Anarın “Qatardan qalan adam” hekayəsinin fəlsəfəsi

Anarın “Qatardan qalan adam” hekayəsinin fəlsəfəsi

“Həyat insan şüurunda kök salmış bir aldatmacadan başqa bir şey deyildir. O, bizə nəsə vəd etdiyində yerinə yetirməz. Yetirsə də, bizdən də nəsə alacağı üçündür. İnsan necə inanmışdır belə bir həyata?” –deyirdi Artur Şopenhauer.
Anarın “Qatardan qalan adam” hekayəsinin də bu fəlsəfənin üzərində qurulduğunu düşünürəm. Hekayədə qatar ömürü təmsil edir. Baş qəhrəman sanki yaşamının sonuna gəldiyini şüuraltı olaraq hiss edir. O, ölümü addım-addım özünə çəkməklə bərabər, həm də yaşamaq istəyir. Həmin gün baş verən bütün detallar onu getdiyi ömür yolunun sonuna doğru aparmaq üçün planlaşdırılmışdı.
Hekayənin əvvəlində qeyd olunur ki, İshaq qatardakı oturaq kupeni təkcə özü üçün almışdı ki, xatirə və arzuları ilə tək qalsın. Yəni, qatarda onun heç bir yoldaşı olmayacaqdı. Əgər olsaydı, daha sonrasında yaşananlar da bəlkə də, başqa cür olacaqdı.
İkinci detal isə İshaqın həmişə qolunda gəzdirdiyi “Roleks” bahalı qol saatını bir gün öncə Ədhəm bəyə bağışlamağı idi. Saatın onun qolunda olmamağı qatara gecikərkən tək qaldığı kiçik qəsəbədə taksi ilə gedəcəyi məkana çatmaq üçün müəyyən qədər pul əldə etmə şansından da məhrum olmağı demək idi. Digər bir detal isə Ədhəm bəyin İshaqa siqareti tərgitməyini xahiş etdiyi halda onun buna dözümsüzlüyü idi.
İnsan nə qədər zəngin olmasından asılı olmayaraq həyatdan gedərkən özü ilə heç nə apara bilmir. İshaq da bir neçə dəqiqəlik qatardan düşərkən özündən başqa heç nəyini götürə bilməmişdi. Hətta müasir dövrdə demək olar ki, əldən düşməyən cib telefonunu belə qatarda qoymuşdu. Heç yaddaşı da onun köməyinə gəlmir ki, kiminsə mobil nömrəsini xatırlayıb ona kömək etməsi üçün zəng eləsin. O, təkcə ev nömrəsini xatırladı. Amma oraya zəng eləmək mənasız idi. Çünki həyat yoldaşı ilə də ayrılmışdı və evində heç kim yaşamırdı. Müəllif ölümə gedən insanın köməyinə heç kimin gələ bilməyəcəyi düşüncəsinə qapılmışdır. Üstəlik, uğursuz evlilik baş obraza diabet adlı daim nəzarətdə saxlanılmalı olan xəstəlik də qazandırmışdı.
Başqa bir detal onun beynəlxalq dil olan ingilis dilini bilməməsi idi. Macarca isə təkcə “Ninç” yəni, demək olar ki, ən neqativ söz olan “yox” kəlməsini bilirdi. Ona yaxınlaşan qadına da bu kəliməni deyərək boş ciblərini göstərdikdən sonra qadın sürətlə ondan uzaqlaşır. Sanki obraz ölümə yaxınlaşarkən insanlar ondan uzaqlaşırdılar.
Hekayədə Kamilla həyatı təmsil edir. İshaq başa düşmüşdü ki, Kamillasız yaşaya bilməyəcək. Psixologiyada belə bir nüans var ki, qadınlar aşiq olanda aşiq olduqları adamdan savayı hər şey onların gözündən düşür. Kişilər aşiq olanda isə həyatdakı hər şey onların gözündə yenidən məna qazanır. İshaq da getdiyi yolun o başındakı həyatla- Kamilla ilə qarşılaşacağı anı səbrsizliklə gözləyir, xatirələrin və arzuların əhatəsində özünü xoşbəxt insan hesab edirdi.
Qatardan siqaret almaq üçün enən İshaq çevrilib baxanda artıq qatarın yola davam etdiyini görərək onun ardınca qaçsa da çata bilmir. Əli heç yerə çatmayan İshaqı qara və bədbin fikirlər boğmağa başlayır. O xatırlayır ki, çox acdır, iynəsi vaxtında vurulmazsa, komaya düşə bilər, ağzı qurumuşdu, xırda pulu belə qalmamışdı və üstəlik, yaxınlıqda heç bir mağaza da yox idi. Düşünərkən belə neqativ kəlimələrdən istifadə edir: “Ola bilər ki, çıxış yolu tapılsın” əvəzinə “ola bilməz ki, çıxış yolu tapılmasın” deyə qurur cümləsini. İlk baxışda bu çıxış yolu tapmağa fokuslanmış müsbət cümlə kimi görünsə də buradakı inkar şəkilçilər cümləni daha bədbin emosiyalara kökləyir və insan beynini çıxış yolu tapmağa deyil, tapılmamağa vadar edir.
İshaq yavaş-yavaş ölümə yaxınlaşdığını hiss etdiyi üçün beyni ona oyunlar oynamağa başlamışdı. Belə ki, o, arxadan ona yaxınlaşıb gözlərini bağlayan qadını bir anda Kamilla kimi təsəvvür edib möcüzə baş verdiyini düşünsə də, gerçəkdə bu tamamilə mümkünsüz idi. Sonra İshaqı həyatın ona hazırladığı sürpriz ölümün peşmanlığı bürüyür. Onun düşüncələrindəki böhranın zirvəsi isə polislər onu ictimai qayda pozuntusuna görə müvəqqəti həbs etdikdən bir qədər sonra baş verir. Problemini polisə heç cür izah edə bilmədiyi üçün divara yaslanıb gözlərini yumur. Elə bu andaca beynində xatirələr, xəyallar, düşüncələr cövlan etməyə başlayır, şüurunu əsir alır. O, xəyalən Bakıda, öz mənzilində idi. Çox xoş bir gün ikən gözlənilmədən şəhər fəlakətin qucağına düşür. Sal bir divar əmələ gəlib binaların üstünə yıxılır, onları alt-üst edir. Bir anda nüvə müharibəsi başlayıb yer kürəsini xarabalığa çevirəcəkdi. İshaq artıq şüuraltı olaraq yaşamdan əlini üzürdü, amma onun nə qədər gözəl olduğunu dərk etdiyi üçün özündən sonra gözəl heç nəyin qalmamasını arzulayırdı. İshaq içdən-içə ölərkən bu gözəl kainatda gözü qalmasın deyə onun xarabalıq olmasını arzu edirdi. O, öz ölümünü qiyamət günü zənn etmək istəyirdi. “Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək fərd yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş” deyə düşünən İshaq əbədi bir heçliyə qovuşur…
Səhər polislər İshaqı ölü vəziyyətdə tapdıqdan sonra meyiti öz müəyyənləşdirdikləri inanca uyğun krematoridə yandırıb külünü havaya sovurdular. Bir gün öncə həyat üçün tələsən və planlar quran insan indi əbədiyyətə deyil, heçliyə qovuşmuşdu. Sanki, bu dünyada heç var olmayıbmış kimi yoxa çıxmışdı…
Müəllif bu əsərin xüsusən də, finalı ilə daxili böhranını və həyatın mənasını sorğulayır. Əgər bir gün öncə var olan bir insan bir gün sonra heç olmamış kimi bir az külə çevrilib havaya sovurula bilirsə, onda var olmanın anlamı nədir? İnsan niyə yaşayır? –kimi suallara cavab axtarışındadır. Yazıçı dində öz əksini tapan gələcəkdəki “Qiyamət günü” qavramını da qəhrəmanın ölən andakı şüur axınında əks etdirərək oxucuya İshaqın bir gündə külə çevrildiyi kimi Dünyanın, kainatın da bir anda yoxa çıxa biləcəyini xatırladır. Bəs onda insanoğlunun bunca çabaları nə üçündür? –sualına zəmin yaradaraq nihilist düşüncələrə də yol açır. İshaq özünü kainatın bir zərrəsi kimi qəbul etməklə bir mənsubiyyət hiss edərək boşluq duyğusundan xilas olub düşüncəsini rahatlığa qovuşdursa da, eyni zamanda, həyatda heç bir şeyin mənası olmadığı fikrini də qəbul edir.
Hekayə yazıçının içinə düşdüyü boşluğu, həyatın gözəlliklərinə sahib olsaq da mənasızlıq və kədər duyğusundan xilas ola bilməyəcəyimizi də anlatmaqdadır.

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir