
Qəribədir, doqquz əsr zaman müddətindən “tər-təmiz” keçib bu günümüzə “Pak Məhsəti” kimi gəlib çatan böyük şairə necə olur ki 2025- ci ilin sonunda “əxlaqsız şeirlər” müəllifi oldu? “Rübailəri ədəbsiz sözlərlə doludur. Dərsliklərdə bircə rübaisi var, o da əslində Ömər Xəyyamındır. Bir rübaisini Nigar Rəfibəyli, birini də Mir Mehdi Seyidzadə tərcümə edib”- ünvanına bu böhtanları qələmə alan savadsız hansı fakta əsaslanır?
Düzgün olmayan bir kəlmə üçün insanlar bir-birini məhkəmələrdə süründürdükləri halda cavab vermək, haqqını qorumaq
imkanı olmayan mərhuma belə böhtan atdığına görə “ağzına gələni danışan şəxs” qanunla necə cəzalanmalıdır?
Məndə Məhsəti Gəncəvinin1940- cı ildə çap olunmuş RÜBAİLƏR kitabı var. Həmid Araslının yazdığı yeddi səhifəlik Ön sözlə birlikdə 60 səhifədir. İlk səhifədə mütərcim Nigar Rəfibəyli, redaktor M. Rahim yazılıb. 85 ildir bizim ailənin kitab rəfində olan, indiyədək “durğunluq dövrü” adlanan dövrdə çox-çox abırlı insanların oxuyub bəyəndiyi, nöqsan tapmadığı bu kitabdakı rübailər necə olur indiki “abırsız geyimlərə, hərəkətlərə-cəsarət” deyilən zamanda əxlaqsız şeirlər adlandı?
Ola bilər ki, Məhsəti xanımın əlyazması bizə gəlib çatmadığı üçün yeni “tərcüməçilər” ortaya çıxa, özlərindən kefləri istəyən tək “yeni yanaşma” edib yeni xoşagəlməz variantlar, rübailər “düzəldib” Məhsəti xanımın adına “yamayalar.” Filmdəki tək 900 ildən sonra Məhsətinin “KLUBDA açıq-saçıq, əxlaqsız qadıntək” təsvir edildiyi kimi… Məhsəti xanımın əsrlər sonra yeni tərcümələrə ehtiyacı yoxdur, olanı bəs edib indiyədək. Nöqsanı doqquz yüz il yaradıcılığı ilə sevilib özünü təsdiq etmiş bir qadın şairədə yox, ona olan məqsədli yanaşmanızda axtarın. Əslində tək Məhsətinin yox, M.P. Vaqifin də qoşmalarında bir az açıq- saçıq sevgi təsvirlərinə rast gəlirik, ancaq normada, ədəb çərçivəsində. Vaqifdə nisbətən daha açıq təsvirlər var, demək olar. Eləsə Vaqif niyə tənqid olunmur?
Hamıya məlumdur ki, ədəbiyyat tariximizdə bir çox şairlərimiz, qəzəlxanlarımız həcv yazıblar. Hansısa mövzu ətrafında klassiklərimizin deyişmələrində gözəl nümunələrlə bərabər həcv də olub. Sovet dönəmindəki tanınmış şairlərimizin də bir çoxunun öz aralarında bir birinə ünvanlanmış zarafatla, kinayəylə yazılmış, deyilmiş elə satirik şeirləri var ki, onlar kitablarına salınmayıb. Ancaq el arasında gülməli lətifə kimi danışılan xatirələrdə hadisələrlə birlikdə məzəli bir şeir tək söylənir. Bu şeirləri onlara yaxın olmuş hər kəs və çoxları bilib və el arasında yayılıb hamı tərəfindən söylənilib və söylənilir.
Hələ şeirin başqa qolu olan meyxanaçıların kişi toylarından sonrakı deyişmələri… O deyişmələrdə də sonu hadisələrə, faciələrə səbəb olan qəliz ifadələr işlədilirdi…
BİR SÖZLƏ DEMƏK İSTƏDİYİM BUDUR Kİ, ƏGƏR ƏDƏBDƏN UZAQ İFADƏLİ ŞEİRİ VARSA, NƏDƏN ANCAQ MƏHSƏTİ GƏNCƏVİ TOPA TUTULUR???? ƏGƏR ŞEİRDƏ HƏCV OLUBSA VƏ VARSA, BÜTÜN DÖVRLƏRDƏ İŞLƏDİLİBSƏ, MƏHSƏTİ XANIM LAP YAZIBSA, ONA ÇATANDA NİYƏ BU ƏXLAQSIZLIQ OLUR? O QADINDIR, ONA GÖRƏ??? ƏGƏR VARSA DA, BU DƏRYADA DAMCI SAYILAR. DAMCI DA DƏRYANI MURDARLAMAZ, SİZ DƏ BÖYÜK ŞAİRƏMİZİN ADINI LƏKƏLƏMƏYİN BİR DAMCIYA GÖRƏ!!!
Məndə olan 1940-cı ildə Nigar Rəfibəylinin tərcüməsiylə olan rübailəri yenidən oxuyub misralarda “əxlaqsız” ifadələr axtarmağa çalışdım. Ən “açıq- saçıq” sayılanları qeyd edirəm. Əgər bunlar “əxlaqsızlıq” sayılırsa, onda gərək əsrlərlə şeir, qəzəl yazmış bütün şairlərin külliyyatları yenidən yoxlanılıb dəyərləndirilsin:
O gül dodaqların səpəndə şəkər
Can quşu qəfəsdə çırpınmaq istər;
Gəl günah işləyək bal dodağınla,
Kafərsən bu işdən saqınsan əgər.
Kişi ol, əgər ki, qadın deyilsən,
Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz də bir öpüş almazsan məndən?
Yarın barmağında üzük olaydım!
Onun əllərində kaş ki solaydım!
Ox atanda məni düzəldə idi,
O gül dodağından öpüş alaydım!
Bir dilənçi mənə əl açsa əgər,
Bağışlaram ona zər, ziba gövhər.
Gəncənin iki min xətib oğlunu
Bir yoxsul babaya könlüm bəxş edər.
Saçın halqasında qəlbim qan ağlar,
Sənin həsrətini çəkirəm, ey yar!
Sərxoşda şəraba, ölüdə cana,
Diridə necə ki suya həvəs var.
Ancaq “öpmək” sözü ilə “əxlaqsız” kimi damğalanmaq hansı şairin yaradıcılığında olub? Məhsəti rübailərində əxlaqdan uzaq heç nə YOXDUR! ONUN ƏLYAZMALARINI KİM OXUYUB? BƏLKƏ ONA AİD DEYİL. ANCAQ YENİ “YANLIŞ TƏRCÜMƏ” OLA BİLƏR. ÖZÜ DƏ 900 İL SONRA!!!
Məhsəti xanımın bir rübaisi ilə onun haqqına girənlərə cavab vermək istəyirəm. Bu rübainin 3-cü misrasını müəllifin yazdığı “sənə” kimi yox, yenidən “MƏNƏ” kimi oxuyun və sonuncu iki misranı mərhum şairənin ona haqsızlıq, hörmətsizlik edənlərə CAVABI hesab edin:
ÜRƏK XEYİR GÖRMƏZ HİCRİNDƏ HƏRGİZ,
QİYAMƏTİ GÖRSÜN GÖZLƏRİM SƏNSİZ!
SƏNƏ BÖHTAN DEYƏN MƏNİM ADIMDAN,
GÖRÜM BU DÜNYADA QOYMASIN BİR İZ!
Müəllif: Sədaqət (Paşayeva) Şahbazova