Murad Köhnəqala…

Müstəqillik havasını içənlər… lap yaxından. Şeirimizin gümüş dövrünü cızanlar: …Murad Köhnəqala…

…Yalan olmasın, Murad Köhnəqala 1995-dən beləsinə proses yazılarımın cəmisindən adı keçən bir şairdir; imzası 1980-cilərin sonlarından görünsə də, poetik yaradıcılığının ən aktiv dövrü də elə bu: 1995-2005 arası…
…Başqaları da Murad Köhnəqala barəsində xeyli yazmış; amma mənə belə gəlir, ən dürüstü elə mənim cızdıqlarımdır; bəs Murad Köhnəqala çağdaş şeirimizə ortaçağlardan yeni nəfəs, bahəm bir rind obrazı da gətirmiş; janr-forma-ölçü, üslub çalarları onun şeirində iki onil ərzində daim dəyişmiş də, zəmindəki rind həməncə yerindədir. Sosial epatajçılıq, postmodern adına min cürə kinli oyunlar, andeqraund-filan… – əksinə, çağın-zəmanənin Şairə geyindirdikləridir və buna bənzərlərini asanlıqla başqaları da elədilər; amma o dərin ironiya ki: rindliyə, danəndəliyə dayanıb hər dəfə həyatın şadyanalığını (bayram) eləyir, Muradın mətnlərində var da, başqalarında (hər halda bu cür) olmadı. “Zahida, gəl soyunaq, bir kərə paltarımızı…” – Sabirsayağı bu mövqe, varsa əgər şeirimizin gümüş mənzərələri içrə, bir az romantik nisgil donunda məhz Murad Köhnəqalanın Şair mövqeyində var; zahidlik, yalançı əxlaq müdərrisliyi, sosial sxolastika və s. və s. pərdəli, ibarəli, riya rəngli mənzərələr baş alıb gedən yerdə, bir çox dəfə internet şərhlərində rastladığım kimi, Murad Köhnəqaladan sitatlar həqiqətən yerinə düşür…
…Başqa məsələ ki, Murad Köhnəqala bir Şair mövqeyi-tərzi-üslubuna sahibdir; biz bəzən rahat olsun deyə, Avropadan aldığımız “izm” qəliblərinə yerləşdirməklə işimizi bitmiş hesab edirik; bu baxımdan, bəli, Murad Köhnəqala da bizdə modernizm hüdudlarında, bir az da dağıldığı, post-modern ərazilərdə mövcud hadisədir. Amma Adil Mirseyidin müqayisəsinə qayıtsaq, bax, Murad Köhnəqala Şərq şairidir, sadəcə şeirində rindlik mövqeyini fəlsəfəsinəcən dərinləşdirmək gücündə olmayıb, lirik yaşamlarını əvvəlcə prozaya keçirdi; daha sonra çörəkpulu qismində publisistikaya dəyişdi. İndi bizdə çox şairlərin aqibətidir bu; ara-sıra rastıma çıxır, oxuyuram: Muradın acı ironiyaları publisist yazılarında da gözəldir; amma şadyanalıq yoxdur, olsa-olsa, zəif-çılpaq bir təbəssüm var…

Müəllif: Tehran ƏLİŞANOĞLU

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir