Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
21- ci hissə
RASİM KƏRİMLİ – şair, pedaqoq

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm.Xatırladım ki, bir qədər unudulmuş, yaradıcılığına biganə münasibət bəslənmiş şair Rasim Kərimli haqqında ilk və yeganə verilişin ssenari müəllifiyəm.Rasim Kərimliyə həsr etdiyimiz “Sətirlər” verilişinin həmin buraxılışını 2021-ci ilin mayında “Mədəniyyət” kanalı vasitəsilə izləyicilərə təqdim etmişik.Şair haqqında yazılarımı müəllifi olduğum – “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarında verdiyim üçün çox şadam)

BİZİM ADAM – RASİM KƏRİMLİ
(xatirə – esse)

-Adınız?
-Rasim.
-Soyadınız?
-Kərimli.
-Kimsiniz?

Qarğalar mükafat alanda ortaya bədheybət sükut çökər, təqdirə-şayan şairlər kölgədə qalar.Mənə sarı gəlməkdə o qaraltı, kimdirsə bizim adama oxşayır.Gəlişindən tanış gəlir, elə yerişindən də.Əlində əsa, tösmərək bir kişidir.Gəlir…Axsayır, bir ayağını çəkir.Düz Qırıqlıdan gələnə oxşayır.Düz Qırıqlının qırıq, incik, küskün sakininə – şair Rasim Kərimliyə bənzəyir.
Ləngərli, astagəl yerişiylə bizə sarı gəlməkdə olsun Rasim Kərimli, mən isə onu tanıyanlardan bircə-bircə soruşum:
Söz xiridarlarından, şeir məclislərindən, mahnı mətnlərindən, universitet tribunalarından, Zəminə xanımdan, Cavid Axundov ocağından,
Aşıq Ədalət avazından, Aşıq Xanlar sazından, Qəzənfər müəllimin sözündən soruşacağam şair Rasimi.Daşdan-divardan, dağdan-arandan soruşacağam:

  • “Bu illər ərzində hardaydı?” – deyə hətta ittihamda da bulunacam.Əvvəlcə lap özəkdən başlayaq, özək deyəndə mən torpağı, kökü başa düşürəm.Doqquz oğuzun Tovuz yurdu məskənidir Rasimin.Özü demiş:

-“Mahallar mahıdır mənim Tovuzum,
Cənnətdir, behiştdir hər yan görərsən.
Qızıl güllərini, çiçəklərini,
Ətirlər, ənbərlər yayan görərsən.”

Ətirli, lətif şeirlər müəllifinin əlində əsa da var, axsaya-axsaya gəlir.Aşıq Nağının yanından gəlir.Rasim el havalarına, havacatlarına bələd olmağı Aşıq Nağıdan öyrənmişdi axı.Ancaq öyrənmək üçün əvvəlcə doğulmaq lazım idi.1932-ci ilin mayında dünyamızı şərəfləndirən şairimizin özünü tanıyan az, şeirlərini əzbər bilən çox.Saz çalmağı qiyamət, zurna-balabanda ifası məharət.Hələ tələbə ikən qarmon, pianoda ifa etməyi də olsun şücaət.Dövlət Universitetinin filologiya fakültəsi şairin nəsibinə, müəllimlik etdiyi illər Ağsu rayonunun qismətinə yazılsın.Elmi fəaliyyəti Nizami adına
“Dil və Ədəbiyyat İnstitutu” nda, şairliyi isə oxucuların sinəsində qalaqlansın.Hələ şair Rasim alim Rasimi qatlayıb dizinin altına qoysun, ona məğlubiyyəti daddırsın, dizini büküb kürəyini yerə vursun.Ancaq hər incə mətləbi anlamayan naşıların, bekar-behtin, veyil adamların əlindən zara gəlsin. Cavanına nə fayda, yaşlısına nə fayda? Əbləhinə nə fayda, naşısına nə fayda.

Nə fayda?

Elinə, gününə yanmayan bir kəs,
Tutaq ki, sultandı, xandı, nə fayda?
Gənclikdə ömrünü xar eyləyənlər,
Çallaşan vaxtında qandı nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də,
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı nə fayda?

Rasiməm, dar gündə dostuma dayaq,
İnamın yoxdursa, imtahan et, bax,
Zülmət gecələrdə yanmayan çıraq,
Günəşli günlərdə yandı nə fayda?
(R.Kərimli)

Bu adam bizim adamdır.Üzündən nur tökülür.Nur yerinə su tökülsə, selləmə yuyub aparar zəif, cılız şairləri.Necə ki, silib-aparırdı, Yazıçılar İttifaqında “şeirlərində hiss yoxdur” deyənlərin qənşərindəcə dim-dik dayanmışdı.Hələ cırtqozluq eləyib onların cavablarını tutarlı şəkildə verən də Rasim olmuşdu.Cavab verməyə də bilərdi, axı sonralar dillər əzbəri olacaq şeirləri yaxşıca, duzluca cavab hazırlamışdı onlara.Rəvan şeirləri xalqa yaxın imiş, sən demə.
-Xalqa?
-Bəli!
-Bəs, haqqa?
-Elə haqqa da.
-İkisi də eyni deyilmi? Xalq ya haqq, təfavütü bir qırıq.Düz Qırıqlıdan bizə sarı gəlir Rasim Kərimli.
80-ci illərin əvvəllərindən çıxıb gəlir.Şüvəlan, milis məktəbinin arxasındakı bağların – Cavid əminin ocağının sevimli müsafiri Rasim Kərimlidir.
15 noyabr 1983-cü ildə öz imzasıyla yenicə çapdan çıxmış “Biləydin kaş…” kitabını Cavid əmiyə bağışlayarkən, ürək sözlərini yazmağı da unutmur:

  • “Gözəl şair, dostum Cavid Axundova və onun gözəl ailəsinə sonsuz hörmət və ehtiram əlaməti olaraq”
    İmza: Rasim Kərimli
    15.11.1983

Bu kitab mən – Turan Uğurla yaşıddır.Bu kitabın çapa getdiyi gün 3 oktyabr 1983-cü ildir, yəni bəndənizdən 11 gün böyükdür.İndi əlimdədir bu kitab.Rasim Kərimlinin ailəmizə olaq sıcaq, hənirli münasibəti bu kitabın səhifələrindən barmaqlarıma keçir sanki və məni şair haqda peydərpey yazmağa sövq edir.Qoşmaları, gərayılıları, lirik poemaları ilə yaddaşlara həkk olan şair haqqında yazmaq özü də göyə bağlıdır.Gərək nidası göydən gələ.Atalar deyib ki…

                                Bağlıdır

Atalar deyibdir:”Yağmasa bitməz”
Torpağın taleyi göyə bağlıdır.
Şöhrət var, Günəşlə, Ayla ölçülür,
Şöhrət var mənsəbə, boya bağlıdır.

Nə var tələ qurub qada verməyə,
Mərd odur, yaxşını yada verməyə.
Adam var, adamı bada verməyə,
Bircə himə bənddir, haya bağlıdır.

Nə yalvar, nə dilən, nə zorla ad al,
Nə tənə selinin qarşısında qal.
Göz yaşı tökməklə yetişmir vüsal,
Həsrətin çarəsi toya bağlıdır.

Nə vaxtdır dağlarda çiçək görmürəm,
Yolunu, izini göyçək görmürəm.
Sinə var, altında ürək görmürəm,
Sanki daş asılıb, qaya bağlıdır.

Dünyanı yaşadan nurdur, işıqdır,
Deyəsən, hardasa baş qarışıqdır.
Nöqsan axtaranda gözün açıqdır,
Gözəllik görəndə niyə bağlıdır?

Eh, vaxt qonaq, bivaxt qonaq.Aşıq Xanlar, Aşıq Ədalət, Həşim Qərvəndi sazəndə qonaq, şair qonaq.Gəncəbasarlı dostlar bir yerdə, bir arada…Hələ onların sırasında Qəzənfər müəllim (Qəzənfər Paşayev) də olardı.
Yığışıb şeir-söz məclisi düzəldənlər Firəngiz ananın turşu-qovurma, döşəmə plovundan da nuş edərdilər.Həmin məclislərin bir ünvanı da indiki Süleyman Rəhimov küçəsində yerləşən şairin mənzili olardı.Mikayıl Azaflıdan tutmuş Kamandara, Osman qağadan (Osman Sarıvəlli) gəl üzübəri Zəlimxan Yaquba, professor Bəşir Əhmədliyə, Camal Mustafayevə kimi.Dəmiryolu vağzalının yaxınlığında yaşayarsansa, bir də evin Zəminə xanım (Rasim Kərimlinin həyat yoldaşı) demiş, Aşıqlar Birliyinin filialı olarsa, deməli, qonaq-qaradan bolsan.Amma bu şux məclislərin də son bulduğu günlər olur.Şairin Zəminə xanımdan ayrıldığı çağlara elə də çox qalmamışdı.Günəşli günlərdə yanan çıraqlar kimi faydasız olacaqdı Rasim Kərimlinin sonrakı peşmanlıqları.

 Evin çırağı

Evə qayıdanda hər axşamçağı,
Elə ki görürəm işığım yanır.
Bilirəm evdədir evin çırağı,
Gözüm də, könlüm də nura boyanır.

İşıq gəlməyəndə pəncərələrdən,
Qəlbimdə parlayan işıq da sönür.
Evə yaxınlaşmaq istəmirəm mən,
Hər yan gözlərimdə zülmətə dönür.

Heç əskik olmasın evin çırağı,
O, qəlbə dayaqdır, o, ömrə keşik.
Çəkmişəm qəhrini çıraqsızlığın,
Çıraqsız qalmasın bir ev, bir eşik.

Ömür-gün yoldaşından gen düşməyi onun ağır yerişlərinə qurğuşun təki çökür.
-Bəs, ürəyinə?
-Elə ürəyinə də.

“Səni itirdiyim gündən, ay mələk,
Dünyada hər şeyi itirmişəm mən”

Belə naçar günlərin birində ustad şairimiz, şairin həmyerlisi Məmməd İsmayıl da onu küçədə təsadüfən pərişan, dərbədər görür.

Məmməd İsmayıl:

  • “O vaxt Bakıda təsadüfən qarşılaşdıq.Çox pis vəziyyətdə idi.Bir qadınla yaşayırdı, onu elə görəndə dünyam qaraldı”

Ancaq ailəsinə olan sevgisi əbədi oldu şairin.Hələ övladları – İlqara və Eldara həsr etdiyi şeiri oxusaq lap yerinə düşər.

Dünyada

(Oğlanlarım İlqara və Eldara)

Ömrün baharı da, qışı da xoşdur,
Hər çəndən, dumandan küsmə dünyada.
Məramın, məsləyin, yolun bir olsun,
Yel kimi hər yana əsmə dünyada.

Ucal kamalınla, alın tərinlə,
Bir qitə kəşf elə hər səfərinlə,
Zirvələr yaransın qoy hünərinlə
Xeyirsiz, bəhrəsiz gəzmə dünyada.

Bağbanın ürəyi bağa bağlıdır,
Şirinlik-acılıq tağa bağlıdır,
Dağın da arxası dağa bağlıdır,
Əlini əllərdən üzmə dünyada.

Bu öyüd dolu misralar şairin təkcə oğlanlarına deyil, bütün balalara nəsihəti idi.Bu yazım boyunca hamıdan sordum şairi, təkcə biçarə bülbüllər qaldı, görüm onlar nələr ötəcək?

Verilmədi

Yetirin ərzimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə,
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ,
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalaq,
Bayquşa əzəldən göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın taleyi gümana qaldı.
Qarğa qarıldadı mükafat aldı,
Biçarə bülbülə söz verilmədi.

İndi tamamən kölgədən çıxdı şairimiz, yaradıcılığına böyük pəncərə açıldı.O pəncərədən 1996 – cı ilin iyun ayında, sıcaqlı bir gündə həmkəndlisi, sayğıdəyər alimimiz Qəzənfər Paşayev də görünür. Qəzənfər müəllim onu dəfn edənlər arasında idi.Yiyəsiz şairə yiyə çıxan, ona qahmar çıxan Qəzənfər müəllimə Rəbbimizdən sağlıq dolu ömür təmənna edərkən, bir də şair Rasim Kərimliyə son suallarımı verəcəm:

-Adınız?
-Rasim.
-Soyadınız?
-Kərimli.
-Kimsiniz?
-Sizin adam…

(Yazımda Rasim Kərimlinin yaxın dostu akademik, şair Cavid Axundovun, Cavid müəllimin ömür-gün yoldaşı Firəngiz xanım Axundovanın, şair Məmməd İsmayılın, Əməkdar elm xadimi Qəzənfər Paşayevin, atam Asif İsmayılzadənin xatirələrinə, habelə müəllifi olduğum “Sətirlər” və
“Tale şairi: Məmməd İsmayıl” kitablarındakı faktlara söykənmişəm)


04 avqust 2024-cü il,
Bakı.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir