Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

“Bu kommunistlər yaman hücuma keçiblər, axşam baxdınız?”
Televiziya kanallarının birində keçirilən bir tok-şounun səhərisi günü Nəsiman müəllim növbəti dəfə müsahibim olmuşdu.Bu kübar, təmkinli insanı ilk dəfə idi ki, hiddətli görürdüm.Müəllifi olduğum “Çıraq” verilişində növbəti dəfə dəyərli faktlarını bizimlə bölüşəcəkdi.
Salam verər-verməz, dedi ki:

– “Axşam baxdınız, bu kommunistlər yaman hücuma keçiblər”
Məsələni göydə tutdum, amma Nəsiman müəllim Yerdəki haqsızlıqdan bəhs edirdi, Göydəkindən yox!Zatən Göydə nə haqsızlıq olacaq ki?! Haqsızlıq limitini Yer kürəsi çoxdan doldurub.
Onu deyirdim axı…Millətimiz üçün əlamətdar sayılan günlərin birində tok-şou təşkil olunmuşdu ki, peşəkar, adlı-sanlı tarixçilərimiz
bir ağızdan sözləşibmiş kimi kommunist təəssübkeşliyi ilə danışsınlar.Daha doğrusu, bolşevik rəhbərimizdən birini dağın başına qoysunlar.
-Ancaq nəyin hesabına?
-Qurucu babalarımızı təpədən aşağı salmaq bahasına.
Əl-qərəz, həmin verilişi izləyərkən adlarını Cümhuriyyətçi qoyan, fəqət Cümhuriyyət qurucularımızın əməllərini kölgədə qoyan çıxışlar sərgiləyənləri görcək, mənim də dalağım sancmışdı.Sözün həm məcazi, həm həqiqi mənasında.Həmin məqama kimi dalağımın yerini sorsaydılar qara ciyərimi göstərərdim, ancaq kommunistlər mənə dalağımın yerini də “tanıtdırdılar”.Nəsiman müəllimin qeyzi, əsəbi isə daxilinə deyil, üz cizgilərinə yansımışdı.Bir jurnalist kimi deyil də, bir yurddaş kimi bağırtısı qulaqlarımda cingildəmişdi həmin görüşdə.
Bayaq professorun həlak olması xəbərini duyanda isə qulaq cingiltilərim yerini verdi ürək sızlamasına.Sarsıldım…Axı Nəsiman müəllim, müəllifi olduğum verilişlərdə dəfələrlə müsafirim olub.Tarixi gerçəklərimiz, Cümhuriyyət tariximiz, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində təşəkkül tapmış mədəni – maarif cəmiyyətlərmiz haqqında dəyərli fikirlərini bölüşüb.Mənə kitablarını hədiyyə edib, mütəmadi olaraq yazılarını “VatsAp” ıma göndərib.Maarifçilik təmayüllü “Çıraq” verilişində elmi məsləhətçi olmasını israrla rica edəndə, tərəddüd etmədən qəbul edib və məsləhətlərini verməkdən usanmayıb.Faktlarla bağlı əmin olmadığı məqamlarda isə jurnalist peşəkarlığını, jurnalist etikasını əsla əldən verməyib.Ancaq biz Nəsiman müəllimi əldən də verdik, eldən də.
Məhəmməd Əmin Rəsulzadə irsinin layiqli araşdırmaçısı, əminəm ki, bundan sonra da kədərli, məlul gözlərinizdən tarix sızacaq, tarix damacaq.
Türkün öz tarixi, gerçək və göyçək tariximiz!

25.08.2024

Dərin hüznlə: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir