sayəsində yəqinki, camaatımızın əksəriyyətinin artıq Şuşanı görmək imkanı oldu, ürəyimizdən tikan çıxartdıq heç olmasa.Bu yollarda gəzinti avtobusları sanki bir məbəd guşəsinə çevrilir, hamı bir-birinə munis, hamının dilində şəhidlərimizin ruhuna, qazilərimizin canına dualar, gözlər, ürəklər dolu, sözlər, ifadələr münasibətlərin yüksəkliyi qarşısında açiz… Aşırımlı yolların sonuna doğru Şuşanı qucağına almış qayalardan yonulmuş “vazası” görünməyə başlayanda nəfəsin daralır, gözlərinin görmə rakursu dəyişir elə bil. Nə bilim, bu da bizim yeni sınağımızdır yəqin. Qoy olsun bizim Yüksəliş sınağımız.
Amma diqqətimizi də əldən verməyək, hələ Qarabağımız sağlamlığını bərpa dövrünü keçir, nəvazişimizi üstündən əskiltməyək. Bütün ərazidə, əsas da Şuşada böyük tikinti işləri gedir. Qədim abidələr bərpa olunur, küçələr salınır, yeni binalar tikilir. Çox gözəl. Amma elə hər dəfə gedəndə göbələk kimi çoxalan kababxanalar, bahalı restoranlar da görürük. Olsun, turizmin inkişafı bunu da tələb edir, məlumdu. Amma hələ yolları, küçələri tam qaydaya düşməmiş bir yerdə buna çoxmu ehtiyac var? Açıq deyəcəyimə görə üzr istəyirəm, belə imkan varsa bu şəhərin ilk növbədə heç olmasa ödənişli,təmiz ictimai tualetləri tikilməlidir axı. Şəhərə hər gün heç olmasa 3-4 avtobus adam gəlir. Niyə onlar təzə bərpa olunmuş Yuxarı Gövhər Ağa məscidinin dəstəmaz yerində növbəyə dayanmalıdırlar? O restoranları işlədib pul qazananlar heç olmasa, bu məsələyə bir yardım göstərsinlər. Belə getsə, susuzluq, natəmizlik, adi insani məişət ehtiyaclarının imkansızlığı elə qorxuram, görülən işləri belə gözdən salar. Hər gələn hələ nabələd qonaqdır, bəlkə də maddi imkanını aşaraq neçə yüz kilometrlərlə yol gəlib ki, həsrətində olduğu yerləri görsün. Naxçıvandan nəvələrini, övladlarını yığıb Şuşaya gələn bir yaşlı xanımla yol yoldaşıydıq, düz yeddi nəfər idilər.Camaatın hisslərinə hörmətlə yanaşılmalıdır məncə. Hamı böyük imkanlar sahibi olmur, bunu nəzərə almaq lazımdır.

Hörmətlə: Güldəniz Qocayeva

Güldəniz Qocayevanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir