Fəzail RZAQULİYEV – DAĞLAR QOYNUNDA QƏDİM DİYAR – KƏLBƏCƏR

DAĞLAR QOYNUNDA QƏDİM DİYAR – KƏLBƏCƏR

“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə

Yazı bütövlükdə müsabiqənin tələblərini əhatə etməyə bilər. Bu, Zülfüqar Hüseynzadənin döyüşkən ruhu xatirinə Kəlbəcərin o dövrünə qısa səyahətdir. Qoy, mübariz jurnalistimiz kimi o dövrün hadisələri də heç vaxt unudulmasın. Necə deyərlər, unutsaq, unudularıq. 

Rayonun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Burda ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövrdən keçən müddət 4 milyon ildən artıq bir tarixdir. Kəlbəcərdəki mağara düşərgələrində müxtəlif vaxtlarda aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Qobustan qayaları üzərindəki rəsmlərin oxşarı, mixi yazılar son tədqiqatlar zamanı aşkarlamışdır.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri vardır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Füsunkar təbiəti olan Kəlbəcər sıldırım qayaları, sıx meşələri ilə seçilir. Təbii sərvətlərlə zəngindir. Ölkənin ən böyük qızıl yatağı Kəlbəcərdədir.

Son olaraq inzibati ərazi vahidi kimi Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş, 25 noyabr 2020-ci ildə müzəffər ordumuz tərəfindən azad edilmişdir.

Münaqişə illərində

Ermənistanla Azərbaycan arasında milli münaqişə dövründə Kəlbəcər camaatı daha çox əziyyət çəkdi və sarsıntılar keçirdi. Kəndlərin bir-birindən aralıda yerləşməsi könüllü dəstələrin vəhdətinə, birləşməsinə mane olurdu. Kəlbəcərin və sərhədyanı kəndlərin hündürlükdə yerləşməsi əhalidə ermənilərin hücum etməyəcəyi təskinliyi yaradırdı. Qonşu Laçın və Dağlıq Qarabağın Ağdərə rayonlarında, eləcə də Ermənistanın Göyçə mahalında azərbaycanlılar yaşayırdı, ermənilərlə arada bufer rolunu oynayırdı. Göycə mahalının əhalisi köçürüldükdən sonra bölgəyə rusdili Sovet qoşunu yeridilərək sərhəddi mühafizə altına aldı. 

Mərkəzlə əlaqə

Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilməmişdi. Yeganə şassi yol olan Tərtər – Ağdərə (Dağlıq Qarabağ) – Kəlbəcər yolundan istifadə edərək mərkəzlə əlaqə saxlayırdılar. Rəhbərlikdə oturanlar gözəl başa düşürdülər ki, ermənilər istədikləri vaxt tunel yolu (Ağdərə yolunu) bağlayıb Kəlbəcərin mərkəzlə əlaqəsini kəsə bilərlər. Odur ki, alternativ yollar haqqında düşünməyə başladılar.

1988-ci ilin aprel ayında iki istiqamətdə yol çəkilişinə başlandı. Bunlardan biri Kəlbəcərin tunel bölgəsini Laçın rayonu, digəri Yanşaq – Meydançay bölgəsini Murovdağdan keçməklə Gəncə şəhəri ilə birləşdirəcəkdi. Kiçik Qafqaz sıra dağlarında dəniz səviyyəsindən üç min metr və daha yüksək hündürlükdə olan Murovdağdan yol çəkilişi məsələsi ağlabatan olmasa da başqa çıxış yolu da qalmırdı. SSRİ tarixində ilk dəfəydi smeta-layihə sənədləri tərtib edilmədən çəkilişi başlanan yollar yalnız bələdçilərin göstərişi əsasında aparılırdı. Həmin ilin yazında ölkə rəhbərliyinə gətirilən Vəzirov bu yolların həmmüəlliflərindən olmasa da çəkilişə əngəl də törətmədi.

İyulda Laçın istiqamətində çəkilən yol başa çatdırıldı və Qorçu kəndində ümumi şösse yola birləşdirildi. Sentyabrın ortalarında isə Gəncə istiqamətində çəkilən yol Murovdağ aşırımını keçərək Xanlar rayonunun Toğanalı kəndindəki yola birləşdirildi.

Yol çəkilişi Kəlbəcərin mərkəz ilə əlaqəsini yaxşılaşdırsa da gərginliyi aradan qaldırmadı. Belə ki, Tərtər – Ağdərə – Kəlbəcər marşrutu ilə hərəkət edən maşın karvanı yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisinin hücumuna məruz qalırdısa, yeni marşrutda olan Çaykənd, Azad və Kamo kəndlərində tam olaraq yaşayan ermənilərin təxribatlarından da yan keçmək mümkünsüz idi.

Son olaraq Ağdərə yolundan nə vaxt istifadə olunduğu xatırlanmasa da Murovdağ yolu hazır olandan sonra bu yoldan istifadəyə üstünlük verildi. Yoldan istifadənin xüsusi əhəmiyyəti vardı. Bu yolda tək hərəkət təlimata uyğun deyildi. Toğanalı kəndinin girəcəyində, Aşırımın ətəyində və Meydançay deyilən ərazidə “Yol evi” deyilən daldalanacaqlar tikilmişdi ki, burada sürücülər bir-birlərini gözləyib karvan şəklində yollarına davam etməliydilər.

İlk müdafiə tədbirləri

Kəlbəcərdə ermənilərin təxribatları ilə üzləşdikdən sonra özünümüdafiə məsələsi ortaya çıxdı. Ağdərə yolundan keçən maşınlara basqınla kifayətlənməyən erməni dığaları kiçik qruplarla kəndlərin “kəşfiyyat”ına çıxmağa başlayırlar. 1989-cu ilin iyun ayında, artıq xeyli vaxtdır Kəlbəcər maşınlarının Ağdərə yolu ilə keçmədiyini görən ermənilər on bir nəfərlik qrupla Ağdaban kəndi ərazisinə gəlirlər. Fəal tərpənən kənd camaatı onları zərərsizləşdirərək rayon mərkəzinə gətirir və milisə təhvil verirlər. Çox keçmir ki, rus hərbçilərinin müşayiəti ilə iki vertolyot gəlir və tutulanları istintaqa cəlb etmək üçün Xankəndinə aparmalı olur. Nəzərdə tutulmuş vertolyot meydançasına deyil, stadiona enən vertolyotlardan biri qalxma zamanı qəza törədərək meydançada futbol oynayan səkkiz azyaşlını qanına qəltan eyləyir və Kəlbəcər camaatını matəmə qərq edir. Bununla da özünümüdafiəyə qalxan camaat könüllü qruplar yaratmağa başlayır. Bu vaxt Daxili İşlər Şöbəsinin tərkibində milis bölüyü yaradılır və Ermənistanla sərhəddə olan Söyüdlü, Qara qaya, Dikyurd, Yellicə, Zəylik, Taxtadüz, Xanım dərəsi, Dağlıq Qarabağ ilə həmsərhəd olan Ağdaban, Narışdar, Çərəktar və təxribat xarakterli hücumlar gözləniləsi ehtimal olunan digər ərazilərdə postlar qurulur. Həmin postlarda iki yüz nəfərlik milis bölüyünün nəfərləri ilə bərabər könüllü dəstələrin üzvləri də dayanmalı olurlar.

Könüllü müdafiəçilərin əzmi rəhbərliyin atdığı iki addım nəticəsində qırılır. Birincisi, 1990-cı ilin iyirmi yanvar qırğınından sonra əhalidən ov tüfənglərinin yığılması və rusdilli Sovet qoşun dəstələrinin bölgəyə yerləşdirilməsi könüllü müdafiə dəstələrinin nizamını pozur və onlar fəaliyyətlərini dayandırırlar.

Təxribatlar münaqişəni dərinləşdirir

Mart ayından Dağlıq Qarabağda rəhbərliyi üzərinə götürən rus hərbçiləri ilə aparılan danışıqlar nəticəsində maşın karvanının Kəlbəcər – Ağdərə – Tərtər marşrutu ilə köhnə qayda üzrə hərəkətinə icazə verildi. Bir müddət yük maşınları, sərnişin avtobusları hərbçilərin müşayiəti ilə bu yolla işlədilər. Vahimə içərisində hər an hücuma məruz qalacaqlarından dörd göz olub bu bir neçə saatlıq yolu cəhənnəm əzabı ilə qət edirdilər. Nəhayət, qorxduqları başlarına gəldi. Iyunun 11-də ermənilərin vəhşiliyi kəlbəcərliləri ikinci dəfə sarsıtdı və düşmənçiliyi bir az da dərinləşdirdi. Həmin gün Tərtərdən gələn maşın karvanı Otaq qaya adlanan yerdə pusquya düşdü, gülləbaran olundu. Onlarla kəlbəcərli və İstisu sanatoriyasına gələn qonaq yaralandı, şikəst oldu. Xidməti vəzifə borcunu yerinə yetirən (hərbçilərlə bərabər həm də milis işçiləri karvanı müşayiət edirdi) milis mayoru həlak oldu. Onunla bərabər rus hərbçilərindən əsgər Sergey Mezentsev aldığı güllə yarasından dünyasını dəyişdi.

Rus hərbçiləri yeganə xilaskar rolunda

Kəlbəcər rayonu ərazisində xidmət keçən rus hərbçiləri əhalinin rəğbətini qazana bilmişdi. Onlardan elələri var idi ki, əvvəllər Ermənistanda xidmət keçib dığaların riyakarlığının şəxsən şahidi olmuşdu.

Həm də bir neçə dəfə erməni yaraqlılarına qarşı əməliyyatlar keçirmişdilər. Əməliyyat zamanı Dağlıq Qarabağın həmsərhəd olan Getavan, Çapar, Vaqauz, Zərdəxaç kəndlərindən 24 nəfər erməni yaraqlısını həbs edərək Tərtər rayon Daxili İşlər Şöbəsinə təhvil vermiş, Haterk kəndi yaxınlığında 40 nəfərlik silahlı dəstə ilə döyüşə girərək onlardan çoxunu məhv etmiş və yerdə qalanını həbs edərək təhvil vermişlər. Beləliklə, bir neçə əməliyyatda ədalətlilik prinspindən çıxış edən rusdilli Sovet qoşunu kəlbəcərlilərin əsil xilaskarına çevrilmişdi.

Milli Ordu yaradılmağa başladıqdan üç ay sonra Sovet qoşunlarının bölmələri Bakıya çağırıldı. Bu proses bütün sərhədyanı rayonlarda, o cümlədən Kəlbəcərdə 1992-ci ilin mart ayında həyata keçirildi. 

Müdafiə naziri Kəlbəcərə gəlir

Aprel ayının yeddisindən səkkizinə keçən gecə ermənilər Ağdaban yaşayış məntəqəsini işğal edir. Bu xəbəri eşitcək Gəncə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənov 75 nəfərlik milis bölüyünü Kəlbəcərə köməyə göndərir.

Müdafiə naziri Rəhim Qazıyev dərhal Kəlbəcərə gəlir. Ölkənin müdafiəsinə cavabdeh şəxs vəziyyəti analiz edib əmr verir. Onun əmri ilə 701 saylı hərbi hissə Kəlbəcər rayonunun müdafiəsinə göndərilir. Həmin hərbi hissə Bakının Şıxov massivində Sovet ordusundan miras qalan normal şəraitli hərbi şəhərcikdə yaradılan və Ali Baş Komandanın son ehtiyatı idi.

***

Düzdür, Kəlbəcərdən sonra ard-arda digər rayonlar da işğal olundu. Kəlbəcərin işğalını isə həmin rayonların işğalı ilə eyniləşdirmək olmaz.

Müəllif: Fəzail RZAQULİYEV

Hərbi psixoloq

FƏZAİL RZAQULİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir