
Kəsmişəm
Kəsmişəm dünyadan haqqı-salamı,
Düşmüşəm yolların ağına, neylim?
Acılar qəhr olan xəyallarımın
Çırpılır soluna, sağına neylim?
Payızım yol alıb sazaqlı qışa,
Gümanım qalmayıb sısqa yağışa,
Xəzanım tuş gəlib qarı qarğışa,
Tikanlar köç salıb bağına, neylim?
Dilimin duası bucaqda yatıb,
Əlimin hənası ocaqda yatıb,
Qollarım bükülü qucaqda yatıb,
Xal düşüb ömrümün tağına, neylim?
Asılıb boynumdan illərin qəmi,
Səpilir üstünə sözümün nəmi,
Baş vurur dünyama ayrılıq dəmi,
Dözmürəm namərdin dağına, neylim?
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru