Təranə Dəmir – SƏSİNDƏ YOL GEDƏN ADAM

SƏSİNDƏ YOL GEDƏN ADAM

Bəzən sükuta bürünərsən bir səsin harayında. Təkliyinə, tənhalığına dönərsən. Yolunu aydınladar bu səs. İşıq tutar sabahına. Külünə bələnərsən. Təzədən doğularsan bu harayın səssizliyində. Heca -heca doğularsan, misra-misra var olarsan. Səsin sehrindən çıxmaq istəməzsən uzun müddət. Çəkib çıxarar səni qaranlığın , zülmətin içindən bu səs. Xəyalların əlindən tutub üz tutarsan məchulluğa. Paklanarsan , durularsan. Unudarsan dünyadakı bütün pislikləri. İçin dolar gözəlliklə və düşünərsən ki, hələ yaşamağa dəyər. Eynən Murad Zeynalın səsindəki işıq kimi . Pıçıltısında haray var , üsyan var bu səsin. Eşidən bilər. İstər nəğmələrində, istər qiraətlərində səsiylə danışır Murad Zeynal. Səsiylə anladır özünü, duyğularını, hiss etdiklərini, yaşadıqlarını və yaşamadıqlarını. Ovuda-ovuda , sarıya-sarıya danışır bu səs adamla. Qanatmadan, qırıb tökmədən. İnsanı yaşamağa, sevgiyə , Tanrya inandırır. Səsin mələk qanadlarında uçursan göyün yeddinci qatına. Kimin gücü çatar səni göydən endirməyə. Səsinin sehrində unudarsan bütün ağrılarını , kədərini, inçikliyini, narahatlığını.
Səsiylə tanımışam bu gənci. Elə səsiylə də anladıb özünü və elə bilmişəm ki, onu min ildi tanıyıram. Yol yoldaşı edib məni səsinə. Zərrə -zərrə hopub ruhumuza bu səs.
Qəribə arxayınçılığa da var Murad Zeynalın. Özünə , səsinə güvəndən irəli gəlir bu arxayınçılıq yəqin ki. Sözü yaşaya- yaşaya yaşadanlardandı axı.
Sözümüz onun səsində çiçəkləyir, qol -budaq atır, böyüyür. Murad Zeynalın səsinin qanadları var sanki. Bizim yaşadıqlarımızı nöqtəsinəcən, vergülünəcən özününkü edə bilir bu gənc adam. Dinləyicini ilk andan özünə ram etməyi bacarır. Sakit, pafossuz danışmağı sevir. Azadlığına düşkündü. Riyadan və boyadan uzaqdı . Heç nə ummaz adamdan. Yetər ki, şeir ürəyinə yatsın. Tez bir zamanda ya musiqiyə çevriləcək, ya səsə. Ürəyində kin və paxıllığa yer yoxdu. Ədalətlidi. Həqiqətin əllərindən tutub addımlayar sabaha. Dünəni də unutmaz. Tez kövrələndi. Söz verdisə edər. Bir də qəribə bir nigarançılığı var. Adama sirrini açmaz. Səsindən duyarıq narahatlığını. Amma içində həmişə bir ümid saxlayar. Yıxılanda tutmağa. Sözü urvatdan salanlardan deyil, dağ başına qoyanlardandı. İşığından hər kəsə pay düşər. Mən bu gəncin , səsi ilə sözümüzü sehrləyən Murad Zeynalın üzünü görməsəm də ruhunu gözəl tanıyıram . Bilirəm ki, bu səsin sahibindən heç kimə ziyan gəlməz. Mənə görə bu da bir uğurdu. Hələ ki, səsində yol gedirik. Onsuz da bütün yollar Tanrıdan keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir