Murad Məmmədovun yeni şeirləri

DEYİRƏM DƏRDİMİZ ANLAMAQ DEYİL!

Əgər dinmirəmsə, gedirəm demək,

Bəndəyə qul olmaq imansızlıqdı.

Allah olan yerdə bəndədən kömək

İstəmək ,Tanrıya inamsızlıqdı.

***

Qəlbində yer saxla, Allaha inan,

Ruhun dağa dönər, sənə güc verər.

Bir acı kəlmədən sarsıyıb sınan,

Gözündə milçəyi filə döndərər.

***

Nə yalan danışma, nə yalan yemə,

Yalanla yoğrulan bir vaxt yox olur.

Ən böyük qazancdı saflıq sən demə,

Ruhun sakit olur, gözün tox olur.

***

Hamının eynidi axır qazancı,

Rəngi də dəyişməz geydiyin donun.

Təmiz ol, dolmasın qarnına sancı,

Anla ki, torpaqdı axırın, sonun.

***

Bilmirəm necədi soyadın, adın,

Oxucum, məqsədim danlamaq deyil.

Demə ki, kefimə soğan doğradın,

Deyirəm, dərdimiz anlamaq deyil!

BU DAĞLARIN ƏTƏYİNDƏ

(İncə dərəsində)

Ağır , ulu bir el yatar,

Bu dağların ətəyində.

Yaşı azı minə çatar,

Bu dağların ətəyində.

***

Adı İncə, soyu Qazax,

Üzü qərbə, gözdən uzaq,

Könül istər nəsə yazaq,

Bu dağların ətəyində.

***

Çörəyini halal yapar,

Ağız büzməz, götür apar!

Xəstə gələn şəfa tapar,

Bu dağların ətəyində.

***

Dərd-azarım məndən qaçar,

Üzüm gülər, işıq saçar.

Ruhum quş tək qanad açar,

Bu dağların ətəyində.

***

Gen dünyada məzarı dar,

Taleyinə bir el ağlar.

Qisməti kəm yüz şair var,

Bu dağların ətəyində.

***

Murad öyər, sözü yetməz,

Dərəsi çox, düzü bitməz,

Adı varsa, izi itməz,

Bu dağların ətəyində.

QOŞMA

Hər kəsi çevrəmə yaxın qoymadım,

Gendən baxan hər an məni qınadı.

Qınağı özümə nöqsan saymadım,

Dedilər lovğadı, yekəxanadı.

***

Sevmədim həyatda mənəm deyəni,

Özünü dağ edib hədsiz öyəni.

Lazımlı-lazımsız döşə döyəni,

Bəlkə də söz-söhbət ondan yanadı.

***

Bəlli yolum oldu, qəti səkmədim,

Düz oldum həyatda, yalan əkmədim.

Sözümə səd qoyub çəpər çəkmədim,

Hər ötən dişimi bir-bir sanadı.

***

Ağıllı insana hər tərəf yoldu,

Bəs niyə bir qarın çörəyə quldu?!

Ay Murad, baxdıqca gözlərim doldu,

Ruhum qan ağladı, qəlbim qanadı.

BUNA ƏMİNƏM

Sükuta möhtacdı hərdən canımız,

Bəlkə təmizlənə onda qanımız.

Yaddaşlara hopan bircə anımız,

Bizi yaşadacaq, buna əminəm!

***

Dincəlmək istəsən, qayıt get kəndə,

Havanı, suyunu bir dəyiş sən də.

Sağlam ruh dolansa sağlam bədəndə,

Yüzü yaşadacaq, buna əminəm!

***

Çətinə düşəndə həyatdan bezmə,

Özün çalış, vuruş, dost, tanış gəzmə.

Təmiz ol, Allahdan əlini üzmə,

Özü yaşadacaq, buna əminəm!

***

Candakı əzalar qohumsa, yarsa,

Təntiməz başını duman, çən sarsa.

Bir başın yaşamaq həvəsi varsa,

Gözü yaşadacaq, buna əminəm!

***

Dərələr ayrılmaz, hey düzü səslər,

Gecələr can versə, gündüzü səslər.

Mayası halaldan yoğrulan kəslər,

Düzü yaşadacaq, buna əminəm!

***

Sinəsi söz ilə dolan şairlər,

Sözüylə yaşayan, qalan şairlər,

Ağlı, dərrakəsi olan şairlər,

Sözü yaşadacaq, buna əminəm!

DUYANMADIM

Gur işıq ol, şimşək kimi

Çax dedilər, duyanmadım.

İşıq saçsın qoy, yaxana

Tax dedilər, duyanmadım.

***

At başından dərdi-səri,

Havaya çıx, hərdən yeri.

İmkan olsa dönüb geri

Bax dedilər, duyanmadım.

***

Nə çox sevin, nə də ağla,

Bir Tanrıya ümid bağla.

Çaylar kimi qabar, çağla

Ax dedilər, duyanmadım.

***

İnanmadıqca gözümə,

Sual qoydum çox sözümə.

Gah arxamca, gah üzümə,

Yox dedilər, duyanmadım.

***

Əl-ayağım, gözüm qoşa,

Çox fürsəti verdim boşa.

Başım dəydi daşdan daşa,

Çox dedilər, duyanmadım.

***

Aynaya bax, nə haldasan,

Murad, gecdi çox daldasan.

Aləm dedi səhv yoldasan,

Çıx dedilər, duyanmadım.

BAŞIMDAN GETMƏYİR XATİRƏLƏRİM

Başımdan getməyir xatirələrim,

Yaddaşım özünə qul edib məni.

İstərəm yenidən dünyaya gəlim,

Ay ömrüm, yenidən kəşf edim səni.

***

İstərəm yenidən dil açım, gəzim,

Məni dindirənə qaş-qabaq töküm.

Futbol oynamaqdan yorulum, bezim,

Qaçıb soyuq sudan başıma çəkim.

***

Bilməyim qəm – kədər, dərd-azar nədir,

Ancaq yatım, durum küçəyə qaçım.

Bilməyim ayrılıq, intizar nədir,

Sabahı anamın səsiylə açım.

***

Uzaqdan görəndə nənə, babamı,

Qışqıram, bağıram, həddimi aşam.

Götürüb əlimə qırıq yabamı,

Qazım toz-torpağı toza bulaşam.

***

Yüz fikir dolaşır beynimdə mənim,

Heyif ki, heç biri əl çatan deyil.

Gözümü yumdumsa, getdi dünənim,

Oxucum, nağıldı, baş qatan deyil.

***

Xəyalla yaşayan insan deyiləm,

Ancaq ki, dünənim yadımdan çıxmır.

Sanmıram nağıla, mifə əyiləm,

Neyləyim, yaddaşım sözümə baxmır.

QOŞMA

Bu həyat yolumda ucaldım, endim,

Cahillik görəndə susmadım, dindim,

Ağıllı gənc gördüm, elə sevindim,

Məni məmnun edən cavabdan ötrü.

***

Çoxuna köksümü dağ eyləmişəm,

Olub ki, sağaldıb sağ eyləmişəm.

On ağac əkmişəm, bağ eyləmişəm,

Bir beşcə həriflik savabdan ötrü.

***

Ay Murad, puç etmə əziyyətini,

Şərdən uzaq dolan, duy niyyətini.

Satar mənliyini, səxsiyyətini,

Yediyi bir tikə kababdan ötrü.

HƏYAT SADƏ BUMERANQDI

Mənim dərdim dərmandısa,

Bir insana, qoy sağalsın!

Onu üzən bu candısa,

Qoy sevinsin, ləzzət alsın!

***

Həyat sadə bumeranqdı,

Geri dönər, bir daş atsan.

Ətrafında danqa-danqdı,

Bir dinşəyib qulaq assan.

***

Heç vaxt xoşun gəlməyəni,

Rəva bilmə özgəsinə!

Şeytan sevər şər deyəni,

Sığındırar kölgəsinə.

***

Nə pisliyə vəsilə ol,

Nə şeytana yaxın durma!

Cəhənnəmə gedir bu yol,

Razısansa, yeri, sorma!

***

Bir ziyanın yarısından

Qayıt, nə olar, azı var.

Qaç dünyanın qarısından,

İfritəsi, sözbazı var.

***

Arxaya dön, geriyə bax,

Gördüyünü unutma sən!

Bu yolları səndən qabaq,

Çoxu getdi, gedə bilsən!

***

Həyat, vallah bumeranqdı,

Ağladanı ağladacaq.

İnsan üçün görkdü, ranqdı,

Dərd verənlər dərd dadacaq!

BU GÜNÜN RUHUNA ALIŞMALIYIQ

Nə yayan deyiləm, nə də danası,

İlahi, kömək ol, mən ruhda qalım!

O qədər səhvim var bağışlanası,

Bilmirəm hansını yadına salım.

***

İnsan gec anlayır yaxşını, pisi,

Səhv edir, səhvini gec başa düşür.

Təkcə sən anladın , duydun hər kəsi,

Bəs niyə doğulan göylə əlləşir?!

***

Deyərəm, gülərəm nə qədər desən,

Üzümdən oxunmaz içimdə dərdim.

Kədəri yaxına buraxmıram mən,

Ruhum çərçivəni sevir deyərdim.

***

Gün olur ətrafın heç nəyi duymur,

Bir gözün ağlayır, bir gözün gülür.

Dünənki sevincdən bir qarın doymur,

Bu gün nə olacaq Yaradan bilir.

***

Hər gün eyni ruhda yaşayanmarıq,

Bunu başa düşüb çalışmalıyıq.

Günahlı, günahsız nə fərqi varıq,

Bu günün ruhuna alışmalıyıq.

QOŞMA

Bu dünya cildini dəyişən deyil,

Nə də ki, biz ona doy gələnmirik.

Nə desə təzim et, önündə əyil,

Pozan ki ondadır, biz silənmirik.

***

Tələsən deyilik, daşsa yağımız,

Yox oldu dünənki oğlan çağımız.

Vərdişə çevrilib qımışmağımız,

Nədisə ürəkdən çox gülənmirik.

***

Qalası yox olur, gedəsi durur,

Ay Murad, azalıb şərəf, şan, qürur.

Ya dünya qarışıb baş-ayaq vurur,

Ya xəlbir cırılıb düz ələnmirik.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir