
ƏDƏBİYYATLA TARİXİN SİNTEZİ
Bu günkü qəhrəmanım Pərviz Yəhyalıdı. Yazıçı Pərviz Yəhyalı. Titullarını sadalamağı sevmir. Hərçənd ki, ədəbiyyatda öz sözü, öz dəst-xətti ilə seçilən yaradıcı ziyalılarımızdandı.
Adına və soyadına sadiqdi. Tarixinə bağlıdı. Gözəl tarixçidi həm də. Pafosdan kənardı. Düşündüyünü, hiss etdiyini yazır. Qələminə arxalanan yazardı . Yazılarından tanıyıram Pərviz Yəhyalını. Yalançı sevgilərdən, saxta səmimiyyətdən uzaqdı. Hər kəs kimi düşünmür. Elə hər kəsə də özünü isbat etməyə çalışmır. Sakitliyində də içindəki təlatümü gizlədə bilmir. Min ildi haqqa doğru gedir. Ədalətlidi. Qərarları da ədalətlə verir. Sözündə qətidi. Konkretdi. Düşündüklərini sonda deyir. Oxucunu intizarda qoymağı sevir nədənsə. Əfsanələrə və əsatirlərə inanır. Sözünün arxasında min bir qənaətləri var. . Amma bütün hallarda özüdü. Heç kimi təkrarlamır. Dünəndə də, bu gündə də Pərviz Yəhyalıdı. Yazdıqları müxtəlif dillərə tərcümə olunub. Hamısında da qalibdi. Gözəl müəllim, gözəl pedaqoq, gözəl yazıçıdı (Boynuna almasa da) .Əməkdar müəllimdi. Dostluğumuzun yaşı çox deyil. Amma mənə elə gəlir ki, onu lap uşaqlıqdan tanıyıram. Gəncliyinə bələdəm sanki. Neçə ilin yolçusuyuq elə bil. Sözü bələdçimdi. Səsindən başa düşürəm fikirlərini, düşüncələrini. Özü haqda məlumat verməyi sevmir. Tərifdən qaçır. Bir neçə elmi kitabların müəllifi olsa da, dəfələrlə ölkədə ilin ən yaxşı müəllimi kimi birincilik qazansa da heç yerdə bu haqda danışmır. Onun haqqında məlumatları da çətinliklə əldə etmişəm. Əgər buna məlumat demək olarsa.
Qaranlıqda da işıq axtaranlardandı.” Ruhu göylərdə gəzənlərdən heç vaxt pislik gəlməz” prinsipi ilə yaşayanlardandı. Bütöv Azərbaycan sevdalısıdı. Eyni zamanda içində doğulub boya başa çatdığı Göyçaya bir övlad bağlılığı var. Bu onun doğma torpağa , yurd-yuvaya sufi sevgisindən irəli gəlir.
“Bəzən küskün olanda dərələrin də xiffət çəkdiyini duyursan”-deyir həsrətin ən alisini yaşayan yazar. Onun fikrincə dağların da, təpələrin də, dənizin də, dalğaların da, yolların, evlərin də öz dili var, öz ruhu , öz canı var. Yetər ki, onları öz dilində danışdıra və dinləyə biləsən.
Pərviz Yəhyalı küçələrlə, ağaclarla, kollarla, çiçəklərlə dil tapan yazardı. Onun fikrincə adamlardan çox təbiət başa düşəndi , duyandı. Elə təbiətin etibarını da çoxdan qazanıb Pərviz Yəhyalı. Düşündüklərində azaddı. Qələmini də azadlığa öyrəşdirib. Üsyanında da, küfründə də, zikrində də özünə , sözünə söykənir. Onunçun qırmızı işıqda keçmək dərd deyil. Təki yolun sonunda azadlıq , sevgi və xoşbəxtlik olsun.
“Deyirlər guya arılar insanlar tərəfindən əhliləşdirilən yeganə həşəratlardı…Əgər doğrudan da əhliləşmiş olsaydılar gəlib dilimin ucundakı adın şirinliyindən balı aparardılar pətəklərinə”-deyir Pərviz Yəhyalı. Əslində şikayət etmir . O adın uzaqlığına sığınıb , həsrətinə bal qatıb bir də , bir də yaşamaq istəyir dəli sevdasını. Onunçun zaman və məkan anlayışı yoxdu. Sadəcə hisslər, duyğular və yaşananlar var. Xəyali və mücərrəd hər şey Pərviz Yəhyalıyçun əlçatandı əslində. Yetər ki, ruhun buxovlanmasın. Qərib və qəribə hisslərin yolçusundan bundan başqa heçnə gözləmək olmaz. Ruhuna bağlıdı axı. Onun ruhu bütün sərhədləri aşacaq qədər azaddı.Amma bu azadlığın içində sirli bir məhkumluğu da var yazarımızın. Elə o məhkumiyyətidi onu yaşadan , yaratmağa vadar edən və duyğularına kökləyən. Çılğındı.( Məncə) Amma emosiyasında da sakitdi. Sükutunda nigaranlığı və qəribə qorxusu var. Başa düşülməmək və tənha qalmaq qorxusu.
“Bəlkə də sahildən baxan neçə baxışlar boğulub bu dənizdə”-fikriylə tam şərikəm dostumuzun. . Axı dəniz şahiddi. Sevincin, kədərin, sevginin, nifrətin , qanın, qadanın, ağrı, acının şahidi. Sularında o qədər göz yaşı , ayrılıq , sevgi qərq edib ki dəniz ..Sorğusuz , sualsız özü də. Amma yenə ən etibarlısı elə dənizdi yazarın fikrincə.
Pərviz Yəhyalının həsrəti də yamyaşıldı. Öz ətrində, öz rəngindədi həmişə. Təptəzədi. Xəzəlləşmir.
“Bu yolun sonunda , günəşdən o tərəfə bir sükutlu ,səssiz, uzun gecə var. O gecədədi həsrətin sonu. Orada xəyalların gerçək olacağı yuxu var ” -qənaətindədi Pərviz Yəhyalı. Ona görə də hissləri qocalmır, öz yaşındadı həmişə. Pəncərəsi ayrılığa baxır duyğularının. İçindəki qəhrəmanın həsrətindən özünə də pay düşür deyə sevə-sevə çəkir ayrılıq yükünü. Həmdəmi gecələrdi. Yuxuyla gerçəkliyin tam ortasında tökür bütün ağrılarını qaranlığın üstünə. Səhərəcən bir vüsal çiçəkləyir duyğularında. Gecənin səssizliyiylə pıçıldaşa -pıçıldaşa işığa can atır yazıçı. Özünü ovuda-ovuda, yariyuxulu, yarıoyaq duyğularının yoluna işıq tuta-tuta, barışa -küsə səssizliyi gecəylə bölüşür sabahacan . Bu da Pərviz Yəhyalının bir uğurudu. Tənhalıqla baş -başa verib vaxta hakim kəsilmənin özü də qəhrəmanlıqdı.
“Cığırlar da, yollar da hamısı dolanıb dünyanın başına son ucu sən olan ünvana boylanır.Bütün çiçəklər, güllər günəşə boylandığı kimi.Bəlkə sən də insafa gəlib o mübarək qədəmlərini basasan yolların bağrına, mən sarı. Vallah dağılmaz dünya. Olsa-olsa çiçəklər üzün çevirər sən gələn yollara”.Fikirlərə baxın. Görün necə təzə, orijinal və təkrarsızdı. Nəfəsi üstündədi yazdıqlarının. Canlıdı. Uzunçuluqdan uzaq , bənzətmələr özünəməxsuz, fikirlər aydın və səlisdi. Ümumiyyətlə Pərviz Yəhyalı obrazlılıqdan məharətlə istifadə edən , hər yazısında təbiiliyə qaçan , qəhrəmanlarını öz duyğularının süzgəcindən keçirməyi bacaran yazıçıdı. Mənzum şeir də adlandırmaq olar onun yazılarını. Boğazdan yuxarı heç bir yazısı yoxdu. Özünütəlqini sevmir. Öyrənməyi sevir. Ədəbiyyata vurğundu. Darmacallıqda da ədəbiyyat yadından çıxmır. Bütün hallarda həyatının mərkəzindədi ədəbiyyat. Bəsitlikdən uzaq durmağa çalışır. Oxucunu düşündürməyi bacarır. Layk həvəskarı deyil. Hamı fəlsəfəsindən çox kənardadı. Yazdıqlarını kütləviləşdirmək istəmir. Qiymətini əsl ədəbiyyatçılardan almağa çalışır. Tənqiddən qorxmur. Yetər ki, içində qərəz olmasın. “Deyərlər” prinsipi ilə yaşamır. Bir özüdü, bir qələmi. Ruhusa həmişə narahatdı. Kimdən ? Nədən? Yenə də bir özü bilir, bir də qələmi. Kədərini gizlətsə də sevincindən biz dostlarına da pay düşür. Ürəyindən , bir də övladlarından nigarandı. Tanrı kömək olsun! Uzunçuluğu sevmir deyə çalışdım ki, onun haqqında yazdığım yazı da yorucu olmasın. Özünə qıraqdan bir oxucu gözüylə baxsın deyə ürəyindən və qələmindən keçənləri anladığım qədər anlatmağa çalışdım. Bacardımmı? Bəlkə də…
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru