Naibə Yusif – Qayıt, gəl.

“Əlvida!”- demir…

Bitməyən xəyallar ömür yoludur,
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.
Köçündən ayrılan durnaya dönür,
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.

Zərif duyğularım tərcümanıdır,
Bəndlərim eşqimin karivanıdır,
Şah beytim ruhumun sarivanıdır,
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.

Tənhalıq ağ olur bəzən üzümə,
Gecə pərdə çəkir qara gözümə,
Arxamca yürüyən körpə izimə
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.

Ələnir yoluma sısqa yağışlar,
Bürüyür alnımı kiçik naxışlar,
Son həsrətə dönür tənha baxışlar,
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.

Uyuyur göylərin yeddi qatında,
Məhəbbət nuru var əsil – zatında,
Naibə, dünya öz çataçatında,
“Yaxşı yol”, – desəm də, “Əlvida!”- demir.

Dünya

Ruhum üsyan edir, görəsən, nədən
Hicran gəmisini saxlamır, dünya?
Tər-təzə çiçəkmi günəşdən küsüb?
Ya Günəş çiçəyi qoxlamır, dünya?

Yenə duyğularım lal daşa dönüb,
Həyat kor ocaqmı, şöləsi sönüb,
Niyə haqq nidası göylərdən enib
Hesab dəftərini yoxlamır, dünya?

Yenə haqlılara hesab qapalı,
Dolaşır haqsızlar başı havalı,
Şəhid anasının qapqara şalı
Niyə eyş əhlini haqlamır, dünya?

Almaza bərabər pasaxlı kirəc,
Olmuşuq illərdir, naşıya döyəc,
Yerini dəyişib surətlə məxrəc,
Niyə məhvərindən laxlamır dünya?

Ömür

Ömür ağır karvan yükü,
Yorulmuşam çəkə-çəkə.
Hər yoxuşda düşən yüküm
Parçalanıb tikə-tikə.

Enişlərdə kirimişəm,
Damla-damla ərimişəm,
Boş karvanı sürümüşəm,
Ovsarını tikə-tikə.

Sarvanımın düzümü yox,
Ötənlərin, çözümü yox,
Qalanların dözümü yox,
İnlər belin bükə-bükə.

Durna köçüb, yuvası boş,
Qartal susub, obası boş,
Bulaqların nəvası xoş,
Ağlar yaşın tökə-tökə.

Dünya, sən də ada gəldin,
Nədən bəla, qada gəldin?
Naibədən dada gəldin
Ömrə zillət çökə-çökə?

Qayıt, gəl.

Günlər ötdü, ay dolandı,
İl üstünə il qalandı,
Sənsiz həyatım talandı,
Qayıt, gəl.

Xoş günlərim yalan olub,
Sənsizliyim ilan olub,
Həyat ömür çalan olub,
Qayıt, gəl.

Gündüzlərim qara zülmət,
Hücum çəkir yenə möhnət,
Od-ocağım mənə qürbət,
Qayıt, gəl.

Hey soruram, arayıram,
Xəyalları darayıram,
Sənsiz nəyə yarayıram?
Qayıt, gəl.

Naibəyəm, kəsik neyəm,
Dünya dolu bir gileyəm,
İstəmirəm, dərd-qəm yeyəm
Qayıt, gəl.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir