Murad Məmmədov – Mən xoşbəxtəm!!!

BU DÜNYADAN ÇOX ŞEY İSTƏ

Bu dünyadan çox şey istə,

Tanrı verən bəxti sına.

Ağıl olmaz yatan kəsdə,

Ayağa dur, sonra qına!

* * *

Nə görmüsən ahmır, ahda,

Yüz yönü var hər bir işin.

Bir ümid var hər sabahda,

Sən baş işlət, yaxşı düşün.

* * *

Məqamı var hər bir sözün,

Yaxşı sözün izi olmaz.

Söz üstündə çıxan gözün

El içində sözü olmaz.

* * *

Günah görmə onda, bunda,

Dünən olan dünənkidi.

Tamam təksən bu oyunda,

Səhv də, düz də səninkidi.

* * *

Söz-söhbətdən qıraqda dur,

Qeybət səni utandırar.

Qığılcımdan alov olur,

Alışdınsa canın yanar.

* * *

Bu dünyadan çox şey istə,

Heç olmasa azın gəlsin.

Tanrı haqdı başın üstə,

Bir addım at, o da bilsin.

* * *

Bu dünyadan çox şey istə,

Yaşadığın ömür azdı.

Zildə oxu, ya da pəsdə,

Bircə duy ki, xoş avazdı.

YURD YERİM

Baxıram göylərə gözüm qaralır,

Gəzdiyim bu yerlər xor gəlir mənə.

Ürəyim darıxır, səbrim daralır,

Niyəsə bu dünya dar gəlir mənə.

* * *

Nə könlüm açılır, nə gözüm gülür,

Sanki bu yerlərə yadam, özgəyəm.

Dərdimi yaradan bir Allah bilir,

Bir də içdən özüm, nəçiyəm, nəyəm.

* * *

Baxıram nə söhbət başımı qatmır,

Nə qoyur dincəlim, bundan zövq alım.

Bu qərib duyğular özümə çatmır,

Kiməsə bu sirri nə başa salım?!

* * *

Yol alır xəyalım uzanır gedir,

Bu köhnə həyətdə anamla təkəm.

Məni təkmi görüb bu duyğu nədir,

Qoymur ki, oturam dərdimi çəkəm.

* * *

Bu doğma həyətin nağılı uzun,

Vaxtında səs-küydən qulaq batardı.

Burada kəsilən çörəyin, duzun,

Elə bil Tanrıdan payı artardı.

* * *

Qonağı-qarası çoxuydu bir vaxt,

Qohumun, tanışın ziyarət yeri.

İndi nə mən rahatam, nə bu ev xoşbəxt,

Atam bu dünyadan köçəndən bəri.

* * *

Baxıram üzündən min sual yağır,

Ağıllı anamın çöhrəsi gülmür.

Gözləri yol çəkir, fağırdan fağır,

Sonu nə olacaq bir onu bilmir.

* * *

Bu dünya dəyişir, vaxt, zaman gedir,

Anadan olduğun yurd da qocalır.

Sual ver özünə mənası nədir?!

Canlı da, cansız da sonda mat qalır.

* * *

Bu gözəl həyatın sonu min sual,

Nə mən anlayıram, nə sən bilirsən.

Beynini yormasın bu fikir, xəyal,

Onsuz da mətləbə sonda gəlirsən.

ARZULARIN KÖLƏSİYƏM

Arzuların köləsiyəm,

Hey dalınca sürünmüşəm.

Bir qığılcım şöləsiyəm,

Amma ocaq görünmüşəm.

* * *

Arxasınca çox qaçmışam,

Ömrü gödək arzuların.

Çox çözmüşəm, çox açmışam,

Səbəbini yoxun, varın.

* * *

Heç vaxt kömək ummamışam,

Tanrı olub güman yerim.

Çətin gündə o olubdu,

Güvən yerim, uman yerim.

* * *

Taleyimlə darda təkəm,

Tanrı başımı qatmaya.

Yükdümü ki, dartam , çəkəm,

Gücüm çata, ya çatmaya.

* * *

Çox başına dolandım hey,

Bu taleyin , bu qismətin.

Xoş gününə aldandım hey,

Sonda zülmü varmış çətin.

* * *

Nə gileydi , nə şikayət,

Bir ömrün xoş nağılıdı.

Ay oxucum, ən nəhayət,

Yazan bir kənd oğuludu!

QOŞMA

Sözdən söz anlayan, söz başa düşən,

Olmasa bu aləm neylər görəsən?!

Sözün qazanında qaynayan, bişən,

Sözə düşmən olub teylər görəsən?!

* * *

Sözə nəfəs versəm, sözə qan versəm,

Ruhumla isidib ona can versəm,

Allahın adıyla bir imkan versəm,

Pünhanda adımı söylər görəsən?!

* * *

Bir bahar axşamı şimşəklər çaxsa,

Yağış selə dönsə, ruhumdan axsa,

Murad cana doyub sözə kəm baxsa,

Ruhuma xəyanət eylər görəsən!

NEYLƏYƏSƏN???

Yoxsul fikir xülya, nağıl,

Lazım olmaz yiyəsinə.

Dağıl, a dünya, eyy dağıl,

Cavab yoxdu niyəsinə.

* * *

Ox çürüyüb, yayı çıxıb,

Hər dərmanın çayı çıxıb.

Nə gördünsə zayı çıxıb,

Bıçaq uymur tiyəsinə.

* * *

Vəli dönüb Əli olub,

Baş yellənsə, bəli olub,

Elə bil ki, dəli olub,

Heyvan girmir pəyəsinə.

* * *

Nə dartmağa kələfi yox,

Nə dünəni, sələfi yox,

Nə biçməyə ələfi yox,

Dəryaz yaddı yeyəsinə.

* * *

Qınayırıq hər an yadı,

Nə andırır yaylaq adı?

Niyə belə yadırğadı?

İnsan varmır dəyəsinə.

Xankəndində Azərbaycan bayrağı altında şəkil çəkdirərkən həm qürurlandım, həm də bu bayrağın əzəmətini daha yaxından hiss elədim. Biz xoşbəxt millətik ki, bayrağımız bu millətin əzəmətini, qüdrətini, böyüklüyünü bütün dünyaya öz rəngləriylə çox gözəl çatdırır.

BAYRAĞIM

Ay Allah, nə xoşbəxtəm,

Bu bayrağın altında!

Qismətdə qızıl bəxtəm,

Bu bayrağın altında!

* * *

Qürurumla böyüdüm,

Öz adımla öyüldüm,

Nə sındım, nə əyildim,

Bu bayrağın altında.

* * *

Əsdikcə dalğalandı,

Rəngi qırmızı qandı,

Bütöv Azərbaycandı,

Bu bayrağın altında.

RUHUM ONUN ƏLİNDƏDİR

Varaqladım varaq-varaq,

Ömür adlı kitabımı.

Alqışladım mən duraraq,

Dözümümü, can tabımı.

* * *

Xəyalımda getdim, gəldim,

Yollar məni yaman yordu.

Büdrəyəndə elə bildim,

Günahkaram, fələk vurdu.

* * *

Səhifələr çox tanışdı,

Yaddan çıxan heç nəyim yox.

Xəyalım dindi, danışdı,

Tanrıdan bir istəyim yox!

* * *

Nə yaşadım keçdi, getdi,

Xatirədi yaddaşımda.

Cavanlığım gözdən itdi,

Yaddan çıxmır bu yaşımda.

* * *

Arzuların sorağında

Var olunca əl çəkməzdim.

Ruhumun oğlan çağında,

Ölən, solan gül əkməzdim.

* * *

Günahlarım çoxdu vallah,

Heç birini danmıram mən.

Umacağım yoxdu vallah,

Bir canım var, yanmıram mən.

* * *

Nə yazılıb bu kitabda,

Bura qədər mənə bəlli.

Bundan sonrakı etapda,

Nə olacaq boş təsəlli.

* * *

İnsan duymur öz-özünü,

Göylə gedir, əməl azır.

Bu kitabın son sözünü,

Biz yazmırıq, Tanrı yazır.

* * *

Bir O bilir sonumuzu,

Bütün yollar Ona gedir.

Dəyişdirir donumuzu,

Ruhum Onun əlindədir.

HEÇ SEVMƏDİM

Yazığa söz deməyi,

Tez-tələsik yeməyi,

Başa qaxınc köməyi,

Qoltuğu heç sevmədim.

* * *

Bağa düşmən alağı,

Yerli, yersiz calağı,

Yalançını, yalağı,

Yaltağı heç sevmədim.

* * *

Baş-beyini hey yoran,

Söz atıb ara vuran,

Sırtılıb üzə duran

Sırtığı heç sevmədim.

* * *

Salam verdim alana,

Qəlbi eşqlə dolana,

Şükr elədim olana,

Artığı heç sevmədim.

RUH ODUSA, CANI MƏNƏM

Yaşmı qoymur sevinməyə,

Fikrə, zikrə səbəb nədir?

Canım dözə, tək dinməyə,

Ruhum cana pərvanədir.

* * *

Qoymur məni dincəlməyə,

Yenə quş tək uçur göylə.

Təki gözümdən gəlməyə,

Tanrım, sağ-salamat eylə!

* * *

Ha istəyir sevindirsin,

Çünki təbim ona yardı.

Yarəb, məni xoş dindirsin,

Bilirsən, hövsələm dardı.

* * *

Bəzən olur şən oluram,

Məni məndən qəti seçmir.

İstəyinə tən oluram,

Aramızdan su da keçmir.

* * *

Dəli olan vaxtım olur,

Danışmağa halım olmur.

Daşa dəyən baxtım olur,

Mənim başqa yolum olmur.

* * *

Ancaq heç vaxt məni üzmür,

Bilir adı-sanı mənəm.

Nə də başqa canı gəzmir,

Ruh odusa, canı mənəm.

QOŞMA

Hər kəs özü yazır öz taleyini,

Qismətdən dad edib gileyə dəyməz.

Ağlına güc verib yorma beyini,

Düz yolda olanı kor şeytan əyməz.

* * *

Belə götürəndə hamımız sayıq,

Birimiz yuxulu, birimiz ayıq.

Görüb-götürməli bir dünyadayıq,

Baxıb addım atsa, başına döyməz.

* * *

Ağılsız bəndələr gözdən də kordu,

Ocağın içində sönməmiş qordu.

Bu həyat məni yox, hamını yordu,

Ay Murad, ağıllı özünü öyməz.

HƏR BAŞA BİR DAŞ DÜŞƏCƏK

Hərdən yoxam qaranlığa,

Fikrim əyri, düşüncəm dar.

Düşünürəm bir anlığa,

Ayılmamaq qorxusu var.

* * *

Gecələrin lal baxışı,

Hərdən yorur, üzür bəzən.

Gah isladır qəm yağışı,

Sevinc ağız büzür bəzən.

* * *

Yaddaşımdan heç çıxmayır,

Yolun sonu, soyuq məzar.

Baxıram sözə baxmayır,

Nə qocalıq, nə dərd-azar.

* * *

Mənə görə heç nə yoxdur,

Bir gün gələn, bir gün gedər.

Bu yollarda çaşan çoxdur,

Bir- birini yeyər, didər.

* * *

Nə qayda var, nə qadağa,

Səhvlərini kimsə görmür.

Bu ömürü yaşamağa,

Olur Tanrı imkan vermir.

* * *

Nə olsa da günah bizdə,

Olanlardan qaçanmırıq.

Ömür itir yolda, izdə,

Nə olsun baş açanmırıq.

* * *

Bu dünyanın aşı çoxdur,

Ölsək, qorxma, aş bişəcək!

Kələ- kötür daşı çoxdur,

Hər başa bir daş düşəcək!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir