
Soyuq şimala bir parça cənub istisi
Norveç, Telemark mahalı, Mərkəzi-Telemark bələdiyyəsinin Bö uşaq məktəbində həftənin axırıncı dərsi.
Dərsin bitməsinə az qalmış, müəllim uşaqlara xatırlatdı ki, bu günkü dərsin sonunda tibb bacısı sizinlə danışacaq.
Norveç məktəblərində çalışan tibb bacıları Norveç Uşaq Rifahı Xidməti ilə sıx əməkdaşlıq edirlər. Onlar daima uşaqlara onların hüquq və azadlıqlarını izah edirlər. Həm də şagirdlərlə ayrı-ayrılıqda söhbətlər edir, məktəb və ev həyatları ilə maraqlanırlar.
Dərsin sonunda tibb bacısı Astrid sinfə girdi. O, xoş təbəssümlə gülümsəyib şagirdləri salamlayıb soruşdu:
– Uşaqlar, çox yorulmamısız ki?
Uşaqlardan “Yox” cavabı gəldi. Astrid söhbətinə davam elədi:
– Bir az vaxtınızı alacağam, – dedi. – Bilirsiz ki, biz azad ölkədə yaşayırıq və bizim hər birimizin hüququmuz qanunla qorunur. Siz də artıq balaca deyilsiniz. Yeni dərs ilinə qədəm qoymuşuq və indi artıq altıncı həftədir ki, siz dördüncü sinfə gedirsiz. Yəqin ki, unutmamısız, biz sizə həmişə cinslər və cinsi münasibətlər haqqında danışmışıq. Sizə hələ uşaq bağçasında da başa salıblar ki, sizin bədəniniz ancaq sizə məxsusdur və icazəniz olmadan heç kəs, hətta ata-analarınız belə, bədəninizə toxuna bilməz.
Bəli, siz də artıq böyük uşaqlarsınız, amma o qədər də böyük deyilsiniz ki, hər şey haqqında indi danışaq. Bizim gələcəkdə çoxlu görüşlərimiz olacaq və sizi bu mövzu haqqında daha ətraflı məlumatlandıracağıq. Eyni zamanda, sizinlə fərdi və məxfi söhbətlərimiz də olacaq.
Uşaqlar, biz tez-tez görüşürük və müəllimləriniz də sizi məlumatlandırır ki, siz azad ölkənin azad vətəndaşlarısınız. Siz insansınız, siz heç kimin malı deyilsiniz, siz özünüzə məxsusunuz. Ata-analarınız belə sizin sahibləriniz deyil. Məktəbdə, ailədə, hər zaman, hər yerdə hüquqlarınızı bilməlisiniz.
Astrid azca partaların arası ilə gəzəndən sonra danışığına ara verib, lövhə qarşısına keçdi. Sonra diqqətlə uşaqları nəzərdən keçirərək, onlara belə bir sual verdi:
– Uşaqlar mən sizinlə səmimi olacağam, xahiş edirəm, siz də mənimlə səmimi olasız. Mənə deyin görüm, həyatınızda sizə kobudluq edən və ya sizə təzyiq, zorakılıq edən bir kimsə varmı? Həmin adam hətta valideyn və ya yaxın qohum, ya müəllim olsa belə, sizi incitməyə, üstünüzə səsini qaldırmağa, sizi təhqir etməyə heç kəsin ixtiyarı yoxdur. Ölkəmizdə hamı qanun qarşısında bərabərdir. Norveçdə yaşayan hər kəs, vətəndaşlığından, dinindən, dilindən, irqindən, cinsindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı qanun qarşısında eynidir. Uşaq olsa da, cavan olsa da, hətta yüz yaşlı qoca olsa da, fərq etmir – hamı azad insandır. Əsas odur ki, heç kəs, heç kəsin rahat yaşamağına mane olmasın. Norveç hökuməti hər bir vətəndaşını sevir, onu hər yerdə, hər zaman qoruyur. Ona görə bütün məktəblərdə tibb bacıları çalışır ki, uşaqları və onların hüquqlarını qorusun. Bu gün mən – Astrid niyə burdayam? Burdayam ki, Sizi və Sizin hüquqlarınızı qoruyum. Ona görə məktəbdəki uşaqların hamısı tibb bacılarını özlərinə dost bilməlidirlər. Onlarla dost olmalıdırlar. Mən əminəm ki, mən də hamınızla dost olacağam.
Astrid hamını birdən qucaqlamaq istəyirmiş kimi qollarını geniş açıb soruşdu:
– Dost olaq?
– Olaq! – Uşaqlar bir səslə dedilər.
Tibb bacısı sevincək əl çalıb ilk əvvəl sol sırada birinci partada oturan şagirdə yaxınlaşdı. Bir az ona tərəf əyilərək, mehribanlıqla soruşdu:
– Gəl, sıra ilə səndən başlayaq, – Astrid əlini şagirdə uzadıb dedi:
– Mən Astridəm, bəs sənin adın nədir?
– Mən Mariannayam.
– Çox gözəl adın var. Səninlə tanış olmaq çox xoş oldu. Mənimlə hanısa mövzuda danışmaq istəyərdin?
– Yox, düşünürəm deyəcəyim elə bir sözüm yoxdur. Tez evə gedib idmanıma hazırlaşmalıyam.
Beləliklə, tibb bacısı uşaqlara eyni qaydada yaxınlaşaraq, bir-bir onlarla tanış oldu. Adlarını yadda saxlamağa çalışdı.
– Bəs sənin adın nədir?
– Səlim!
– Mən Astridəm. Sən də məni sadəcə «Astrid» deyə çağıra bilərsən. Səlim, sənin necə, problemin, mənimlə bölüşəcək sözün yoxdur ki?
– Xeyr, yoxdur, hər şey qaydasındadır – deyib, Səlim ayağa qalxıb cavab verdi. Oturmaq istəyirdi, qonşu partadakı Silya həyəcanla dedi:
– Astrid, Səlim dünən avtoparkda ağladı. Deyəsən, atası ona hirsləndi.
Səlim bunu gözləmirdi deyə, diksindi, qızardı. Tibb bacısı tez öz ağzını əli ilə tutaraq, Silyaya dedi:
– Bəzən elə şeylər var ki, onları hamının yanında demək olmaz.
Sonra üzünü Səlimə tutub dedi:
– Səlim, olarmı ki, burda mən işimi bitirdikdən sonra səninlə gedək tibb otağına, sən hər şeyi orda bir dost kimi mənə danışasan.
Tanış olma qurtarandan sonra Səlim incik halda Silyaya baxıb, ayağa qalxdı, ağır addımlarla sinifdən çıxdı. Sinifdə sakitlik pozuldu. Uşaqların çoxu Səlimə yaxınlaşıb “Səninlə hər şey yaxşıdırmı?” deyə nigaran-nigaran sual verdilər. Səlim, «narahat olmayın», deyib, Astridlə birlikdə sinifdən çıxdı. Uşaqların çoxu Silyaya dedi:
– Sən düz elədin bunu Astridə xəbər verdin.
Astrid Səlimlə tibb otağında səmimi söhbət elədi.
– Nə olmuşdu, kim səni incitmişdi?
– Heç kim, inanın mənə.
– Onda atan niyə sənə hirslənmişdi?
– O mənə hirslənməmişdi…
– Mən hamınızın dostuyam və mənim məqsədim və işim sizə kömək etməkdir. Sənə nəsə kömək lazımdır? Əgər evdə problemin varsa, məndən heç nəyi gizlətmə. Atan səninlə niyə kobud rəftar edir?
– Yox. Elə deməyin. Mənim atam bəlkə də dünyanın ən yaxşı atasıdır.
– Bəs avtoparkda nə baş vermişdi? Silya düşünür ki, atan səni hirsləndirib. Bu düzdür?
– Yox. Atam mənə çox yaxşı xəbər dedi. Ona görə kövrəldim. Arxayın olun, problemim yoxdur, hər şey yaxşıdır. Baxın, bütün uşaqlarda olduğu kimi, mənim də telefonumda polisin nömrəsi var.
Səlim belə deyəndə telefonunu açıb Astridə göstərdi və yenə sözünə davam elədi:
– Narahat olmayın. Mən öz hüquqlarımı yaxşı bilirəm. Onu da bilirəm ki, kim məni hirsləndirsə, mənə zor göstərmək istəsə həmin an polisin nömrəsinə zəng edə bilərəm.
– Onda necə arxayın ola bilərəm ki, sənin evində hər şey yaxşıdır?
– İstədiyiniz vaxt qonaq gəlin, görəcəksiniz hər şey qaydasındadır və bizim xoşbəxt ailəmiz var.
– Mən sənə inanıram. Elə isə dünən niyə ağlamağının səbəbini mənə deyə bilərsən?
Səlim dərsdən sonra yorğun olsa da, dünən avtoparkda nə baş verdiyini təfsilatı ilə Astridə danışdı. Astrid axıra qədər Səlimi dinlədi. Amma arada Səlimin danışdıqları onu elə kövrəltdi ki, doluxsundui, göz yaşlarını saxlaya bilmədi. Axırda Səlimə «Sağ ol, sən böyük ürə sahibisən», «Əhsən», deyib Səlimin başını tumarladı.
Səlimdən ayrılandan sonra Astrid Səlimin əlaqələndirici müəllimi İngunn yanına gedib məsələni ona danışdı. İngunn də baş verənlərə diqqətlə qulaq asandan sonra kövrəlib dedi:
– Səlimin gördüyü iş çox yüksək insani keyfiyyətə layiq bir hərəkətdir. Belə bir hərəkət başqalarına da nümunə olmalıdır.
– Bəs necə edək ki, bunu bütün sinif uşaqları bilsin.
– Məncə nəinki sinif uşaqları, bütün məktəb uşaqları bilsə daha yaxşı olar.
– Onda əvvəl Səlimdən icazə almalıyıq. O istər ki, başqaları bunu bilsin. Bəlkə istəmir heç kəs bilsin. Bu onun hüququdur, Səlimin hüququnu poza bilmərik.
– Əlbəttə, Səlim azyaşlı olduğuna görə hətta valideynlərindən də razılıq almalıyıq.
Bir gün Səlim müəllimi İngunnun xahişi ilə avtoparkda ağlamağının səbəbini sinif yoldaşlarının qarşısında da danışdı. O, qəhərlənsə də, özünü toparladı:
“Babamgil Azərbaycanda, ucqar dağ rayonu Lerikdə yaşayırlar. Bir gün eşitdim babam xəstələnib. Atam ilə anamın bikef olduqlarından başa düşdüm ki, babam ağır xəstədir. O, təcili əməliyyat olunmalıdır.
O vaxt Azərbaycanda icbari-tibbi sığorta yox idi. Babama lazım olan əməliyyatı isə ancaq özəl klinikada etmək olardı. Onu da eşitdim ki, əməliyyat üçün lazımi qədər pul yoxdur. Bu vaxta qədər valideyinlərimi heç belə kədərli görməmişdim. Söhbətlərindən başa düşdüm ki, onların əməliyyata pulu çatmır. Biz onda 3-4 il idi ki, Norveçdə yaşayırdıq. Ata-anam müqavilə ilə işlədiklərindən məvacibləri vacib xərclərə ancaq çatırdı. Üstəlik, kirayədə qalırdıq.
Bir gün məktəb elanında gördüm ki, uşaqlar üçün Satış yarmarkası təşkil olunacaq, sevindim.
Həmin yarmarkada neçə dəfə olmuşdum. Uşaqlar istədikləri hər şeyi – öz əl işlərini, ya təzə, ya köhnə oyuncaqlarını və hətta onlara gərək olmayan paltarlarını da yarmarkada sata da bilirlər, dəyişdirə də bilirlər.
Yarmarkaya hələ vaxt qalmışdı. Babamın əməliyyatına pul toplamalı idim. Mən böyük ümidlə yarmarkaya hazırlaşmağa başladım. Babama kömək etmək üçün yollar axtardığım vaxt belə bir yarmarkanın keçiriləcəyi məni sevindirdi. Düşündüm bir neçə mənzərə rəsmi çəkərəm. Mənzərə rəsmi qəşəng alınsa, mütləq satılacaq. Norveçlilər mənzərə rəsmi xoşlayır. Rəssamlıq kursuna getdiyimə görə özümə əmin idim. Gündəlik mənə verilən cib xərcliyimə qənaət edib kağız, boya aldım. Rəsmlər çəkməyə başladım. Helloin bayramına da az qalmışdı deyə, bayrama uyğun rəsmlər çəkdim. Qorxulu maskalar düzəltdim. Daha sonra yarmarkada satmaq üçün bir quş damı tikdim. Üstünə rəngli cizgi filmi rəsmlərini çəkdim. Maraqlı alındı.
Evdə artıq istifadə edilməyən oyuncaqları bir qutuya yığdım. Özümə artıq yaramayan, velosipedim var idi. Onu xeyli sürsəm də, yaxşı saxladığımdan təzəyə oxşayırdı. Mənim üçün balaca idi, kiçik qardaşım üçün isə hələ böyük idi. Onu da satmağa qərar verdim. Daha sonra ata və anamdan məni yarmarkada qeydiyyata salmalarını xahiş etdim.
Nəhayət, həmin gün gəldi. Bazara aparmaq üçün hər şeyi qablaşdırdım. Babamın bağda üzüm dərdiyi yerdə rəsmini çəkmişdim. Rəsm çox gözəl alınmışdı. Hamının xoşuna gəlirdi. Xeyli şəklə baxdım. Heç istəmirdim onu satım. Babamı çox istəyirdim. Yay tətilində ona aparacaqdım. “Bağışla, baba”, deyib şəkli öpdüm. Onu da satmağa götürdüm. Rəsmi əlimdə tutdum ki, əzilməsin. Yol boyu rəsmə baxdım.
Tərslikdən yarmarkada elə birinci rəsmi aldılar. Baxa-baxa qaldım. Əlacım yox idi. Babamın sağalmasına kömək eləməliydim. Rəsmi yarmarkaya aparsam da, satılması heç ürəyimdən olmadı.
Yarmarkadan sevinclə qayıtdım. Demək olar ki, apardığım hər şeyi satmışdım. Bütün satdıqlarıma sevinirdim, bircə Babamın rəsmindən başqa. Yarmarkadan Norveç pulu ilə təxminən 6000 kron pul qazandım. Bu mənim ilk qazancım idi. Pulu Azərbaycan manatına çevirəndə təxminən 900 AZN edirdi. Topladığım pulu bang ilə Bakıya göndərsəydim, pul bir az azalacaqdı. İstəmirdim azalsın. Xoşbəxtlikdən həmin gün Oslodakı Azərbaycan Məktəbinin koordinatoru Günay xanım bizə gəlmişdi. O,bizim evə tez-tez gəlir, yaşayışımızla maraqlanırdı. Özü də Nizami Gəncəvi adına Olso Azərbaycan diili məktəbinin müəllimi idi. Dili unutmamağımız üçün hər həftəsonu həmin məktəbə mən də gedirdim. Həmdə Azərbaycan dilini yaxşı bilməyə çalışırdım.
Gunay xanım, söhbət zamanı dedi, bu günlərdə Bakıya gedəcək, nəsə göndərmək, ya gətirmək lazım olsa deyərsiz. Pulu Günay xanımla Bakıya göndərdim. Əlbəttə, pulun qədəri çox olmasa da, babamın əməliyyatına az da olsa, kömək idi. Həmin gün mən avtomobil parkında ağlamağımın səbəbi də o olmuşdu. O gün atam məktəb həyətində məni gözləyirdi. O, çox sevincək idi. Dedi, baban əməliyyat olub, vəziyyəti də yaxşıdır. Səni soruşurdu, telefonu gətirdim səninlə görüntülü danışsın.
Sevindim, “nə yaxşı”, desəm də, babamla danışa bilmədim, onu oturmuş yerdə, danışan görəndə elə kövrəldim, dilim söz tutmadı. Son dəfə onu uzanmış, gözüyumulu, güclə danışan görmüşdüm. İndi sevindiyimdən məni ağlamaq tutdu. Atam da məni qucaqlamışdı, məni sadəcə sakitləşdirirdi. Həmin gün məktəb həyətində ağlamağımın səbəbi budur.
Səlim danışıb bitirəndən sonra uşaqlar sakit-sakit qalxıb onu qucaqladılar. Kiminin gözü nəmli idi, kiminin gözlərində yaş vardə.
O gündən Səlimin hekayəsi sinif-sinif gəzdi. Məktəbdə demək olar ki, hamı Səlimi tanıdı. Onsuz da çox olan dostlarının sayı qat-qat artdı.
Bir müddət keçəndən sonra Vilayət mərkəzində ailə məsələrinə dair böyük bir konfrans təşkil edilmişdi. Yeniyetmə Səlim də çıxış etmək üçün konfransa dəvət edilmişdi.
Təəssüf ki, dünyanın ən azad, varlı ölkəsi olan Norveçdə əksər babalar və nənələr qocalar evində yaşayır. Övladları, nəvələri bəzən onları heç axtarmır. Bəli, onların pul, müalicə və başqa problemləri yoxdur. Sadəcə, ailə, övlad, nəvə sevgisinə ehtiyacları var və bu səbəbdən ölkədə “Doğmalarımızı sevək, onlara bir təbəssüm verək ” mövzusunda konfrans keçirilirdi.
Səlim konfransda çıxış elədi. Konfransda Səlimə «Qayğıkeş övlad” diplomu ilə birgə gözəl bir hədiyyə də verdilər. Səlim hədiyyəni görəndə çaşıb qaldı. Bu onun babasının üzüm dərdiyi yerdəki rəsmi idi. Səlimin babasına sevgisi, fədakarlığı dildən-dilə elə dolaşmışdı ki, onu alan da bu haqda eşitmiş, rəsmi tapıb sahibinə qaytarmağı özünə borc bilmişdi.
Konfransdan çıxanların əksəriyyətinin gözü nəmli idi. Bu soyuq şimal ölkəsinə isti cənubdan gətirilmiş bir parça isti idi.
Müəlliflər: Gülzar İbrahimova ,
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru