Müzəffər Məzahim – GÖRÜNMƏZ

GÖRÜNMƏZ
Dünya elə al-verdədi, tüccarı görünməz,
Batindədi hər sirri, ziyan-karı görünməz.

Bel bağlamağa kəndiri yoxdur, ümid etmə,
Göstərsə də hərdən xoş üz astarı görünməz.

Mağdur sanır hər kəs özünü dünya odundan,
Yandırsa da səssiz-qoxusuz, narı görünməz.

Var hakimi-mütləq, onu görmək sənə qalmış,-
İcra ola hər əmri, bəs hünkarı görünməz?

Qəflətdə yatıb sirrləri çözmək diləyirsən?
Bu gərdiş ilə heç sənə aşkarı görünməz.

Aləmləri bir ”Ol!”-la, yaratmış ulu Tanrı,
Təsdiqi həyatdır, ölüm inkarı, görünməz.

Öz haqq əməlilə qazanıb haqqı Müzəffər,
Ondandır əminlikdədir, qəhmarı görünməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir