
Səninlə ömrümü bölməyə dəyər
Eşitdim bəxtinə məclis qurmusan,
Özünün özünə öz gözün dəyər.
Mənə oxşayanla qoşa durmusan,
Kövrəlmiş qəlbinə öz sözün dəyər.
Uydurma xəyala hey toxunmusan,
Ruhumun ruhuna küləyi dəyər,
Mənalı kitabsan, sən oxunmusan
Birdə oxuyaram, köməyi dəyər.
Diqqətli olaram hər misrasında,
Təkrar oxuyaram mənaya dəyər.
Yerini taparam dərd sırasında,
Sənsiz bir saatım bir aya dəyər.
Nə edim getməyə səndin həvəsli,
Bəlkə, söyləyəsən getməyə dəyər?
Qəzəbə dost oldun qısqanc nəfəsli,
Özünü azdırıb itməyə dəyər?
Gəlişin gətirməz heyrəti mənə,
İndi göz yaşını tökməyə dəyər?
Bilirdim gələrsən, demişdim sənə,
Qarşımda boynunu bükməyə dəyər?
Qollarım açıqdır sənə sarıla,
Bircə baxışına ölməyə dəyər,
Razıyam sol tərəf yenə yarıla,
Səninlə ömrümü bölməyə dəyər.
Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI
ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru