
21.09.2023-cü il tarixində, antiterror əməliyyatında şəhid olmuş Lerik rayonun Soru kənd sakini DİN. DQ-ın əməkdaşı Əliyev Zahir Sədi oğlunun əziz xatirəsinə.
Mən ağlım kəsəndən belə eşitdim
dedilər Vətənin yükü ağırdır.
O gün anladım ki mən o sözləri,
o gün köməyinə vətən çağırdı.
Haraya səsləyən bu axsaq vətən,
tutmuşdu əlində ümiddən çəlik.
Baxdım ki önümdə iki yol qoyub,
biri qazilikdi, biri şəhidlik.
Gəzdiyim dağlarda əsən küləklər,
sevgili vətənin son haray səsi.
Başımın üstündən uçan mərmilər,
həyatın ölümlə vüsal nəğməsi.
Bilirsən son günü nə xatırladım ?
arxamca uzanan zərif əlləri .
O gün vaxt olmadı, mən alım sənə,
sənin çox sevdiyin qərənfilləri.
Gözümlə gözünə söylədiklərim,
daha duyğu-duyğu itib sinəmdə.
Sənin çox sevdiyin qırmızı güllər,
dönüb qərənfilə, bitib sinəmdə.
Ölümlə vüsala çatdığım günü,
vətən torpağında bir ovuc küləm.
Əbədi həsrətlə yanına dönmüş,
mən ağa bükülmüş al qərənfiləm.
Əkildik torpağa ,vətən cücərtdik,
silinsin köksünün bu ağır dağı.
Sənə vermədiyim gül-çiçəkləri,
qoy sənə yetirsin vətən torpağı.
Müəllif: Mahir Diniyev
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru