Pərviz Yəhyalı yazır – Ağdam

Ağdamın işğaldan azad olunduğu gün, Ağdam Günü münasibətilə yazacağım məqalədə açığını deyim tərəddüdümü gizlədə bilməyəcəm. Tərəddüd edirəm ki, bir məqalədə 6533 Ağdam şəhidinin hamısının adını çəkməsəm ürəyim sızılayacaq. Və ya başda Allahverdi Bağırov olmaqla 15 Milli Qəhrəmanın adını necə çəkməyim. Öz elmi ilə dünyanı heyrətə gətirən Xudu Məmmədovun, tarın pərdələrində gəzişən sehirli barmaqları ürəkləri fəth edən Ramiz Qulıyevin, cəmi 19 yaşında 28 nəfəri öz həyatı bahasına ölümdən xilas edən, “Qızıl Ulduz” lu Rahib Məmmədovun, böyük elm xadimi Rafiq Əliyevin, var sisteminin xəyal belə olmadığı zamanda anidən verdiyi ədalətli qərarla ədalət tarixinə qızıl hərflərlə ədalətli qərar yazan Tofiq Bəhramovun, qəlbləri riqqətə gətirən Səxavət, Qədir, Arif, Mənsum zəngulələrinin üstündən heç sükutla keçmək olar? Yüzlərlə, minlərlə qəhrəman ağdamlılar, düşmənə sipər olan kökslərini elə Ağdamın sipər sinəsində vətən təəsübünə qurban vermiş, vətən səmaları aydın olduğu vədələrdə elmin, incəsənətin, ədəbiyyatın, mədəniyyətin müxtəlif sahələrində böyük uğurlara imza atmışdır.
Yaddaşımıdan klaviaturaya süzülən isimlər o qədər çoxluq təşkil edir ki, düzü unuda biləcəklərim olar deyə narahat olduram, Gözlərim önündə elə bu gün növbəti ildönümünü ürək ağrısı ilə qeyd etdiyimiz Ağdamın Qarəkənd səmasındakı terror aktı keçir. Mənfur erməni alçaqlığının bariz numunəsinin ağrılarını 1991-ci ilin 20 noyabrında ilk olaraq ağdamlılar çəkmişdi.
Xoş gündü. Sevindiyimiz gündü. Ancaq ha çalışsam da ürəyim sızlayır. Kino lenti kimi gözlərimin önündən keçən itkilər, acılar, dəhşətlər…

1983-cü ilin bir yaz səhəri idi. Bilmirəm nəyə görə, səhətimdə heç bir problem olmadığı halda atam məni müayinə üçün xəstəxanaya aparmışdı. Ağ xalatlı, qarayanız, olduqca mehriban və gülərüz həkim ürəyimə qulaq asdıqdan sonra gülə-gülə bu sözləri dedi: “Top gubbultusundan başqa heç nə eşidilmir”. Həmin an çevrilib atama baxdım. O, özünəməxsus tərzdə gülümsəyirdi. Atam xalatını əynindən çıxarıb məni xəstəxananın həyətində gözləyən sürücüyə “təhvil” verdi. Təxminən mənə hər şey aydın oldusa da uşaq marağı ilə atamın işdən qayıtmasını səbrsizliklə gözləyirdim. Axşam mənə bəlli oldu ki, məni müayinə edən məhşur pediatr Adilə xanım Namazovadır. Atam ona futbol dəlisi olduğumu danışmış, o, da öz növbəsində zarafatla ürəyimin içini oxumuşdur.
Ağdam torpağında, Seyidli kəndində 1926-cı ildə dünyaya göz açan Adilə xanım Namazova XX-XXl əsrdə Azərbaycan elminin dünyaya bəxş etdiyi ən nadir simalardan biridir. Adilə xanım ölkəmizin ilk pediatr alim qadını, SSRİ Tibb EA-nın müxbir üzvü(1971) “Əməkdar Elm Xadimi”(1981), Azərbaycan SSR EA-nın həqiqiq üzvü (1983), Rusiya Federasiyasının EA-nın həqiqi üzvü (1993) olmaqla 420 elmi əsərin, 30 monaqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 72 fəlsəfə doktoru, 12 elmlər doktoru yetişmişdir. SSRİ Ali Sovetinin deputatı, Türkdilli Xalqların Pediatrlar Cəmiyyətinin vitse prezidenti, Afrika və Asiya Xalqları Həmrəylik Təşkilatının vitse prezidenti, Prezident yanında Ali Atestasiya Komissiyasının Rəyasət Heyyətinin üzvü, Azərbaycan Dövlət Tibb universitetinin pediatreya kafedrasının müdri olmuşdur. Sözsüz ki, dünya şöhrətli həkim olmaqla yanaşı o, həm də pedaqoq kimi də çalışmışdır. Ən başlıcası isə Adilə xanım əllərindən və zəkasından sağlamlıq bəxş edən Şəfa Mələyi kimi yaddaşlara nurlu siması ilə əbədi həkk olmuş Böyük İnsan idi.
2020-ci ilin 20 noyabr günü Ağdam işğaldan azad olunanda hamı kimi çox sevinirdim, ilk olaraq telefon açıb təbrik etdiyim professor Ramiz Quliyev və onlarla digər ağdamlı dostlara göz aydınlığı verərkən ürəyimdən bir arzu keçirdi. Kaş 94 yaşlı Adilə xanımı da ziyarət edə biləydim. Təəssüf ki, arzum ürəyimdə qaldı. Ağdam işğaldan azad olunandan cəmi 26 gün sonra minlərlə körpə ürəyinə yaşam şəfası verən Adilə xanımın ürəyi əbədi olaraq susdu.
Çox sonralar vicdan borcu bildiyim məzarının ziyarətində isə vaxtı ilə onun yaşadığım rayona ezamiyyəyə gəldiyi vaxt mənə etdiyi zarafatını xatırlayıb qeyri-ixtiyari pıçıldadım:

-Adilə xanım! Mənim üçün, bütövlükdə bütün soydaşlarımız üçün sizin ürəyiniz heç vaxt susmayacaq. Siz öz zəka nurunuzdan şəfa verdiyiniz ürəklərin vuran hər ritmində yaşayırsız. Ömürünüzün son günlərində qismətinizə azadlığına qovuşan Ağdamın azadlıq sevincini yaşamaq düşdüyündən çox sevinrəm. Sizin kimi minlərlə ağdamlı ruhunun şad olduğundan şadlanırıq. Ruhunuz daim şad olsun! Vətən parçasının, Ağdamın azad günlərindən ruh dolusu sevinəsiniz!

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir