
YETMİŞ DOQQUZUNCU YAZI
SÖZÜN GÜZGÜSÜNDƏ CƏMİYYƏT
(Mikayıl Məxfinin təmsillərində mənəvi aşınma, saxta şöhrət və yer davası)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair, satira ustası Mikayıl Məxfinin təmsilləri və onun sifətinə güzgü tutduğu cəmiyyət nümayəndələri olacaq. Satira ustasının mənə məlum olan dörd kitabından elə üç nümunə seçmişəm ki, Mikayıl Məxfi güzgüsündə daha çox sifət görə bilək. Mikayıl Məxfi yaradıcılığına müraciət etməyimin çox ibrətamiz tarixçəsi var. Valeh Heydər yaradıcılığından bəhs edərkən artıq bu məsələylə toxunmuşam. Təssüf ki, bu gün bu yazımda ənənəvi “QISA ARAYIŞ” bölümunə şairin ad, soyad, ata adından və dörd kitabının adından başqa heç nə yaza bilmirəm.
QISA ARAYIŞ
Mikayıl Məxfi – Əliyev Mikayıl Hüseyn oğlu, Naxçıvanda anadan olub. Ötən əsrin 80-90-cı illərində çox məşhur olub. Mənə aşağıdakı dörd kitabı məlumdur:
– “Təmsillər”,
– “Belələri də var”,
– “Kim kimdir…”,
– “Mənəm sənsən”.
Bəzən belə fikirlərə rast gəlirəm ki, deyirlər hamı indi sözünü birbaşa dediyinə görə təmsil janrına ehtiyac yoxdur. Bu kökündən yalnış fikirdir. Təmsil iki fərd arasında olan söz güləşi deyil. Tam tərsi, görən, düşünən bir aydının (şairin, qələm adamının) ümumiləşdirilmiş şəkildə cəmiyyətə mesajıdır. Biz bunun gözəl ornəyini müasirimiz Valeh Heydərin yaradıcılığında aydın görürük. Eləcə də haqqında söhbət açacağım Mikayıl Məxfidən seçdiyim təmsillərin timisalında buna şahid olacağıq.
Ədəbiyyat tarixən təkcə gözəllik axtarışı olmayıb; o, həm də cəmiyyətin aynası, vicdanın səsi, yanlışların ifşası olub. Bu baxımdan təmsil janrı xüsusi çəkisi olan ədəbi formadır. Təmsil zahirən sadədir, amma dərin mənalar daşıyır; obrazlar çox vaxt heyvanlar, əşyalar, ya da tipik insan fiqurları olsa da, əsl hədəf insanın özüdür. Mikayıl Məxfinin təhlil üçün seçdiyim; “Görüş”, “Züyçü”, “Boş yer” təmsilləri də məhz bu missiyanı yerinə yetirir. Cəmiyyətin ağrılı nöqtələrinə toxunur, saxtakarlığı, lovğalığı, mənəvi aşınmanı göstərir və kəskin satira ilə tənqid edir.
“Görüş” təmsili ilk baxışda köhnə kitablarla “qonarar aşiqi”nin qarşılaşması kimi görünür. Amma bu görüş əslində vicdanla riyakarlığın, zəhmətlə qazanılmış dəyərlə fürsətçiliyin üz-üzə gəlməsidir. Anbarda toz basmış kitablar – zamanında ümidlə yazılmış, oxucu həsrəti çəkən sözlər – cəmiyyətin yaddaşdan sildiyi mənəvi sərvətləri simvolizə edir.
Qonarar aşiqi isə bir vaxtlar “ildə bir kitab yazıb” ad qazanmış, amma sözə deyil, qazanca bağlanmış tipdir. O, ədəbiyyata məhəbbət iddiasındadır, amma nəticədə kitabları “tullantı”ya çevirən sistemin bir parçasına dönür. Təmsilin finalında “indi bizimlə birgə verilərsən utilə” misrası sərt hökm kimidir: sözə xəyanət edən, ədəbiyyatı alver predmetinə çevirən adam gec-tez öz yaratdığı boşluğun qurbanı olur.
Bu təmsil müasir ədəbi mühit üçün də açıq mesajdır: kitabın dəyəri tirajda, qonorar məbləğində yox, onun daşıdığı həqiqətdədir.
“Züyçü” təmsili mədəniyyət mühitində saxta avtoritetlərin necə yaradıldığını parlaq şəkildə göstərir. Bir “naşı züy tutanı”nın böyüdülüb “maestro” elan olunması, orkestrin başına keçirilməsi təsadüfi deyil. Bu obraz savadsızlığın və səs-küyün sistemli şəkildə sənət adı ilə təqdim olunmasının simvoludur.
Züyçünün tarı, kamanı, sazı – yəni milli musiqinin köklü simli alətlərini – kabinetə çağırıb hədələməsi, onları kənarlaşdırmaq istəməsi xüsusilə simvolikdir. Burada yalnız bir adam yox, bütöv bir düşüncə tərzi tənqid olunur: kökü, ənənəni, zəhməti inkar edən, yalnız pulu düşünüb, qazanc və ucuz uğur dalınca qaçan düşüncə.
Mikayıl Məxfi bu təmsillə açıq deyir: sənət səsin gur olması ilə ölçülmür. Musiqidə olduğu kimi, həyatda da səs-küy çox vaxt boşluğun göstəricisidir.
“Boş yer” təmsili sosial münasibətlərdə tez-tez rast gəlinən bir mənzərəni ustalıqla canlandırır. Qonaqlığa çağırılmadan gələn Dəvə, başda Maralın yanında boş yer görüb ora iddia edir. Onun bu iddiası təkcə təkəbbür deyil, həm də yerini bilməmək, həddini aşmaq problemidir.
Maral – zərifliyin, ləyaqətin rəmzi, Fil – gücün və çəkisinin təcəssümü olduğu halda, Dəvənin onların yanında yer axtarması ironikdir. Cavab isə təmsilin əsas dərsidir: “Boş yer çoxdur, keç otur Eşşəklə bir sırada!” Bu misra cəmiyyətdə hər kəsin layiq olduğu mövqenin olduğunu, yersiz iddiaların isə gülünc vəziyyət yaratdığını açıq şəkildə bildirir.
Burada müəllif təkcə bir fərdi yox, status, vəzifə, kürsü davasına düşənləri hədəfə alır.
Təmsil – gülüş arxasındakı ciddi sözdür!
Mikayıl Məxfinin bu üç təmsili bir-birindən fərqli süjetlər üzərində qurulsa da, ortaq bir xətti var: dəyərin aşınması. Kitabın, sənətin, mövqenin, hörmətin dəyəri itəndə cəmiyyət səs-küyə, boş iddiaya və mənasız yarışlara sürüklənir.
Bu təmsillər oxucunu güldürməklə kifayətlənmir, düşündürür, silkələyir, xəbərdarlıq edir: sözə, sənətə, yerə hörmət itməsə, nə anbarlar tulantı yerinə çevrilər, nə züyçülər maestro olar, nə də dəvələr filin yerinə göz dikər.
Mikayıl Məxfi satiranın gücü ilə bizə bir həqiqəti xatırladır: cəmiyyət öz dəyərlərini tanımadıqca, qiymətləndirmədikcə, həyatın özü təmsillərə çevriləcək.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ümidvaram ki, növbəti yazılarımın birində Mikayıl Məxfi haqqında tam məlumat verə biləcəm.
14.12.2025. Ağdam.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.
MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI