
Fotoda Ümummilli lider Heydər Əliyev və bacısı Şəfiqə xanım Əliyeva.
Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bununla belə Şəfiqə xanım “Qızıl qələm” mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
* * * * *
Şəfiqə xanım anası İzzət xanıma həsr etdiyi “Mənim anam” kitabında yazır: “…anam İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başı açıq onlarla üzbəüz oturmazdı. Qardaşlarım ağlı kəsəndən onu bir dəfə də olsun, başı açıq görmədilər. Hətta xatirimdədir, bir dəfə mən evdə onun başını darayardım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”.
“Dua edərkən səssizcə ağlayardı”
“Anam bütün varlığı ilə Allaha bağlı olan bir qadın idi. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşumuzda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım idi. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü anam tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, anamla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə dinlərdim. Tam səssizlik hökm sürən evimizdə anamın pıçıltılarla, asta-asta etdiyi dualar qəlbimi riqqətə gətirir, ürəyimi Allah nuru ilə doldurardı. Anam çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə bilərdim ki, anam səssiz-səmirsiz ağlayır: özümü görməzliyə vurardım”.
“Çadrası həmişə ütülü, tərtəmiz olardı”
“Anam gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. Mən onu anam olduğu üçün tərifləmirəm. Anamın zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.”
Mənbə və müəllif: Məcid Rəşadətoğlu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru