
Natəvan Uğurlu və Zaur Ustac Laçın şəhərində
26 avqust – Laçın şəhəri günüdür
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.


Ziyalılar Laçın şəhər “Simurq” kitabxanasında
QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu.
Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru