
Psixoloji terminlərin populyarlaşdırılması ciddiliyi kölgədə qoyur
Son illərdə psixoloji terminlər gündəlik həyatımıza o qədər sürətlə daxil olub ki, bəzən sosial mediada hər kəsin özünə “diaqnoz” qoyduğunu görmək adi hala çevrilib. “Depresiyadayam”, “Anksiyetem tutub”, “Enerjim düşüb”, “Panik atak keçirirəm” kimi ifadələr artıq hər kəsin lüğətində var. Psixoloji mövzuların populyarlığı insanların bu sahəyə marağını artırsa da, eyni zamanda məlumat kirliliyi və yanlış yönləndirmələr də özünü göstərir.
Bu mövzunun həm faydalı, həm də təhlükəli tərəflərini daha dərindən anlamaq üçün psixoloq Sevil Quliyeva ilə həmsöhbət olduq.
Sevil Quliyevanın sözlərinə görə, psixologiyanın son illərdə bu qədər məşhurlaşmasının əsas səbəbi sosial mediada informasiyanın kütləviləşməsidir: “Xüsusən pandemiya dövrü və ondan sonrakı mərhələ insanlarda emosional sağlamlığa marağı artırıb. Gənc nəsil duyğularını ifadə etməkdən çəkinmir, bu isə psixoloji mövzuların gündəmdə qalmasına səbəb olur”.
Amma bu populyarlıq həm də yanlış anlaşılmalar gətirir. Psixoloqumuzun vurğuladığı kimi, terminlərin mənbəsiz və mövzudankənar istifadəsi psixoloji anlayışları “moda” ya çevirir və nəticədə, insanlar əhval dəyişikliklərini xəstəlik kimi qəbul etməyə başlayırlar: “İnsanların ikisaatlıq kədərə “depressiya” deməsi ciddi təhlükələr yaradır. Depressiya aylarla davam edən enerji itkisi, funksionallıq azalması, yuxu və iştaha pozuntuları ilə xarakterizə olunan ağır bir vəziyyətdir. Lakin insanlar gündəlik yorğunluğu belə bu terminlə adlandırdıqda real klinik diaqnozların mahiyyəti itir”.
Bu yanaşma ən çox real simptom yaşayan insanlara zərər vurur. Cəmiyyət “Hamı depressiyadadır”, – deyən bir yanaşmanı mənimsəyəndə bu xəstəliklərdən əziyyət çəkən şəxslər artıq görünməz olur və dəstək almaqda çətinlik çəkirlər.
Sevil Quliyeva son illərdə ən narahatedici məqamın peşəkar olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi olduğunu bildirir. Elmi əsası olmayan metodların, “enerji ilə sağaltma”, “bir seansda travma silmə”, “çakra açma” kimi iddiaların geniş yayılması insanları yanlış istiqamətə yönləndirir.
Psixoloqun sözlərinə görə, insanların bu “seanslar”dan nəticə görməməsi və ya əksinə, vəziyyətlərinin daha da pisləşməsi psixologiyaya olan inamı azaldır: “Psixoloji yardım struktur, elmi protokol və metod tələb edir. Diplom və ixtisas olmadan edilən müdaxilə insanı sağaltmır, əksinə travmanı daha da dərinləşdirə bilər. Ona görə də psixoloq seçərkən təhsil, diplom və etik prinsiplərə əməl edilib-edilmədiyini yoxlamaq vacibdir”.
Müasir insanın duyğularını anlamaqda çətinlik çəkməsi də bu tendensiyanı gücləndirir. Sevil Quliyeva deyir ki, sürətli həyat tərzi, sosial şəbəkələrin yaratdığı hər şeyə ad qoyma trendi insanları öz hisslərini sosial şəbəkələrdə paylaşıb yaymağa meyilli edir. Bu, insana qısa müddətli rahatlıq versə də, zamanla duyğularını patologiyaya çevirməyə başlayır.
Psixoloq vurğulayır ki, kədər, yorğunluq, həyəcan kimi hisslər həyatın ən təbii hissəsidir. “İnsanlar kədərlənməyi xəstəlik kimi qəbul etməməlidir. Hissləri normallaşdırmaq lazımdır. Fikrimcə, sosial şəbəkələrdə yayılan psixoloji videoların həm faydası, həm də zərəri var. Faydalı tərəfi odur ki, mövzuya marağı artırır, insanları maarifləndirir. Lakin “İki dəqiqəyə panik atakını məhv et”, “10 addımda travmanı sağalt” kimi videolar insanlarda yanılma yaradır və real problemlərin kökündə duran səbəbləri həll etmir. Bu videolar simptom tanışlığı yaradır, amma həll bacarığı vermir”, – deyə psixoloq bildirir.
Psixoloqun fikrincə, insanların psixoloqa getməkdən çəkinməsinin bir neçə səbəbi var. Damğalanma qorxusu, maddi çətinliklər, ailədən gələn inanclar və sosial mediada yayılan motivasiya xarakterli yanlış məlumatlar. Bu isə vəziyyəti daha da ağırlaşdırır. İnsan problemi içində böyüdür, duyğularını boğur və nəticədə çıxılmaz dövrəyə düşür. Psixoloji yardım, sadəcə, söhbətdən ibarət olmur, buna elmi yanaşma, texnika və metodika da daxildir.
Sevil Quliyeva psixoloji mövzuların gündəmdə qalmasının müsbət olduğunu desə də, balansın vacibliyindən də söz açır: “Bu mövzuda elm əsaslı mənbələrə üstünlük verilməli, hissləri patologiyadan ayırd etməyi öyrənməli, sosial mediada görülən hər məsləhəti tətbiq etməməli, məlumatın mənbəsi sorğulanmalıdır”.
Psixoloji anlayışların populyarlaşması cəmiyyətin maariflənməsinə kömək etsə də, yanlış məlumat və qeyri-peşəkar müdaxilələr təhlükə mənbəyinə çevrilə bilər. Psixoloqumuzun vurğuladığı kimi, psixologiya ciddi elm və məsuliyyət tələb edən bir sahədir. Duyğularımız haqqında danışmaq nə qədər bizim üçün yaxşı olsa da, bunu doğru metodlarla, peşəkar yanaşma ilə etmək daha önəmlidir.
Müəllif: Elnurə Cəfərova