
Payız etüdləri
Ağaclar üşüyər payız axşamı,
Sazağın nəfəsi göydə oynaşar.
Bayırdan- bacadan yığılar hamı,
Gələndən -gedəndən aram danışar.
Külək elə dəyir daşa-divara,
Yer-yerdən ayrılır elə bil indi.
Kimi çağırasan haya-havara,
Təklik üşərtisi həmən bilindi.
Saplaqdan asılan tək qızılgülün,
Ləçəyi pörtübdü, gümana bənddi.
Bu güllər şahının, bu zərif gülün,
Taleyi boynutək amanabənddi.
Heyva ağacında bircə bar qalıb,
Onu da təngidib sazaq elə bil.
Deyərsən təklikdən rəngi saralıb,
Bitdiyi ağac da onunku deyil.
Sərçələr qalıbdır qonduğu yerdə,
Uçub da getməyə həvəs görünmür.
Payız sazağıyla hayda- həşirdə,
Çəkəsən sinənə nəfəs, görünmür.
11.12. 2025- ci il
Müəllif: Mahirə NAĞIQIZI