
ZÜLEYXA MAŞƏRİFOVA
Özbək yazıçısı
1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub.
1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb.
Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib.
Azərbaycanda ilk dəfədir çap olunur.
ŞTRAUSA TƏQLİD
(hekayə)
Nə etməli, kim kimə niyətdurur,
Əvvəl şart anğa qabiliyyət durur.
Əlişir Nəvai
Bahar. Balaca həyətin ortasında bitmiş ərik ağacı büsbütün çiçəkləmişdi. Səhər həyətə çıxan Nəfasətin təmiz bahar havasının xoş ətrindən qəlbi riqqətə gəldi. O, qeyri-ixtiyari olaraq skripkasını götürüb çalmağa başladı.
O, Antonio Vivaldinin “İlin fəsilləri” adlı əsərini çalırdı. Qonşu həyətə toyuqlarına dən vermək üçün çıxan Kamal musiqini eşidib, dayanmadan qıqqıldayan toyuqların səsini tezliklə kəsmək üçün onlara dən tökdü, hinin qapısını bağladı və bir az kənardakı özü düzəltdiyi köhnə stulda oturub, qulaqcığı ilə musiqiyə qulaq asmağa başladı. O qədər məftun olmuşdu ki, sol tərəfə azca əyilmiş dodağı daha da aşağı sallanıb, ağzından tüpürcək axdığını hiss etmədi.
Kamal hər şeyi unutmuşdu. O, xəstə atasına səhər yeməyi hazırlamalı, yeməyini yeyib tez işlədiyi ərzaq mağazasına getməli, ora təzəcə gəlmiş maşının yükünü boşaldıb, sonra satıcıya kömək etməli olduğunu düşünmürdü. Musiqinin sehrli melodiyalarına tam qərq olmuşdu.
Kamal skripkanın xoş səsləri altında yellənərək oturur, qulaqlarına musiqi deyil, sanki arxlardan axan suyun şırıltısı, quşların zərif cəh-cəhi, küləkdə yavaşca hərəkət edən otların arasından gələn cırcıramaların cırıltısı eşidilirdi.
– Nəfasət, səhər yeməyi yesən olmazmı? Dayanmadan bu zərməni çalırsan! – deyə əsəbi bir səslə Kamal onu ayıltdı.
Həmişəki kimi Salihə xala musiqinin belini qırdı: “Kaş ki, mən də nəyisə çalmağı bacarsaydım, heç olmasa bircə musiqi alətim olaydı…” Hər dəfə Nəfasət həyətlərində musiqi çalanda Kamal bütün vücudu ilə qulağa çevrilib onu dinləyər və musiqi bitəndən sonra da hər dəfə bu sözləri düşünərdi. Bu gün də belə oldu. O, kürəyindəki tozu çırpıb, hər zamankı kimi gündəlik işlərini görmək üçün ayağa qalxdı.
– Ana, heç olmasa bircə dəfə istədiyim kimi çalmağıma icazə verin, xahiş edirəm! – anasının hərəkətindən narazı olan Nəfasət bunu dedi.
– Lazım deyil, çalmağın gərək deyil! Onu çalmaqla nə əldə edəcəksən? Sən yaxşısı budur yeməyini ye, sonra ana-bala oturub məsələni danışaq və bu mübahisəyə nöqtə qoyaq! – Salihə xala qəzəblə bildirdi.
Nəfasət anasının xasiyyətini bildiyindən səs çıxarmadan səhər yeməyi yemək üçün içəriyə keçdi. Onlar hər ikisi yemək zamanı bir kəlmə də danışmadılar. Çünki Salihə xala həkim olduğundan yemək vaxtı danışmağın sağlamlıq üçün zərərli olduğunu deməkdən yorulmazdı. Nəfasət bunu çox yaxşı bilirdi. Buna görə də düşündü ki, kaş, anam insanın ovqatı pis olanda yeməyin sağlamlığına necə təsir etdiyini də desəydi, yaxşı olardı.
Onlar süfrəyə dua etdikdən sonra Salihə xala:
– Bilirəm, qızım, istəmədən də olsa, kefini pozdum, – qızının ağlından keçənləri hiss edirmiş kimi astadan dedi.
– Ana…
– Sözümü kəsmə, yaxşıca qulaq as, oldumu?
– Oldu… – Nəfasət demək istədiklərini içində saxladı.
O, çox vaxt anası kimi sözünü yerində deyə bilmədiyinə görə heyfsilənərdi, bu dəfə də onu bu məsələ sıxdı. Əsəbiləşdiyindən adəti üzrə uzun barmaqları ilə alnına düşən saçlarını geriyə itələyib sığalladı.
– Mən sənin konservatoriyaya daxil olmağının əleyhinəyəm! Bilirsənmi, niyə? – Salihə xala qızının gözlərinin içinə dik baxdı.
Nəfasət ona iri, qapqara gözləri ilə baxır, gözəl dodaqları nəsə demək istəyirmiş kimi yığılmış, yumru, ağappaq üzü əsəbdən bir az qızarmışdı. Lakin Nəfasət bu sözləri anasından bir neçə dəfə eşitdiyindən, sualın cavabını da yaxşı bilirdi. Bu səbəbdən sükutla yerə baxdı. Salihə xala sözünə davam etdi:
– Çünki mən sənin xoşbəxt olmağını istəyirəm! Sən çox gözəlsən, qızım, istəyirəm ki, bir evin gözəl xanımı olasan. Hər bir qadının xoşbəxtliyi ailə ilə tamamlanır. Sən ömrünün sonuna kimi skripkanı çiynində, kontrabasını sürüyə-sürüyə gəzsən, heç bir kişiyə arvad ola bilməzsən, demək istəyirəm ki, ailə qura bilməzsən, başa düşdünmü?!
Nəfasət səssizcə pəncərədən bağa baxaraq oturmuşdu.
– Hətta kişi də musiqi ifa edib ailə saxlamaqda çətinlik çəkir. Bunun sadə nümunəsi – atan. Əgər mən olmasaydım, onun nə yaşamağa evi, nə də maşını olardı. Hələ də atam rəhmətlikdən bu balaca həyət evi qaldığı üçün yaxşı yaşayırıq. Maşın almaq üçün nə qədər zəhmət çəkdim. Onun bu günə qədər əldə etdiyi tək əmlak – o küncdə duran köhnə royaldan başqa bir şey deyil! Səni musiqi məktəbinə verdiyini isə heç cür bağışlaya bilmirəm!
Nəfasət anasının atası haqqında danışdığı zaman ürəyi titrədi, atasından ötrü necə çox darıxdığını hiss etdi. Xaricə getdiyi də iki il olmuşdu, burada olsaydı, anamdan məni qoruyardı, deyə düşündü. Salihə xala isə hələ də musiqiçilərin acı talelərindən danışırdı:
– Qədimdə də, indi də musiqiçilərin yaşam tərzi çox acınacaqlı olub. Sənə nümunə lazımdırmı?! Dünyaca məşhur Volfqanq Amadey Motsart 36 yaşında iqtisadi sıxıntı içində vəfat edib. Və ya Bethovenin həyatı qibtə ediləcəkdimi?! Bəlkə yaxınlarda filmini televizorda izlədiyimiz Can-Kristofun necə yaşadığına heyran qalmısan?! Onların həyatı çox acınacaqlı idi axı, sən də bunu görə-görə özünü oda atacaqsanmı, qızım?!
– Niyə yalnız xarici bəstəkarlar haqqında danışırsınız, halbuki onlar çoxdan, çətin illərdə yaşamışlar? Niyə Yunus Rəcəbi, Mütəvəkkil Burhanov və ya başqa özbək bəstəkarlar haqqında heç nə demirsiniz? Ana, özünüz “Şaşmaqam”i dinlədiyiniz zaman hər şeyi unudursunuz, yadınızdan çıxıbmı, axı onu da mənim kimi özbəklər yaradıb!
– Doğrudur, mən sənə skripka çalma demirəm, boş vaxtlarında buyur, nə istəyirsənsə çal, amma başqa bir peşə sahibi olmağını istəyirəm, vəssalam. Məsələn, mənim kimi həkim ol, ya da müəllim. Mən sənin gələcəkdə xoşbəxt olacağını düşünərək belə danışıram, qızım.
– Ana, mən sərvi boylu “Arqan”da musiqi çalmaq arzusundayam və indi yetərincə qiymət verilməyən bir musiqi sahəsi – vals musiqilərini yaratmaq istəyirəm. Elə “vals kralı” Yohan Ştraus kimi məşhur vals musiqiləri bəstələyə bilsəm, özümü xoşbəxt hesab edərəm! Mənim arzularım bir dünya qədərdir! Bunu anlamaq bu qədər çətindirmi?! – Nəfasət də anasının gözlərinə dik baxaraq dedi.
– Mən bu qədər ürək yanğısı ilə bir qızın xoşbəxtliyi barədə danışmışamsa, bu kimə aid idi?! Demək, sən ananın sözlərinə bir qəpik də dəyər vermirsən, eləmi?!
– Ana…
– Bəsdir, mənə ana demə! Haçan ki, özün gəlib üzr istəyib sənədlərini Tibb institutuna vermək istədiyini deyəcəksən, bax onda sənin anan olaram! – Salihə xala əlini stolun üstünə vuraraq dedi.
O, kök bədəninə yaraşmayan cəldliklə ayağa qalxıb, qapını çırpıb otağına keçdi.
Nəfasət özünə gələ bilmədən həmin yerdəcə xeyli oturdu, bir azdan sonra dərsə getməli olduğunu xatırlayıb, çantasını götürüb bayıra çıxdı.
Salihə xala qızından incimiş halda bir neçə gün onunla danışmadı. Nəfasət isə nə edəcəyini bilməyib, çaşqınlıq içində idi.
Salihə xala işdən qayıdıb qapının zənginə basarkən qızı ilə aralarında olan inciklik nə vaxta qədər davam edəcək, deyə düşündü və ürəyi sıxıldı. Qapını açan Nəfasət gülümsəyərək anasına salam verdi. Anası salamını almayıb ötüb keçmək istəyəndə qızı onun arxasınca qaçıb qucaqladı:
– Ana, məni bağışlayın, siz nə istəyirsinizsə, onu edəcəyəm, – yavaşca pıçıldadı.
Salihə xala qulaqlarına inanmadan:
– Qızım, nə dedin, bir də söylə! – dedi.
– Siz mənim xoşbəxt olmağımı istəyirsinizsə, yaxşı, mən də xoşbəxt olmağa çalışacağam.
– Demək, həkim olmağa razısan, düzdür?
– Siz nə desəniz, o olacaq, ana.
– Mənim tək qızım, ağıllı balam, – Salihə xala qızını əzizləməyə başladı. “Onsuz da qızımın başı var, düşünüb-düşünüb axırda mənim dediklərimin doğru olduğunu anlayıb, düzgün qərar verib”, – deyə düşünərək sevindi.
Səhər tezdən oyandıqda Salihə xala səhər yeməyi hazırlamağa başladı. O, Nəfasətin geyinib, çıxmağa hazır olub çıxdığını görüb təəccüblə:
– Qızım, bu gün məktəbə erkən getməyəmi hazırsan? – dedi.
– Hə, bu gün son imtahanımızdır, skripkamı da, kontrabasımı da aparmalıyam.
– Şükür, sonuncudur, qurtarırsan. Sonra mən tapdığım repetitorla Tibb institutuna hazırlaşmağa başlayarsan.
– Yaxşı.
– Yaxşı, sən səhər yeməyini ye, mən qonşumuz Kamala deyərəm, o ağır kontrabasını götürüb səni universitetinə qədər ötürər, – Salihə xala bunu deyib çıxıb getdi.
O kontrabası kürəyinə almış Kamala tabe olaraq skripkasını götürüb gedən zərif fidan qızının arxasınca baxaraq düşündü: “Qızımın boy-buxununa, gözəlliyinə söz ola bilməz, amma çox dikbaşdır, bir də xasiyyəti çox incədir. Hə, Nəfasət mənə oxşamayıb, elə atası kimidir. Heç olmasa xasiyyətcə atasına oxşamasaydı, nə olardı? Nə isə, nə olursa olsun, qızım xoşbəxt olsun. Allaha şükür, bu gün oxuyub bitirəcək, sonra isə mənim istədiyim kimi olacaq”, deyə düşündü.
Lakin Salihə xalanın düşündüyü kimi olmadı, çünki həmin gün Nəfasət evə qayıtmadı…
Vilayət prokurorluğunun böyük istintaqçısı Sabircan Mirzəyev qızının itməsiylə bağlı ərizə vermiş Salihə Məhmudova ilə söhbət edirdi:
– Deməli, qızınız Nəfasət bu ilin 24 may günü səhər evdən çıxıb və bir daha qayıtmayıb, düzdür? – Sabircan dəqiqləşdirmək istədi.
– Hə, artıq iki ay olur, ondan bir xəbər yoxdur… İndi tək balama yas açmaqdan başqa çarəm qalmayıb, – Salihə xala göz yaşlarını silərək dedi.
– Hələlik pis fikirlərə düşməyin, bəlkə qızınız sağ-salamat gəzib-dolaşır, – Sabircan, ona yazığı gəlib dedi.
– Harada ola bilər ki, axtarmadığımız yer qalmayıb, bütün qohum-əqrəba, uzaq-yaxın tanışlarımız, hər yeri axtardıq, milis əməkdaşları da tapa bilmədilər. Onun sağ olduğuna inamım qalmayıb, – Salihə xala hönkür-hönkür ağladı.
– Əriniz İskəndər bəylə əlaqə saxlayırsınız?
Sabircanın bu sualı Salihə xalaya elə bil od üstünə yağ tökən kimi təsir etdi. O, ağlamasını dayandırıb, tez-tez göz yaşlarını silərək:
– Sənə deyim, balam, o İskəndər bəyin əlindən yandım, məhv oldum. Bilirsinizmi, hər şeyə ərim səbəb oldu. Dəfələrlə ona musiqini atıb alverlə, ya da başqa gəlirli bir işlə məşğul olmasını dedim, sözümə qulaq asmadı. Üç illik müqavilə ilə musiqi dərsi vermək üçün xaricə getdi. Bəzən zəng vurur. Məncə, Nəfasətin itməsinə elə də təsirlənməyib.
– Doğrudan?
– Hə, mənə çox kədərlənmə, tapılar, inanıram, deyə təsəlli verir, vəssalam…
– Eləmi deyir?
– Hə, inanırsınızmı, qızımızın itməsini eşidib də, geri dönmək fikrinə belə gəlmir, nə imiş, müqaviləni pozub əvvəlcədən qayıda bilməzmiş!
– İskəndər bəyin gəlişi nəyisə dəyişər deyə düşünürsünüz?
– Heç olmasa yanımda dayaq olar. Təkbaşına ora-bura qaçıram. Yaxşı ki, bacım var, bacımın uşaqları məni tək buraxmırlar, kim bilir, olmasaydılar, qızımın dərdindən ölərdim.
– Salihə xala, qızınızın itməsində birindən şübhələnirsinizmi? – Sabircan mövzuya qayıtdı.
– Bilmirəm, heç kimdən şübhəm yoxdur desəm, yalan demiş olaram.
– Niyə indiyə qədər şübhələndiyiniz şəxsi deməmisiniz?
– Bilirsinizmi, özüm də şübhəmə tam inana bilmədiyim üçün deməyə cəsarət etmədim.
– Kimdən şübhələnirsiniz?
– Sənə deyim, balam, qonşumuz Qafur əminin oğlu Kamaldan. O, xırda işlərimizə kömək edirdi. Bu vaxta qədər ondan heç bir pis hərəkət eşitməmişəm. Anası rəhmətlik Aynisə xalanın ölümündən sonra xəstə atasına özü baxır, həm ev işlərini, həm də öz işini idarə edib ailəni dolandırır. Nəfasət sonuncu dəfə evdən çıxanda ondan kontrabası götürüb, onu məktəbə qədər ötürməsini xahiş etmişdim…
– Bəs sonra?
– Kamal hər zaman Nəfasət musiqi çalanda həyətdə oturub onu dinləyərdi. Öz diliylə dəfələrlə bunu deyərdi.
Bir dəfə məndən skripkanın neçə som (manat) olduğunu soruşmuşdu. Mən qiymətini deyəndə, vay-vay, mən onu heç vaxt ala bilmərəm axı, demişdi. Böyük kontrabasa qiymət soruşmaya da qoyum gedim, demişdi.
– Demək, siz qonşunuzun qızınız Nəfasətin iki bahalı musiqi alətinə görə öldürə biləcəyini düşünüb Kamaldan şübhələnirsiniz, eləmi? – Sabircan soruşdu.
Salihə xalanın dilinə gətirə bilməyib içində saxladığı şübhəsini səsləndirdi:
– Kaş ki, elə olmasın, amma bu fikir beynimdən çıxmır. Kamali görsəm, yaxasından yapışıb qızımı gətir, ona nə etdin, əclaf, demək keçir içimdən, amma güclə şeytana qalib gəlirəm. Onun ata-anası yaxşı və günahsız insanlar idilər, üstəlik, bu qədər illik qonşuluğumuz var…
– Əgər başqa şübhələriniz varsa, deyin.
– Başqa heç bir şübhəm yoxdur.
Sabircan Salihə xaladan qonşusu Kamalin ünvanını alıb yazdı və ondan ayrıldı.
Çağırış vərəqəsini alan Kamal prokurorluğa gəldi. Tədqiqatçının otağına girərkən:
– Mümkündürmü? – deyə içəri boylanaraq soruşdu.
Sabircan ona oturmaq üçün stul göstərdi.
– Yaxşı, Sədiyev, nə işlə məşğulsan? – şəxsi məlumatlarını öyrəndikdən sonra soruşdu.
– Mən 37 saylı ərzaq mağazasında işləyirəm.
– Bu ilin 24 may tarixində qonşunuz Nəfasətin kontrabasını daşımağa kömək edib, onu oxuduğu yerə qədər ötürdüyün doğrudurmu?
– Hə, ötürmüşəm…
– Onu hansı maşında ötürdün?
– Boz rəngli Nexia maşını idi.
– Nömrəsini yadında saxlamamısan?
– İndi, a kişi, taksiyə minəndə arxasına keçib nömrəsinə baxmazsan ki! – Kamal əsəbiləşdi.
– Maşının qabağında da nömrə yazılır. Amma niyə əsəbləşirsən?
– Kaş ki, Salihə xalanın mənə necə nifrətlə baxdığını siz də görərdiniz. Hə, mənmi günahkaram Nəfasətin itməyində? Elə bil siz də üstüörtülü olaraq bunu demək istəyirsiniz…
– Kamal, axı sən də bilirsən ki, qonşun Nəfasət izsiz-tozsuz yoxa çıxıb. İki aydır onu axtarırıq, tapmağa çalışırıq. Bunun üçün biz hər şeyi araşdırmalıyıq, bu bizim vəzifəmizdir, – Sabircan ona diqqətlə baxaraq dedi.
– Sizi başa düşürəm, amma bunun mənimlə nə əlaqəsi olduğunu başa düşə bilmirəm…
– Səndən soruşmağımızın səbəbi, onu son dəfə görən adamın sən olmağındır, – deyə Sabircan əllərini yana açdı.
– Mən o, taksidən düşəndən sonra geri döndüm.
– Niyə onu içəri keçəndə müşayiət etmədin?
– Çünki bunu Nəfasət istəmədi, buranı özüm həll edərəm dedi.
– O vaxt sən ona kömək edib musiqi alətlərini maşından endirəndə səni kiminsə gördüyünü xatırlayırsanmı?
– Bilmirəm, buna fikir verməmişəm.
– Kamal, səncə, Nəfasət hara yoxa çıxa bilərdi?
– Mən də heyrətdəyəm, düzünü desəm, onun itməsi mənə hamıdan çox təsir edib. Siz onun skripkanı necə çaldığını eşitsəydiniz…
– Bunu haradan bilirsən?
– Nəfasət həmişə skripkasını həyətdə çalardı, həyətlərimizin arasında cəmi bir kiçik divar var idi.
– Başa düşdüm.
– Təki sağ-salamat tapılsın, – Kamal bunu deyib ayağa qalxdı.
Nəfasətin itməsi ilə bağlı açılmış cinayət işinin istintaqı sona yaxınlaşırdı, lakin hələlik heç bir nəticə yox idi.
– Nəfasətlə bir yerdə oxuyan bütün dostlarını sorğulayıb araşdırdıq, – Fərhad bildirdi.
– Hə, o gün dərsə getməyib, heç biri həmin gün Nəfasəti görməyib, bu çox qəribədir, – Sabircan fikrə getdi.
– Hətta onun musiqi alətlərini taksidən endirdiyini də heç kim görməyib.
– Hə…
– Bu isə Kamalin ifadəsi doğru olmadığını göstərir, elə deyilmi, Sabircan bəy? – Fərhad söylədi.
– Doğrudur, o nəyisə gizlədir.
– Məncə, Salihə xalanın şübhəsi doğru çıxır. Əgər Kamal onu təhsil aldığı yerə qədər aparsaydı, heç olmasa bir nəfər onu görərdi, amma həmin gün onu heç kim görməyib. Demək, nə baş veribsə, yolda baş verib, bunu yalnız Kamal bilir.
– Kamalı növbəti istintaqa çağırmışam, indi gələr, – Sabircan dedi.
– Məncə, onu həbs etmək məsələsini həll etmək lazımdır.
– Niyə siz bu məsələyə dərindən yanaşmadan dərhal həbsi tələb edirsiniz? Əgər sizə qalsa, bəlkə həbsə düşməyən günahsız adam qalmazdı.
– O qədər də deyil, amma Kamaldan şübhələnməyimiz üçün əsasımız var, ona görə də bu təklifi edirəm, – Fərhad qəzəblənərək dedi.
Sabircan Fərhadin fikrinə heç bir münasibət bildirmədi. O, pəncərənin yanına gedib fikrə daldı. Fərhad otağına çıxdı. Bir az keçəndən sonra Kamalı özü ilə gətirdi. Sabircan Kamala:
– Kamal, sənə inanmaq istəyirəm, amma əvvəlki istintaqda dediyin sözlərin təsdiqini tapmadı, bu isə sənin ifadələrinin yalan olduğunu göstərir, – dedi.
– Mən düz danışmışam…
– Aydın olub ki, həmin gün Nəfasət dərsə getməyib, sən isə onu oxuyacağı yerə qədər apardığını demisən!
– Apardım da.
– Onu heç kim görməyib, sən yalan danışmısan! Yaxşı, niyə yalan danışırsan?! De, Nəfasətə nə etmisən?! – Sabircan soruşdu.
– Mən nə edə bilərəm, axı o…
– Danış, nə demək istəyirsən?! – Sabircan, Kamalın birdən susmasını anlamayaraq dedi.
– Danışa bilmirəm, mən Nəfasətə bu barədə heç kimə deməyəcəyimə söz vermişdim.
– Bir insan iki aydır itkin düşüb, sən isə hansısa vəddən danışırsan, ağlın başındadırmı?!
– Amma mən…
– Nə, sən?! Nəfasətin yoxa çıxmasında yeganə şübhələndiyimiz adamın sən olduğunu bilirsənmi? Bildiyin şeyi deməməyin şübhəmizi daha da artırır, bunu anlayırsanmı?
– Hər halda deməliyəm, – Kamal fikirləşərək dedi.
– Hə, bizim bilmədiyimiz bir şey varsa, deməlisən! – Sabircan onun qarşısında durub tələb etdi.
– Düzünü desəm, mən Nəfasəti dərsə çatmamış, bir dayanacaq əvvəl düşürdüm.
– Niyə?
– Özü belə istədi, mən dedim, oradan necə gedəcəksən, o da “bir yolunu taparam” dedi. Mən “elə isə özün bilərsən” deyib qayıtmaq istəyəndə, o mənim yanıma gəlib “Kamal əmi, xahiş edirəm, dərsə getmədiyimi, bir az əvvəl düşdüyümü heç kimə deməyin” dedi. Mən də “yaxşı, narahat olma, heç kimə demərəm” deyə söz verdim.
– Yaxşı, sözünə inandıq deyək, amma səncə, o niyə belə etdi?
– Maraqlısınız, mən onun nə düşündüyünü haradan bilim? – Kamal əsəbi halda cavab verdi.
– Amma heç bir sübut olmadan, sözünə necə inanaq?
– Bilmirəm, siz “gizlətmədən danış” dediniz, danışdım, bunu necə sübut edəcəyimi isə bilmirəm.
– Nəfasətnin əlindəki musiqi alətlərinin neçə manat olduğunu bilirdin?
– Hə, bir dəfə Salihə xanımdan soruşanda, qiymətini demişdi, çox baha idi.
– Sənin də belə musiqi alətlərin olmasını istəyərdinmi?
– Hə, amma niyə soruşursunuz? Mən Nəfasətnin çaldığı bütün melodiyaları sevərək dinləyirdim. Həmin gün ona, özüm daşıdığım, iri skripkaya bənzər musiqi alətini göstərib, “həmişə bu böyük skripkada çal, yaxşı, dedim.
– Niyə? – deyə o soruşdu.
– Dedim ki, böyük skripkanın səsi bütün məhəlləyə yayılır, hamı rahatca sənin çaldıqlarını eşidər.
O zaman Nəfasət gülümsədi və:
– Həcm baxımından ən böyük musiqi aləti olan kontrabas, səs baxımından ən zəifidir, – dedi.
– Əgər Nəfasət bizim qonşumuz olmasaydı, mən musiqini heç başa düşməzdim, bəlkə də ömrüm boyu dinləməzdim, kim bilir? – Kamal gözlərində yaş parıldayaraq bunu dedi.
– Aydındır…
– Bilirsinizmi, Nəfasət itkin düşən gündən bəri vicdan əzabı çəkirəm. Düzdür, ona deməyəcəyimə söz vermişdim, amma buna baxmayaraq Salihə xanıma baş verənləri desəydim, bəlkə də o, yoxa çıxmazdı?
Kamal çıxıb getdikdən sonra Sabircan da, Fərhad da susqun qaldı. Sükutu Fərhad pozdu:
– Bilirsinizmi, məncə Kamal hər şeyi əvvəldən planlaşdırıb. Hətta indiki dediklərini də bizi inandırmaq üçün əvvəlcədən fikirləşib.
– Yoxsa siz Kamalın o iki musiqi aləti üçün Nəfasəti öldürdüyünü düşünürsünüz? – Sabircan Fərhada baxaraq dedi.
– Salihə xanımın dediyinə görə, onlar çox kasıb yaşayırmış. Kamal yalnız özü üçün çalışırmış, atası xəstə olsa da…
– Amma o, Nəfasətnin çaldığı melodiyaları danışanda gözlərinin necə parladığına fikir verdinizmi?
– O rola girə bilərdi axı.
– Hər halda, mən təbiiliyi ilə saxtalığı ayırd edə bilərəm deyə düşünürəm.
– Elə isə de görüm, Nəfasət hara itib gedib?
– Bilmirəm.
– Bax, gördünüzmü, bircə nəfər şübhəli şəxsə də günahsız desək, bu iş dalana dirənəcək, – Fərhad bunu deyib çıxıb getdi.
Sabircan xəyala getdi. Onun başı qarışmışdı: Nəfasət əlindəki iki ağır musiqi aləti ilə hara itib yoxa çıxmış ola bilərdi?
Sabircan Salihə xanımı çağırıb ondan soruşdu:
– Salihə xala, bəlkə bizə deməyi unutduğunuz nələrsə varsa, deyin, bəlkə köməyi dəyər, – dedi.
– Hamısını demişəm, oğlum, artıq qızımın tapılacağına ümidsizəm, – deyib ağladı.
– Siz qızınızı incitmiş ola bilərsinizmi?
– Bunu neçə dəfə soruşmusunuz axı? Qızım mənim canım, ciyərim idi, ondan başqa heç kimim yox idi, niyə incidim ki? Mən onun mənə oxşayan bir həkim olmasını istəyirdim.
– Amma qızınız musiqi məktəbində oxuyurdu axı?
– Doğrudur, amma o deyirdi: “Ana, nə istəsən onu edərəm.” Mən onun musiqi ilə məşğul olmasına qarşı deyildim, sadəcə onun xoşbəxt olmasını istəyirdim, vəssalam… – Salihə xala ağır ah çəkərək dedi.
– Demək, yenə də qızınız musiqi sahəsini seçmişdi, eləmi?
– Xeyr, o mən dediyim sahəni seçmişdi.
– O, sizə öz arzularını demişdimi?
Salihə xala fikrə getdi və:
– Qızım həmişə “mən İohann Ştraus kimi vals musiqiləri yaratmaq istəyirəm” deyirdi, amma mən ona qız uşağının musiqi ilə məşğul olub xoşbəxt ola bilməyəcəyini yaxşıca başa salandan sonra, fikrini dəyişmişdi.
“Əziz qızım, səndən belə ayrılacağımı heç vaxt ağlıma gətirməmişdim!” – Salihə xala belə deyib yenidən ağlamağa başladı.
– Özünüzü ələ alın, xəbər verilməmiş uzaq qohumlarınız varsa, xatırlayın, bəlkə oralardan bir iz çıxar, – Sabircan ona təsəlli verərək dedi.
– Hər yerə xəbər vermişəm, heç yerdə yoxdur. Hətta mən sevmədiyim üçün əlaqəmizin kəsildiyi, uzaq bir vilayətdə yaşayan qohumumuzun evindən də axtarmışam. Amma o vicdansız bu iki ay ərzində bir dəfə də zəng edib halımı belə soruşmadı.
Nəfasətin şəkli televiziyada göstərilib, itkin düşdüyü elan edildikdən sonra da heç bir yerdən xəbər çıxmadı. Sabircan otağında nə edəcəyini bilməyib başı qarışmış halda oturarkən Fərhad içəri girdi. O, girən kimi radionun düyməsini çevirib dedi:
– Sabircan bəy, dünya klassik musiqilərindən ibarət konsert verilir.
Radioda Şopenin fortepiano üçün sonatası səslənirdi. Sabircan musiqiyə qulaq asarkən, itkin düşən musiqiçi qız – Nəfasəti düşünərək, ürəyi sıxıldı.
Başqa bir musiqi səslənməyə başladı. Sabircanla Fərhad sakitcə oturub musiqi dinləyirdilər, hərəsi öz düşüncələrinə dalmışdı.
Qapı açılıb, vilayət prokurorluğunda ümumi nəzarət şöbəsinin müdiri vəzifəsində çalışan Polad bəy içəri girdi.
– Musiqili antrakt imiş ha, – zarafatla dedi.
– Hə, – Sabircan təsdiqlədi.
Onun kefinin olmadığını hiss edib:
– Ştrausun şən valslarını eşidib də kefiniz yerinə gəlmir? – Polad gülərək xəbər aldı.
– Yanılmıramsa, bu çalınan musiqi Sebastian Baxın əsəridir, – Fərhad özünü musiqiçi kimi apararaq dedi.
– Təəssüf, yanılırsınız. Axı İohann Ştrausu Baxla qarışdırmaq olarmı?
– Məncə, siz səhv edirsiniz…
Sabircan musiqi sahəsini o qədər yaxşı bilmədiyi üçün onların mübahisəsinə qarışmayıb sakitcə otururdu.
– Musiqi bitmək üzrədir, bir az susun, indi hansı musiqinin çalındığını deyəcəklər, – Polad bəy sakitcə Fərhada dedi.
Radioda diktor qadının aydın və təmkinli səsi eşidildi:
– Siz İohann Ştrausun vals musiqilərini dinlədiniz.
– Əhsən, bunu necə ayırd edə bildiniz? – Sabircan soruşdu.
– Mənim üçün bu çətin deyil. Mən tez-tez xarici klassik musiqilərdən dörd bəstəkarın əsərlərini dinləməyi sevirəm. Onların arasında Ştraus da var. Buna görə də onların musiqilərini dərhal tanıyıram.
– Demək, siz özbək musiqilərini dinləmirsiniz? – mübahisədə uduzub susan Fərhad soruşdu.
– Mən xarici bəstəkarlardan dördünü dedim, bu isə o demək deyil ki, özbək bəstəkarlarının hamısına qulaq asıram, – Polad bəy gülümsəyərək dedi.
– Hə, yaxşı musiqi nə zaman, nə də məkan tanıyır, dinləsən, ruhun dincəlir, – Sabircan dedi.
– Ştrausun musiqi öyrənməsi çox maraqlı olub, bu haqda eşitmisiniz? – Polad bəy xəbər aldı.
– Xeyr.
– Yaxşı, növbəti dəfə danışaram, indi tələsirəm, – deyib yerindən qalxdı.
– Polad bəy, necə oxuyub, heç olmasa qısa danışın da, – Fərhadın hər zamankı kimi marağı üstün gəldi.
– Yaxşı, qulaq asın, – qapının dəstəyindən tutub getmək istəyən Polad bəy dayanaraq dedi. – Ştrausun atası özü musiqiçi olub, amma işləri yaxşı getmədiyindən oğlunun musiqidən uzaq olmasını istəyib. O dövrdə Avropada, eləcə də Vyanada zəngin ailələrdə uşaqlara musiqi dərsləri vermək dəbdə olub. Ştrausun anası zəngin ailədən çıxdığı üçün oğluna ərindən gizli musiqi dərsi aldırıb. Çünki oğlunun musiqidən bixəbər qalması ailənin nüfuzuna xələl gətirər deyə qorxub. Ştraus lazım olan dərsləri aldıqdan sonra bunu atasına bildiriblər. Atası isə bu xəbərdən çox narazı qalaraq, hətta arvadı ilə boşanmaq istədiyi deyilirdi, – deyə çıxıb getdi.
– İkinci dəfə də belə oldu… – Fərhad dedi. Onun açıq sarımtıl, yumru üzünə qızartı qonmuşdu.
– Nə, ikinci dəfə? – Sabircan anlamadan soruşdu.
– Əvvəl də bir məsələ üstündə mübahisə edəndə uduzmuşdum, bundan sonra onunla mübahisə etmərəm, – Fərhad dedi.
Həmişə özünü çoxbilmiş sayan, söhbət yoldaşına müxtəlif sahələrdən suallar verib, cavab ala bilməyəndə özü cavab verərək hamını heyrətləndirən, beş dili mükəmməl bildiyinə görə fəxr edən, bir az lovğa, amma qəlbində zərrə qədər pislik olmayan şagirdinin kiçik bir mübahisədə uduzub pərt olmuş halına acıyan Sabircan ona təsəlli verib:
– Üzülmə, Fərhad. Axı insan hər şeyi bilməz. Əsas odur ki, səndə hər zaman bir şeyi öyrənmək marağı var, bu isə çox gözəl bir xüsusiyyətdir. Amma bundan sonra yalnız öz fikrinə tam əminsənsə, mübahisə etməyi unutma. Poladcanın dünyagörüşü, biliyi genişdir, çox sahələrdən yaxşı başı çıxır, ona hər zaman heyran olmuşam, – dedi və fikrə getdi.
Sonra birdən ayağa qalxıb, Fərhada baxaraq:
– O indi Ştrausun musiqi təhsili haqqında nə dedi? – soruşdu.
Fərhad Sabircanın nə demək istədiyini anlamayaraq:
– Nəyi nəzərdə tutursunuz? – dedi.
– Onun atasından gizli musiqi öyrəndiyini dedi?
– Hə.
– Eh, niyə bunu əvvəldən düşünməmişəm?! – Sabircan telefondan zəng etməyə başladı.
– Salihə xala, deyin görüm, sizin xoşlamadığınız üçün əlaqəniz kəsilmiş o uzaq vilayətdəki qohumunuzun adı, familiyası necə idi?
– Cürəyev Salahəddin.
– Ünvanı necədir?
Salihə xala onun ünvanını Sabircana deyərkən:
– Nə olub, oğlum, ünvanını niyə soruşursan, yoxsa Nəfasətdən bir xəbər çıxıbmı, desənə?! – həyəcanlanaraq onu tələsdirdi.
– Yaxşı, sonra özüm sizə zəng edərəm, – Sabircan dəstəyi qoydu.
– Nə məsələdir, mənə də bir az aydın desəniz, – Fərhad maraqlandı.
– Gedirik, Fərhad. Salihə xalanın dediyi vilayətə getmək üçün xeyli yol qət etməliyik. Yolda hər şeyi ətraflı danışmağa vaxtımız olacaq.
– Əgər siz Nəfasətin orada olduğunu düşünürsünüzsə, daxili işlər şöbəsinə zəng edib, onlara nə etmək lazım olduğunu izah edə bilərsiniz axı.
– Bəs bu işi özüm yerinə yetirmək istəyirəmsə?
– Elə isə mən səyahətə hazıram! – Fərhad gülümsəyərək bildirdi.
Sabircanla Fərhad axtardıqları ünvana çatanda günəş dağların arxasında batmaq üzrə idi. Onların dayandıqları həyət dağlıq rayonda yerləşdiyi üçünmü, yoxsa başqa səbəbə görəmi – sanki nağıllarda təsvir olunan kimi, balaca, amma nədənsə sirli görünürdü. Hər tərəf batmaqda olan günəşin qızılı işığına bürünmüş, təbiət heyrətamiz bir mənzərə yaratmışdı. Onlar maşından düşüb bir az ətrafı seyr edərək dayandılar. Həyət tərəfdən gələn zərif musiqi səsi ətrafdakı bənzərsiz gözəlliyə, quşların cəh-cəhinə, sürüdən qayıdan quzuların mələməsinə qarışıb, onlara uyğun bir ahəng yaradaraq daha da xoş səslənirdi.
– Əgər hisslərim məni aldatmırsa, bu musiqini ifa edən itkin düşmüş qız Nəfasətdir! – Sabircan məmnunluqla gülümsəyərək dedi.
Onun qalın qara qaşları gözlərinə yaxın yerləşdiyi üçünmü, ya xasiyyətindən irəli gəlirmi – üzü həmişə ciddi görünərdi. Amma indi Sabircanın üzü işıqlanmış, əvvəlki ciddilikdən əsər-əlamət qalmamışdı. Onu belə vəziyyətdə çox nadir hallarda görmək olardı.
– Əgər yanılmıramsa, bu musiqi Antonio Vivaldiyə məxsusdur, – Fərhad işarə barmağını irəli uzadaraq, müəlliminin sevincinə qoşulub dedi.
– İkimiz də yanılmadığımıza əminəm! – Sabircan həyətə doğru addımlayaraq dedi.
– Salahəddin bəy, nə üçün axtarışda olan qızı evinizdə gizlətmisiniz? – Sabircan ev sahibinə müraciət etdi.
– Oğlum, Nəfasətin atası İskəndər yad deyil, əmimin oğludur. Mən nə edəydim, atası xaricdən zəng edib, anasına deməməyim üçün yalvardı, bu tərəfdə isə qızı ağlayıb, “əgər konservatoriyaya daxil olmasam, özümə bir iş edəcəyəm” deyə məni qorxudursa, siz deyin, necə xəbər verə bilərdim?! – kədərlə dedi o.
– Nə üçün belə etdin, Salihə xalanın hansı vəziyyətə düşdüyünü təsəvvür edə bilirsənmi? – Sabircan Nəfasətdən soruşdu.
– Başqa çarəm yox idi, atamın məsləhəti ilə bu yerdə, anamdan gizli konservatoriyaya hazırlaşmaq qərarına gəldim.
– Amma anan sənə yas tutmağa hazırlaşırdı, ona yazığın gəlmədi?
– Əgər belə etməsəydim, istedadımın yasını özüm tutmalı olardım, sizi narahat etdiyimə görə bağışlayın, – Nəfasət yerə baxaraq dedi.
– İndi nə etmək fikrindəsən? – Sabircan soruşdu.
– Sizdən bir xahişim var.
– Nədir?
– İmtahanlara cəmi üç gün qalıb, hamısını verənə qədər anamın xəbəri olmasa, mənə böyük kömək etmiş olarsınız, – Nəfasət xahişini bildirdi.
– Məncə, artıq gizlincə imtahan verməyə ehtiyac yoxdur, – Sabircan söylədi.
– Niyə, anam həkim olmamağıma razılaşacaqmı?
– Bilirsənmi, indi anan yalnız bir şeyi istəyir – səni sağ-salamat görmək.
– Buna əminsinizmi?
– Əlbəttə.
– Elə isə gedək, mən də anam üçün çox darıxmışam! – Nəfasət göz yaşlarını silərək dedi.
Maşında gedərkən Fərhad:
– Bir şey soruşsam olar? – dedi.
– Əlbəttə, – Sabircan bildirdi.
– Yox, sizdən yox, Nəfasətdən soruşmaq istəyirəm.
– Məndən?
– Hə, səndən. De görək, biz sənin yanına gələndə skripkada ifa etdiyin musiqi hansı bəstəkarın əsəri idi?
– Hə, o… Vivaldi…
– Şükür, düz tapmışam! – Fərhad uşaq kimi sevindiyini büruzə verdi.
Sabircan gülümsədi.
Özbək dilindən Azərbaycan dilinə çevirən:
Rəhmət BABACAN