Bu gün el sənətkarı Aşıq Ələsgərin anadan olduğu gündür

Bu gün el sənətkarı Aşıq Ələsgərin anadan olduğu gündür

Martın 22-si ustad sənətkar, şeirləri dillər əzbəri olan Aşıq Ələsgərin anadan olduğu gündür.

“Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdir…”

  • belə söyləyirdi ustad aşıq Ələsgər…
    Dədə Ələsgər, həqiqətən də, Azərbaycan aşıq ədəbiyyatının fəth olunmaz zirvəsidir. O, ömrünü əsl ustad, el sənətkarıtək yaşayaraq Azərbaycan aşıq yaradıcılığında zəngin ədəbi xəzinə qoyub getdi.
    Bu gün Dədə Ələsgərin vəfatından 204 il keçir.
    Məkanın cənnət olsun, ustad Aşıq!

Aşıq Ələsgər 1821-ci il martın 22-də Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Aşıq Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad möhürünü vuran sənətkar idi. Onun yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur. 1972-ci ildə Ustadın anadan olmasınınm 150 illiyi keçirilmiş, 1997-ci ildə Ulu öndərin sərəncamına əsasən, 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdir.

Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, Onun sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etmişdir.
2021-ci ildəl sənətkarının 200 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Qeyd edək ki, ustad el sənətkarı Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.

Dərin hörmətlə yad edirik.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir