
Bura Azərbaycandır!
Zəlimxan Yaqub 75
Bu il çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, söz sənətinin böyük ustadı Zəlimxan Yaqubun 75 yubiley ilidir. Onun adı xalqımızın mənəvi dünyasında dərin iz buraxan, sazla sözü vəhdətdə yaşadan, ədəbi-mədəni irsimizin sadiq daşıyıcısı kimi daim qürurla anılacaqdır.
Zəlimxan Yaqub təkcə böyük şair, ustad sənətkar deyildi. O, həm də Aşıq Ələsgər yaradıcılığının vurğunu, ustad aşığın söz xəzinəsinə bələd olan və bu irsi böyük sevgi ilə yaşadan mütəfəkkir idi. Aşıq Ələsgər sənətinə duyduğu heyranlıq Zəlimxan Yaqubun yaradıcılığında xüsusi bir parlaq xətt olaraq diqqəti çəkir.
Zəlimxan Yaqub Aşıq Ələsgəri yalnız ustad kimi deyil, həm də mənəvi rəhbər kimi qiymətləndirirdi. Onun Aşıq Ələsgər haqqında yazdığı misralar söz sənətkarının sənətə, el-obaya, insanlığa olan sevgisinin ən gözəl ifadəsidir:
“El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.”
Zəlimxan Yaqubun poeziyasında Vətən sevgisi, xalqın taleyi, sazın müqəddəsliyi və sözün qüdrəti bir yerdə təcəssüm edir. O, sadəcə şair deyildi; sazın, sözün, Vətənin mühafizəkarı idi. Aşıq Ələsgərin yaratdığı mənəvi irsi yeni nəsillərə çatdırmaqda onun böyük xidmətləri danılmazdır.
Dədə Ələsgər Ocağı İctimai Birliyi olaraq, bu əlamətdar gün münasibətilə böyük ustadı hörmətlə anırıq. Zəlimxan Yaqubun saz və sözlə yoğrulmuş yaradıcılığı Azərbaycan ədəbiyyatının, aşıq sənətinin sönməz ulduzu olaraq daim parlayacaqdır.
Allah rəhmət eləsin! Sözümüzün əbədiyyət qazanan şairi, sənətkarı nur içində yatsın!
Dədə Ələsgər Ocağı İctimai Birliyi