
Bu gün çöx üzücü bir xəbər yayıldı. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü FÜZULİ BARATOV qəfildən vəfat etmişdir. Sağlamlığından heç bir şikayəti yox idi. Normal həyat tərzi keçirirdi. Mütəmadi əlaqə saxlayırdıq. Təkcə öz yaradıcılığının deyil, Xaçmaz və Quba rayonlarında yaşayan şair və yazıçıların əsərlərinin çapı, yayılması üçün narahatçılıq keçirirdi. Əlindən gələn köməyi həmyerlilərindən əsirgəməzdi.
Daha çox araşdırmaçı (tədqiqatçı) kimi tanınırdı. Yüz faiz dəqiqləşdirmədiyi, düzgünlüyünə əmin olmadığı faktı yazmazdı.
Füzuli Məlikməmməd oğlu Baratov 1957-ci il mayın 16-da Xaçmaz rayonunun Nərəcan kəndində müəllim ailəsində anadan olub.
1974-cü ildə Nərəcan kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis, Alman dilləri fakültəsinə daxil olub.
1976 – 1978-ci illərdə institutdakı təhsildən ayrılmamaqla jurnalistika kursunda oxuyub.
1977 – 1979-cu illərdə təhsildən ayrılmamaqla foto-kino kurslarında dinləyici olub. 1978-ci ildə Moskvada İttifaq səviyyəsində keçirilən foto-kino operatorluğu müsabiqəsində 45 nəfər iştirakçı arasında I yeri tutub. 15 müttəfiq respublikadan gəlib diplom və pul mükafatları alan 5 nəfər arasında da I yerə layiq görülüb.
1979-cu ildən 2013-cü ilə kimi Quba və Xaçmaz rayonlarının kəndlərində ingilis dili müəllimi işləyib.
1975-ci ildən rayon, respublika və İttifaq qəzetlərində foto və məqalələrlə çıxış edib.
2013-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərir.
2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
68 elmi məqaləsi M.F. Axundov adına mərkəzi kitabxananın fonduna daxil edilib.
Yüzdən çox elmi məqaləsi respublikanın müxtəlif qəzetlərində dərc olunub.
Tarixi tədqiqatlar, arxiv araşdırmaları apardıqdan sonra yazdığı “Mir Cəfər – İgid Rəhbər” və “Xaçmaz tarixi faktlarla” kitabları nəşrə hazırdır.
16 may 2022-ci ildən təqaüdə çıxsa da tarixi, elmi yazıları üzərindəki fəaliyyətini davam etdirir.
Füzuli Baratovun ölümündən kədərlənir, dərin hüznlə ailəsinə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Əli bəy Azəri, Ramiz İsmayıl, Şahməmməd Dağlaroğlu, AY Bəniz Əliyar, Xaliq Azadi, İbrahim Yusifoğlu, Arzu Heydərova, Məhəmməd Əli, Rəşid Bərgüşadlı, Damət Salmanoğlu, Hafiz Əlimərdanlı, Ayaz İmranoğlu, Təranə Dəmir, Ələsgər Talıboğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru