
TƏBİM DEYİR
Duyğular yaxamdan tutub buraxmır,
Təbim:-qələm götür, nəsə yaz,-deyir.
Özün qulaq kəsil, özünü dinlə,
Ürəyindən gələn səsə yaz,-deyir.
Düzə bilirsənsə bu muncuq, bu sap,
Dəryanın dibində inci gəz, ləl tap.
Demək istədiyin sözünü gəl tap,
Mətləbi uzatma, kəsə yaz,-deyir.
Naşı qələmindən çıxanlar yoran,
Nə çox misra qıran, nə çox söz qıran.
Döyür sinəsinə yerindən duran,
Elə acığa yaz, bəhsə yaz,- deyir.
Getdiyin bu cığır, bu yol sənindi,
Yolunda əngəllər sanma çənindi.
Şeirin qəlbində bitən dənindi,
Mənanı anlayan kəsə yaz,-deyir.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru