
KÖLGƏLƏR
Adam qaranlıqda yol gedirdi. Yol da onunla gedirdi sanki. Bitmirdi, tükənmirdi. Kölgəsi özündən qabağa düşmüşdü.. Qaranlıqda böyüyüb div boyda olmuşdu adam . Kölgəsinə heyrətlə , altdan yuxarı baxırdı. Arada əlini qaldırıb boyunu ölçürdü . Kölgə də onunla birgə əlini qaldırırdı . Kim kimə təslim olurdu gecə vaxtı? Bilmirdi. Yolun qırağındakı ağaclar adama bənzəyirdi. Onların da kölgəsi uzanmışdı yol boyu. Hərdən yuxulu- yuxulu gərnəşirdi budaqlar. Adama elə gəlirdi ağaclar yerində qımıldanır. Səsini də eşidirdi ağacların. Fikirləşirdi ki, yəqin bu ağaclar da bir- birini yarpaqların, budaqların hənirindən tanıyır. Bəlkə də hamısı elə bir kökdən cücərib. Adam öz fikirlərinə özünü inandırmışdı gecə vaxtı . Bircə onu bilirdi ki, tək deyil bu qaranlıqda. Kölgəsi də onunladı, yol da, ağaclar da. Qorxusu yox idi heç nədən. Arabir fit çalırdı özüyçün. Lap uşaq vaxtı olduğu kimi. Atası öyrətmişdi fit çalmağı. Daha doğrusu qıraqdan baxıb öyrənmişdi . Ömründə ilk dəfə fit səsi hər şeydən doğma gəldi qulağına. Demək bir səs ortağı da vardı qaranlıqda. Birdən gördü ki, hardansa işıq düşür yolunun üstünə. Bapbalaca, ovuc içi boyda. Əvvəlcə ətrafına , sonra göy üzünə baxdı. Göy üzü ulduzla doluydu. Çiçək açmışdı göy üzü sanki ulduz-ulduz. Sonra ulduzlar da qoşuldu adama. Addım -addım , kölgə -kölgə , ağac-ağac, ulduz-ulduz yeriməyə başladılar. Əsas odu ki, tək deyildi göyün altında , yerin üstündə . Uzaqdan, lap uzaqdan it səsi gəlirdi. Aha, ondan başqa da yuxusu qaçanlar varmış. Axı köpəklər çox vaxt ayaq səsinə hürür. İstədi geriyə , evinə dönə. Sonra nə fikirləşdisə addımlarını yeyinlətdi. Nə olur olsun irəli gedəcəkdi . Adam gecə vaxtı nədənsə özünü inandırmışdı ki, irəlidə onu gözəl şeylər gözləyir. Ona görə də kölgəsindən tuta -tuta, ağaclara, yola, ulduzlara qısıla -qısıla gedirdi yolun başındakı səadətə sarı. Fit də çalmırdı daha. Eləcə gedirdi. Qolları havanı , ayaqları yolu ölçürdü. Birdən nə gördüsə anidən dayandı. Daha doğrusu ayaqları yerə kilidləndi. Qaranlığın içindən bir cüt göz baxırdı gözünün içinə. Elə bildi yuxu görür. Əl atıb gözünü ovuşdurdu. Bir neçə dəfə kirpik çaldı. Yox , yuxu filan deyildi. Qaranlıqda bir cüt göz par-par yanırdı. Üşəndi. Soyuq tər basdı adamı. Barmaqlarını ovcuna sıxıb dayandı. Sonra ətrafa baxdı. Nə ağaclar vardı , nə ulduzlar. Yol idi, bir özü, bir də kölgəsi.