
YARPAQ
Bu yarpaqdan bir köynək tik,
ilmələri yaşıl-yaşıl;
yaxasını ağca elə
düymələri yaşıl- yaşıl;
adımı da “ağ atlı” yaz,
gəlib məni oyatdı, yaz;
kürəyinə bayatı yaz,
kəlmələri yaşıl-yaşıl;
yaxşı toxu, qəşəng elə,
oxşamasın xəzan gülə;
naxışını üç rəng elə,
gölmələri yaşıl-yaşıl;
bulud ötür dəstə-dəstə
məndən bir şirin söz istə;
bir ağac var, yolun üstə,
meyvələri yaşıl-yaşıl.
baxışından sevgi yağır,
gedəndə, məni də çağır;
bulaq üstən qızlar baxır,
geymələri yaşıl-yaşıl;
ömür gödək, dünya qarı,
yarpaq könlümün qubarı;
ölmələri sarı-sarı,
gəlmələri yaşıl-yaşıl.
20.03.2025.
Müəllif: NAZİM ƏHMƏDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru